Ca. İyl 18th, 2019

Milli mənəvi dəyərlər və gənclik

Bu ərəfələr elə tarixlər, zamanları yaşayırıq ki, milli bir məfkurə, milli – mənəvi dəyərlərimiz uğrunda bir olmağın, bir yumruq kimi bu dəyərlər ətrafında birləşməyin nə qədər zəruri əhəmiyyət daşıdığı bizə bir daha əyan olur. Belə ki, bu yaxınlarda biz Azərbaycan xalqının qan yaddaşı olan, xalqımıza qarşı erməni vandallarının törətdikləri 31 mart soyqırımılarının 100-cü ildönümünü,  həmçinin bu gün Kəlbəcər rayonunun erməni quldurları tərəfindən işğal edilməsinin 25-ci ildönümünü  yaşadıq. O cümlədən, bu il şərqin ilk demokrartik cümhuriyyəti olan, hazırda müstəqil Azərbaycan dövlətinin onun zəngin milli dövlətçilik irs və ideyalarından qidalandığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley ilidir. Bu yaxınlarda baş tutacaq Azərbaycan Respublikasının prezidenti seçkiləri də ölkəmiz və xalqımız üçün taleyüklü bir məsələ olmaqla bizi bir daha həmrəy olmağa, ənənəvi dəyərlərimizə sahib çıxmağa və qorumağa, öz vətəndaş, gənc siyasi Vətənpərvər mövqemizi ortaya qoymağa səsləyir.

Belə hadisələr bizə keçmişə yenidən baxmaq, şərəf və qanla yazılmış tariximizdən ibrətlər götürmək, şanlı dövlətçilik ənənələrimizdən, xalqımızın 100 illiklərlə uğradığı müxtəlif soyqırımı, repressiyalardan əbədi davam edəcək, milli – ideoloji cəhətdən Vətəninə, millətinə bağlı bir soyyapımı üçün əlavə güc verir.

Danışılan mövzu haqda digər önəmli nöqtə isə xalqımızın ana milli dəyəri olan Azərbaycançılıq məfkurəsi və ruhumuzun mənəvi qidası olan İslam dünyagörüşümüz, yəni  dini – mənəvi və milli kimliklərimizdir. Qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə çoxminli gənclər ordusunun əsas istinadgahı məhz azərbaycançılıq məfkurəsidir! Bu biz gənclərin müasir dövrdəki ən böyük milli – mənəvi dəyərimizdir. Azərbaycançılıq nədir?! – Azərbaycançılıq dünyanın qlobal inkişaf meylləri, elmi-texniki, fikri, sosial-iqtisadi və siyasi inkişafında iştirak etmək, onlardan bəhrələnməklə yanaşı eyni zamanda öz milli kimliyimizi qorumaq, hər addımda bu milli ideologiya ilə hərəkət etmək, eyni zamanda dünyada sülh yayıcısı olmaq və dünya mühitinə, elmi-sosial-iqtisadi-siyasi mühitlərə öz müsbət töhvələrimizi verməkdir. Bu gün biz gənclər buna tam hazır və qadirik. Burada bizlərə dayaq olan Azərbaycan dövləti və onun başçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rolunu xüsusilə qeyd etmək lazımdır. Hər birimizin bildiyi kimi, 2018-ci il Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmuşdur. Elə təkcə bu Azərbaycan dövlətinin xalqımızın zəngin tarixi – mədəni və siyasi irsinə həssaslıqla sahib çıxması və onu  hifz etməsinin bariz göstəricisidir.

Yuxarıda deyildiyi kimi, milli – mənəvi dəyərlərimiz arasında İslam dəyərləri çox əhəmiyyətli rol oynayır. Belə ki, uzaqgörən xalqımız ülvi amallar, qurtuluş və nicat gəmisi olan İslam fidanının doğduğu ilk vaxtlardan etibarən ona xüsusi diqqət və maraqla yanaşmış, İslam təfəkkürü və dəyərlərini tamlıqla mənimsəmişdir. Zaman – zaman insanlar dini azadlıqlarından məhrum olunsa da, hazırda müstəqillik şərairində dövlətimizin yaratdığı demokratik abu – hava bizə öz dini baxışlarımızda sərbəstlik vermişdir. Dövlətimiz nəinki İslam dininə müsbət zəmin yaratmışdır, həmçinin onu qoruyur və daha da inkişaf  etməsinə, pak, vəhdət rəmzi olan dəyərlərinin geniş təbliğinə də rəvac verir. 2017-ci ilin ölkəmizdə İslam Həmrəyliyi ili elan olunması,  IV Bakı İslam Həmrəylik Oyunları, ölkədə tikilib istifadəyə verilən, təmir olunan onlarla ibadət yerləri, milli – dini abidələr də buna parlaq misallardır.

 Azərbaycan dünyəvi sivil bir dövlət olaraq eyni zamanda digər ənənəvi dinlərə də xoş münasibət göstərir, bütün dünyaya misal ola biləcək və kökü xalqımızın minilliklərdən gələn genetikasından, türk mənliyindən boylanan multikulturalizm siyasəti yürüdür.

O cümlədən qeyd etmək lazımdır ki, ölkədə gənclərin sağlam ruhda dini təlim – tərbiyəsi işinə də xüsusi diqqət yetirilir: orta məktəb dərsliklərində milli və islami dəyərlər kiçik yaşlarından şagirdlərə aşılanır, ölkəmizdə Bakı İslam Universiteti və o cümlədən də 11 İslam kolleci, bu yaxınlarda yaradılan İlahiyyat İnstitutunun fəaliyyəti nəticəsində də İslami və Azərbaycan dövlətçiliyi ənənələrinə sadiq olan sağlam gənclik tərbiyə olunur ki, bu da öz növbəsində bəzi ekstremist cərəyan və təsirlərə qarşı ən güclü milli – mənəvi və ideoloji dayaqdır!

ADPU TGT Elm və Təhsil Departamentinin direktoru

Taleh Mirzəyev