Mədət Quliyev bu gün DTX binasından belə çıxdı – FOTOLAR

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 ili tamam olur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, peşə bayramı ərəfəsində DTX nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.
Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.
DTX-nin inzibati binasının önündən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb. Yürüşə qatılan velosipedçilər 12 kilometr məsafə qət ediblər.
DTX-nin nəzdindəki Velosiped İdman Klubu Xidmətin əməkdaşlarının təşəbbüsü və bu idman növünə olan kütləvi maraq nəzərə alınaraq 2017-ci il dekabrın 24-də Dövlət Təhlükəsizliyi Xidməti rəisinin əmri ilə təsis edilib.