Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət-din münasibətləri

Azərbaycan dövlətçiliyi tarixinə ilk respublika kimi düşmüş Azərbaycan Xalq Cumhuriyyəti qısa müddətli fəaliyyəti (28.05.1918- 27.04.1920-ci illər) dövründə Milli İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini elan etmiş və onun dünyanın aparıcı dövlətləri tərəfindən tanınmasına  nail olmuşdur. Bununla da xalqın milli mənlik şüurunu özünə qaytarmış,  Şərqdə, Türk dünyası və İslam aləmində ilk demokratik, dünyəvi, parlamentli dövlət qurmaqla, zəngin mədəniyyətə və ulu tarixi keçmişə sahib sivil millət olduğunu bütün dünyaya tanıtmışdır. Ulu Öndərimiz Heydər Əliyev 30 yanvar 1998-ci il tarixində   “Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında”  imzaladığı Sərancamda göstərmişdir: “Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır…”

Çar Rusiyasının işğalı və müstəmləkə rejiminə qədər Azərbaycanda kiçik feodal dövlətləri olan xanlıqların hər birinin özünəməxsus idarəçilik  sistemi vardı. İdarəçilik sistemi xanın əlində idi. Mülki və idarə işləri şəriət və adət-ənənə üzərində tənzimlənirdi. Məhkəmənin icra etmə işləri şəriət üzərində qurulan məhkəmələrə aid idi. Qazilərin təyini xanlar tərəfindən edilirdi. Dini və idarə vəzifələri xanın əlində idi. Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra dini təşkilatlar çar rejiminə uyğun olaraq müəyyənləşdirilmişdir. Şiə təriqətinə mənsub olan müsəlmanlar üçün “Şeyxulislam” və sünni təriqətinə mənsub olan müsəlmanlar üçün isə “Müftülük” adı ilə dini idarə qurulmuşdur. Bu dini qurumların vəzifəsi ancaq dini ayinlərin icrası işlərinə həsr edilmişdi. Heç bir idarəçilik səlahiyyətləri yox idi. Bu səbəblə də Azərbaycanda dini qurumların xalq üzərində idarəçilik üzrə zorakılığı yox idi. Ancaq mənəvi təsiri  böyük rol oynayırdı.      

XIX əsrdə Azərbaycanda dirçəliş hərəkatləri sürətli bir şəkildə irəliləməyə başladı. Avropadakı milliyyətçi hərəkatlər Azərbaycanda  da öz  təsirini göstərdi. Bunun əsas səbəbləri Rusiya və Avropada təhsil almış şəxslərin cəmiyyəti maarifləndirməsi ilə əlaqədar idi. Bu dövrlərdə Azərbaycanda Pantürkizm, Panislamizm və Lebarallıq kimi düşüncə cərəyanları inkişaf edirdi.  

İntibah dövründə  əsası Əli Bəy Hüseynzadə tərtəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq ideyaları ümumi olaraq qəbul edilmiş bir tezis oldu. Azərbaycanda bu üç kəlmə sonradan hürr olaraq Azərbaycan Xalq Cumhuriyyətinin üç rəngli bayrağında təsdiqləndi.  Bu intibah və ideya axınlarının düzgün nəticəsidir ki, həm Şərqdə, həm də Türk-İslam dünyasında ilk olaraq Azərbaycanda  Cumhuriyyət elan olunmuşdur. Əli Bəy Hüseynzadənin dediyi kimi: “ Bu üç əsas prinsip daxilində dövlət-din düşüncəsindən uzaqlaşmadan müasirliyi təmsil edən bir şüardır.”  Əli Bəy Hüseynzadə bunu belə açıqlayır: “ Bizim fikirlərimiz   Türkçülük bir şüarı rəhbər tutacaq və İslama hörməti əsas alacaq, hətta müasir Avropa mədəniyyətindən də faydalanacaq.”  Ə.B.Hüseynzadənin təklif etdiyi bu model Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasında da özünü açıq şəkildə göstərdi.

28 May 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyətinin idarəçilik sistemində Azərbaycan  Milli Parlamentinin dərc etdiyi altı maddəlik elanının 2-ci,4-cü və 6-çı maddələriində Azərbaycanda dövlətin  necə idarə ediləcəyi açıq şəkildə göstərilmişdir:

  1. “Müstəqil Azərbaycan dövlətinin hökumət şəkli Demokratik Cumhuriyyətdir,
  2. Azərbaycan Xalq Cumhuriyyəti, etnik, kök, din, məzhəb, sinif, məslək və ya cinsiyyət fərqi gözətmədən hüdudları içində, bütün vətandaşların bütün sivil və siyasal hüquqlarını əmniyyət altına alır,
  3. Azərbaycan Xalq Cumhuriyyəti, torpaqlarında yaşayan bütün millətlərin azad inkişaf etməsini dəstəkləyir.”

