“Ümidi çörək əvəzi yavanlıq edən xalqımızın kövrək inamını zədələməyək”: İQTİSADÇI çağırış etdi

“Artıq yeddi aydır ki, vətəndə olmasam da, Azərbaycanda baş verən ictimai-siyasi, iqtisadi hadisələri müntəzəm və diqqətlə izləyirəm. Son aylarda baş verənlər məni çox narahat etdiyindən Novruz bayramında, baharın gəlişi ərəfəsində belə bir müraciət etməyi qərara aldım. Müraciətin ünvanını göstrəməyə ehtiyac duymadım, çünki kimlərə müraciət etdiyim hər bir ictimai-siyasi fəal azərbaycanlıya məlumdur”.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

İqtisadçı qeyd edib ki, ictimai-syasi fəaliyyətlə məşğul olduğundan, həmçinin sadə və vətənini sevən bir vətəndaş kimi baş verənlərə müşahidəçi qalmaq istəməyib:

“Sivil dünyada intellektin və mədəniyyətin, sağlam düşüncə və əxlaqın rolunun artdığı bir zamanda Azərbaycanda, xüsusilə də ictimai-siyasi müzakirə və şərhlərdə söyüş çalarlarının çoxalması, təhqiredici yanaşmalar, nifrət və nifaq toxumunun səpilməsi, neqativ prosesləri körükləyənlərin sayının çox olması və bunun məqsədli, planlı şəkildə həyata keçirilməsi məni çox narahat edir. Bütün bunların son illər bilik, zəka, idrak mənbəyi olan elmdə və təhsildə durğunluğun hökm sürdüyü dövrdə baş verməsi və bu proseslərin ağlagəlməz şəkildə vüsət alması, gələcəyimiz üçün yaxşı heç nə vəd etmir.

Cəmiyyət etik çərçivələrdə müzakirə aparmaq vərdişini yadırğayır, bölünür, parçalanır və sosial qruplar arasında ziddiyyətlər daha da kəskinəşərək şiddətlənir. Yanlış anlaşılmasın, mən əsla siyasi mübarizənin aparılmasının, müxtəlif etiraz aksiyaların keçirilməsinin əleyhinə deyiləm. Əksinə, hesab edirəm ki, milli oyanış olmalı, xalqımız demokratik cəmiyyət, söz-ifadə azadlığı, torpaqlarımızın bütövlüyü üçün fədakarlıq etməli, mücadilə aparmalıdır. Bir şərtlə ki, bu proseslər və onlara münasibət elə olmalıdır ki, cəmiyyətdə parçalanmaya gətirib çıxarmasın, insanlar arasında nifrəti artırmasın, nifaq salmasın və bizi geriyə orta əsr təfəkkürünə və artıq sivil toplumların çoxdan imtina etdiyi oyun qaydalarına qaytarmasın”.

Qubad İbadoğlu həmvətənlilərinə səslənərək Novruzun birlik, həmrəylik, qardaşlıq və humanizm bayramı olduğunu qeyd edib:

“Ölkəmizdə əvvəlki təntənə ilə qeyd olunmasa belə, Novruz əsrlərin dərinliyindən bizim günlərə qədər gəlib çıxmış gözəl ənənələri özündə təcəssüm etdirir. Novruz bayramı ərəfəsində adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, köhnə əşyalar atılır, təbiətin oyanışı ilə baharın yeni nəfəsi canlanma, inam yaradır. Gəlin, Azərbaycanımızın sabahını düşünək, siyasi debatları sivil qaydada aparaq, xalqımızın demokratik gələcək uğrunda mübarizəsinə haram qatmayaq, ümidi çörək əvəzi yavanlıq edən xalqımızın kövrək inamını zədələməyək, səviyyəsiz deyişmələrlə onları iyrəndirməyək, cəmiyyətin maariflənməyə, xüsusilə də siyasi mariflənməyə daha çox ehtiyac duyduğu zamanda intellektə, zəkaya, birliyə və həmrəyliyə səslənən çağırışlar edək.

Düşünürəm ki, bunun ən düzgün yolu insan haqlarına və ifadə azadlığına hörmət etmək, onlara dəyər vermək, hakimiyyətin deyil, dövlətin maraqları ətrafında səfərbər olub birləşməkdir. Bunun üçün isə ilk növbədə, siyasi səbəblərdən məhbəslərdə saxlanılanlar şərtsiz azadlıq haqqına qovuşmalı, siyasi dialoq üçün sıx bağlanmış qapılar taybatay açılmalı, azad mətbuat və müstəqil vətəndaş cəmiyyəti, şəffaf və hesabatlı hökümət formalaşmalıdır”.