Şuşanın azad edilməsinin yolu budur – Unikal təklif

Böyük güclər və region dövlətlərlə düzgün siyasət məsələsində ənənəvi yanaşmalarımızı dəyişdirməliyik.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Deputat hesab edir ki, Qarabağ məsələsi ilə bağlı zaman-zaman Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrində irəli sürülən baxışları yetkinləşdirmək, vahid milli sənəd halına gətirmək, cəmiyyətin səfərbərliyini təmin etmək, ordu, millət və dövlət modelində bu problemin həllinə nail olmaq hamılıqla ən önəmli vəzifəmizdir:

“Şübhəsiz ki, xaricdən olan dəstəyimizi də oraya əlavə etməliyik, müttəfiq dövlətlərin də rolu burada önəmlidir. Ancaq hər kəs başa düşməlidir ki, burada yalnız bir qüvvə, partiya, hərəkat və ya təşkilat çərçivəsində hərəkət etmək mümkün olmayacaq. Faktiki nə qədər ağır olsa da, qəbul etməliyik ki, biz Qarabağı bir xalq olaraq itirmişik, bir partiya, təşkilat olaraq deyil. Ancaq nəticə millətin ağrısı kimi qalıb. Kimsə deyə bilər ki, yox, bunu bütövlükdə insanların günahı yerinə yazmayaq. Amma bu, nəyi dəyişəcək. Yəni burada məsələ kimisə günahkar çıxarıb, cəzalandırmaq deyil. Bu məsələyə baxışda müxtəlif elm adamlarından, ictimai xadimlərdən, həmçinin sadə, öz təsərrüfat həyatını yaşayan insanlardan müxtəlif çağırışlar eşidirik. Mənə görə, Qarabağ məsələsinə Şuşadan, Xankəndindən daxil olmaq istəmək bizi uzun illər bu işğalla sanki hesablaşmağa, yaxud da az qala onunla barışmağa vadar edə bilər. Bu ağır daşı yerdən məhz onun mərkəzi nöqtəsinə görə qaldırmaq çox çətin olacaq. Bəs alternativlər nədən ibarətdir?”

Millət vəkili qeyd edib ki, burada bir neçə yanaşma təklif etmək olar:

“Birincisi, biz Qarabağ məsələsini üçüncü, dördüncü yerə keçiririk və bu halda ölkənin digər mühüm məsələlərini həll edirik, münaqişəyə görə bizi xarici dayaqlar axtarmağa vadar edən, özünün xidmətini, mövqeyini təklif edən, bu məsələdən istifadə edib bizi sümürməyə çalışanlara da meydan vermirik. Bu halda cəmiyyət elm, səhiyyə, təhsil və s. baxımdan güclənəcək, Qarabağ məsələsi isə zamanı gələndə həll olunacaq. II Dünya müharibəsi nəticəsində 135 min kvadrat kilometr ərazisini itirmiş, babalarımıza onu təslim etmiş Almaniya modelindəki kimi. Onlar faktiki olaraq əllərində silah girib Berlini tutmadılar ki?! SSRİ dağıldı və olanlar da bunun fonunda baş verdi. Ancaq Ermənistan öz-özünə dağılacaqmı? Bu, təbii ki, nə qədər arzu olunsa da, real deyil”.

Z.Orucun sözlərinə görə, ikinci yanaşma bu daşın real mərkəzi nöqtəsindən deyil, onun ziyanlarından yanaşaraq həll edilməsidir:

“Bu o deməkdir ki, Azərbaycannın imkanları ixtiyarı çatan yerdən – Cəbrayıl, Ağdam cəbhəsi və yaxud da Ağdərə istiqamətindən ermənilərə zərbələr vurmağa yönəlməlidir. Müharibənin bu taktikası imkan verəcək ki, Şuşada ermənilərin yaşayışına zərbə vurduğumuzu kimsə bilməsin. Cəbrayılda nə adla deyəcəklər ki, buradayıq? Yəni Azərbaycan təbii ki, bu ətraf yeddi rayona fokuslanmalıdır. Ermənilərin ürəyi, canı oradadır. Bizə isə hər zaman elə gəlir ki, yox, məhz Şuşada, Xankəndində – mərkəzdədir. Mənə görə isə elə deyil. Ermənilər öz ərazisindən iki dəfə artıq bufer zona adı ilə o təhlükəsizlik qurşağını ələ götürüblər. Bax, biz o təhlükəsizlik balonunu onların əlindən alsaq, Şuşa və Xankəndi təslim olacaq”.

Millət vəkili bildirib ki, üçüncü yanaşma bu addımları atarkən xarici aləmin reaksiyalarının nədən ibarət olacağının öncədən hesablanması ilə bağlıdır:

“Ən mühüm məsələlələrdən biri və birincisi də budur. Belə yanaşmalar var ki, Qarabağa çatmaq, o ərazini ələ götürmək halında Azərbaycan öz suverenliyini itirə bilər. O mənada ki, bu, avtomatik bölgədə yalnız Rusiyanın xeyir-duası altında baş verə bilər. Belə bir halda bizə dediyimiz bu bütövlük lazımdırmı? Yəqin ki, Azərbaycan insanı buna getmək və hissəni azad əldə etmək üçün daha böyük ərazilərini, müstəqilliyini, hüququnu itirmək istəməyəcək. Ona görə də böyük güclər və region dövlətləri ilə münasibətlərin fərqli müstəvidə qurulmasına ehtiyac yarana bilər. Ümumiyyətlə, Qarabağ məsələsinin həlli üçün hər zaman ümumxalq müzakirələrinə ehtiyac var. Qoy, cəmiyyət özünün ən yaxşı ideyalarını versin, əmənim ki, bu, millətin xeyrinə işləyəcək. Bu, millətin gücünü özünə qaytarmaq və onun vasitəsilə ermənilərin üzərinə getmək imkanı verəcək”.