“7 ildir ki, qədim Basqalin antik abidələrinin bərpası barədə çox sayda məktublar yazdıq və cavablar aldıq. Hamısı nəticəsiz və boş sözlər, boş vədlər…”.

Turkustan.info xəbər verir ki, İsmayıllı rayonunun Basqal kəndinin sakinləri sosial şəbəkədə müaciət ediblər.

Müraciətdə bildirilir ki, yaxın vaxtlarda əlaqədar dövlət qurumlarından tarixi abidələrin qorunması ilə bağlı konkret addımlar atılmasa onların məsuliyyətə cəlb olunması üçün ölkə rəhbərliyinə üz tutacaqlar.

Məsələyə reaksiya verən “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı ictimaiyyətə çağırış edib. 

F.Mehmanqızı tarixi abidə statuslu obyektlərin qorunmasının müvafiq dövlət qurumlarınnın vəzifə borcu olduğunu bildirib: “Biz işğal altında olan torpaqlarımızda tarixi abidələrimizin erməni vandalizminin vəhşiliyinə məruz qaldığını bütün dünyaya bəyan edirik. Amma göz görə-görə Basqal abidələri yer üzündən silinir. Bu sahəyə məsul şəxslərin məsuliyyyətsizliyi ucbatından yüzillərdən bu günə gəlib çatmış tarixi tikililər məhv olur. Tək, İsmayıllı rayonunun, Basqalın sakinləri deyil, mədəniyyətimizə, tariximizə sayğı göstərən bütün vətəndaşlar bu məsələyə reaksiya verməlidir. Əks halda, tarixi Basqal abidələri məsuliyyətsiz məmurların qurbanı olacaq”.