Qənirə Paşayeva milli qəhrəman Samid İmanovun anım tədbirində çıxış etdi – VİDEO

Millət vəkili Q.Paşayeva Milli Qəhrəmanımız Samid İmanovun anım tədbirində gəncləri bu cür qəhrəmanlarımızdan örnək almağa çağırıb. 
Neftçalada Həsənabad kəndində Aprel döyüşləri, Aprel zəfərinin qəhrəman şəhidlərindən, Milli Qəhrəmanımız Samid İmanovun anım tədbiri keçirilib. Neftçala rayon icra hakimiyyəti başçısı İ.Vəliyev, yerli bələdiyyə nümayəndələri, rayon ziyalıları, Milli Qəhrəman Samid İmanovun təhsil aldığı məktəbin və rayonun digər məktəblərinin nümayəndələrinin və məktəblilərinin, qazilərin, Milli Qəhrəman Samid İmanovun döyüş yoldaşlarının iştirak etdiyi anım tədbirində çıxışı zamanı millət vəkili Q.Paşayeva Aprel zəfərini xalqımıza yaşadan qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə olmasından ətraflı danışıb və belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik deyib. Millət vəkili qəhrəman şəhidimiz, Milli Qəhrəmanımız Samid İmanovun vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb. 

Ali Baş Komandanın Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib. Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyib. Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva şəhidimizin ata-anasına müraciətlə hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri Samid İmanov kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib. 

Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıblar. Tədbirdə iştirak edən bir sıra QHT rəhbərləri, qazilərimiz, qəhrəman şəhidimizin təhsil aldığı məktəbin nümayəndələri, müəllimləri də çıxış edərək Milli Qəhrəmanımız Samid İmanovun qəhrəmanlıqlarından söz açıblar. Məktəbin şagirdləri vətənpərvərlik ruhunda çıxışlar edib, şeirləri söyləyib, mahnıları oxuyublar. Sonra tədbir iştirakçıları Milli Qəhrəmanımız Samid İmanovun məzarını ziyarət ediblər, ruhuna dualar oxuyublar. Millət vəkili Q.Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bagirova, “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı Milli Qəhrəmanımız Samid İmanovun ailəsini də ziyarət ediblər, onlarla geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar , şəhid ailələri başımızın tacıdır, sizin kimi ata-anaların qarşısında baş əyirik, dövlətimiz, millətimiz və hər bir azərbaycanlı hər zaman yanınızdadır deyiblər.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz. 

 

94 Baxılıb