Bəzi tədqiqatçılar, Türk mənşəli bütün dövlətlərin ümumi olaraq dini təməl üzərində qurulduğu halda, Azərbaycan Cumhuriyyətinin dünyəvi təməl üzərində qurulan ilk Türk dövləti olduğunu söyləməkdədirlər. Bununla  bərabər,  Azərbaycanda qəbul edilən üç rəngli bayraqda, həm də himndəki “üç rəngli bayrağınla məsud yaşa”  kimi söylənməsi Cumhuriyyətin dünyəvilikdən başqa müasirləşməyi önə çıxaran bir dövlət olduğunu düşünməyə əsas verir.

Azərbaycan Xalq  Cumhuriyyəti zamanına qədər müsəlman ruhani idarəsi Çar Rusiyası Şimali Azərbaycanı işğal etdikdən sonra, Cənubi Qafqaz şiələrinə başçılıq etmək üçün şeyxulislamlıq (1823), sünnilərə rəhbərlik etmək üçün isə müftü (1832) vəzifələri təsis edilmişdi. Cənubi Qafqazda şiə və sünni məzhəbləri üzrə müvafiq ruhani idarələri yalnız 1872-ci il aprelin 5-də Tiflisdə yaradılmışdır.

Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqdan sonra dini işlərin həllində şeyxulislam və müftinin roluna diqqət artırıldı. AXC hökumətinin 1918-ci il 18 iyun tarixli  qərarı ilə İslam dininə aid məsələlərin Nazirlər Şurasında müzakirəsi zamanı şeyxulislama və müftiyə həlledici səs hüququ verildi. Fətəli Xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı. 1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Cənubi Qafqaz müsəlman ruhani idarələri Tiflisdən Gəncəyə köçürüldü. 1918-ci il Sentyabrın 1-i tarixli qərarı ilə şiə və sünni  ruhani idarələri birləşdirildi. Yeni yaradılan ruhani idarəsi, Osmanlı dövlətində olduğu kimi “Məşyəxət-i İslamiyyə” adlandırıldı. Xalq maarifi və Dini Etiqad Nazirliyinə təqdim edilmiş ştat cədvəlinə görə, idarə 2 sədr, 4 idarə üzvü, katib, 2 kargüzar, ümumiyyətlə 15 nəfərdən ibarət olmali idi. “Məşyəxət-i İslamiyyə” idarəsi Bakıya köçürüldükdən sonra onun strukturunun dəqiqləşdirilməsi sahəsində işlər davam etdirildi. İdarəyə şeyxulislamın və müftinin həmsədrlik etməsi qərara alındı.  Hökumətin 1920-ci il Mart sərancamına əsasən həmsədrlər nazir köməkçisi ilə eyni status adını aldı. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “Məşyəxət-i İslamiyyə” idarəsi ləğv edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin xalqımızın taleyindəki misilsiz roluna yüksək qiymət verərək demişdir:  “AzərbaycanXalq Cumhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da,onun süurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçekləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”. 

Azərbaycan Xalq Cumhuriyyəti hökuməti və Patlamenti o dövrün son dərəcə mürəkkəb ictimai-siyasi durumuna və iqtisadi çətinliklərinə baxmayaraq milli mədəniyyətin inkişafını təmin etmək üçün sözün həqiqi və geniş  mənasinda yalnız ediləbiləcəkləri deyil, hətta o zaman üçün mümkünsüz sayılan bir çox ümummilli problemlərin həlli üçün real addımlar atmışdır. Bu tarixi gerçəkliyi yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyev Cumhuriyyətin xalqımızın taleyində oynadığı mənəvi,siyasi, əxlaqi rolun doğru, düzgün siyasi qiymətini verərək demişdir: 

 “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz bayramlardan biri- Respublika günü kimi təntənə ilə qeyd edir. Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cumhuriyyəti   cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik süurunu özünə qaytarmış, onun öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir.

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır…”.

Müşviq Əsgərov

Göyçay şəhər “Mərkəz” Məscidi Dini icmanın Sədri

Dinşünas, İslam Tarixi üzrə mütəxəssis

Məqalə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.