2018 Hərəkatının rəhbəri Xəyal Rza Türkiyədə çoxsaylı görüşlər keçirib – FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə yaranan və bugünlərdə elan edilən 2018 Hərəkatının rəhbəri Xəyal Rza Türkiyəyə səfər edib.

Səfər çərçivəsində İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) tərəfindən təşkil edilmiş, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstək verdiyi II Milli Birlik Simpoziumuna qatılan Xəyal Rza bir çox rəsmi şəxslərlə, o cümlədən Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu və Türkiyə Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yaymanla görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığından, hər iki ölkənin rəhbərlərinin dostluq münasibətlərindən, xalqlarımızın bu münasibətlərdən qürur duymasından söz açılıb. Görüşdə Yalçın Topçu millət vəkili Sona Əliyevanı və Xəyal Rzanı Cümhuriyyət Külliyyəsinə (Prezident Aparatı) dəvət edib.

Səfərin ertəsi günü Cümhuriyyət Külliyyəsində Yalçın Topçuyla görüşdə Xəyal Rza 2018-ci ilin Azərbaycan dövləti və xalqı üçün önəmindən söz açıb. 2018-ci ilin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Cümhuriyyət İli elan edilməsi, bu il həm də Bakının Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən qurtuluşunun və 31 mart azərbaycanlıların soyqırımının 100-cü ildönümü olması vurğulanıb. 11 aprel Prezident Seçkilərindən və Azərbaycan xalqının bu seçkilərdə birmənalı olaraq cənab İlham Əliyevin namizədliyini dəstəkləməsindən də söz edilib. Yalçın Topçu Azərbaycan və Türkiyə qardaşlığının dünyada ikinci bir nümunəsinin olmadığını dilə gətirərək bu qardaşlığın əbədi olacağını qeyd edib.

Türkiyə Böyük Millət Məclisində də millət vəkili Sona Əliyeva və 2018 Hərəkatının rəhbəri Xəyal Rza bir çox görüşlər keçiriblər. İqtidar partiyasından olan millət vəkilləri Cemil Yaman, Necdet Ünüvar, Radiye Sezer Katırcıoğlu, Sema Kırcı və Sami Çakırla keçirilən görüşlərdə mövzu Qarabağ, Türkiyənin Afrin əməliyyatlarındakı uğurlardan, Azərbaycan – Tükiyə qardaşlığından söz edilib.

Növbəti gün Xəyal Rza İLESAM başqanı Mehmet Nuri Parmaksızla Türkiyənin Radio və Televiziya Üst Kurulu (RTÜK) və Türk Tarix Qurumunun başqanı vəzifələrində çalışmış professor İbrahim Agah Çubukçunu ziyarət ediblər. İbrahim Agah 90-cı illər Azərbaycana səfərindən söz açıb, xatirələrini dilə gətirib. Xəyal Rza ondan çox şeir kitabının müəllifi olan İbrahim Çubukçunu 90 illik yubileyi münasibətilə təbrik edib.

Milliyyətçi Hərəkat Partiyasının Məkəzi Qərargahında olan Xəyal Rza MHP gənəl başqanı Dövlət Baxçalı və yardımçısı professor Semih Edip Yalçınla görüşüb. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, bu münasibətlə yaradılan 2018 Hərəkatının həyata keçirəcəyi layihələrdən və Türkiyə-Azərbaycan qardaşlığından söz açılıb.

Daha sonra Xəyal Rza Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

Qeyd ediək ki, 2018 Hərəkatının 100 qurucu üzvü var. Onların arasında Azərbaycanın və Türk Dünyasının müxtəlif yerlərindən olan önəmli şəxslər, millət vəkilləri, ictimai xadimlər var. Təşəbbüs Qrupunun üzvləri sırasına Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu da qoşulub.