Son 4 ilin “rekordu”: Qiymətdən düşən və qiymətə minən məhsullar: Ət ilk sırada – SİYAHI

Statistik məlumatlara görə 2015, 2016, 2017, 2018-ci illər üzrə bəzi ərzaq məhsullarının qiymət cədvəli tərtib edilib. Bu statistikaya görə, bir sıra məhsulların qiymətində artım, digərlərində ucuzlaşma, bəzilərində isə stabilliyin qeyd olunduğu məlum olub. Bahalaşmanın müşahidə olunduğu məhsullar arasında ət məhsullarının ilk yerdə olduğu məlum olub. 2015-ci ildə 7.12 Azn olan sümüklü mal əti, 2016-cı ildə bir qədər artaraq 7.28-ə olubsa, 2017-cı ildə xeyli artaraq 9.47, 2018-ci ildə isə 10.13-ə çatıb. Sümüksüz mal əti isə 2015-də 9.59 olub. 2016-da 9.91, 2017-ci ildə 11.62, 2018-ci ilin fevralı üzrə isə 12.34 -ə çatıb. Toyuq ətində də bahalaşma müşahidə olunsa da, dana əti ilə müqayisədə bu bir qədər az olub. Toyuq əti müvafiq olaraq 3.14, 3.40, 3.92, və 4.26-ya olub. 

Kərə yağının artımı da ciddi hiss olunur. 2015-ci ildə 7 manata olan yağ tədricən artaraq 2018-ci ildə “at beli”-nə qalxıb – 16.20. Günəbaxan yağının qiymətində fərq isə kərə yağı ilə müqayisədə xeyli az olub. 2.22-2.84. Qarğıdalı yağının qiymətinin də xeyli artdığı müşahidə olunub: 2.73 – 4.22.

Uzun düyünün qiymətində xeyli artım müşahidə olunub.  2015-ci ildə 1.79-a olan uzun düyü 2018-ci ilə qədər 2 manatdan artıq artaraq 3.82-ə çatıb. Yumru düyüdəki qiymət fərqi isə nisbətən az olub. Müvafiq olaraq: 1.43, 1.77, 2.25 və 1.98. 

Makaron, spagettinin qiymətinin təqribən 30 qəpik artdığını demək olar. 2015-ci illə müqayisədə süd məhsulları təqribən 50 qəpik, şəkər, şəkər tozu 40, buğda unu  20-25  qəpik, əla növ buğda çörəyi 20 qəpik artıb.

Tərəvəzlərə gəlincə, 2015-ci ildə 0.67-yə olan şirin bibər 2016 və 2017-ci illərdə bahalaşsa da, bu il yenidən əvvəlki qiymətinə olub.

Kartof, yerkökü, kələmin 10, soğanın isə 20 qəpik ucuzlaşması müşahidə olunur. Göyərtinin qiymətində cuzi fərq olub. 

Xüsusilə Novruz bayramı ərəfəsində tələbatın artdığı şabalıdın qiymətində də xeyli fərq var. 2015-də – 6.24, 2018-də isə 8.65. Qoz 1 manat artıb, fındıq isə demək olar ki, stabil qalıb.

/Cebhe.info/