Qaranlığı aydınladan işıqlar silsiləsindən – Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd İsrafiloğlu

ZƏRBAYCAN CÜMHURİYYƏTİNİN YARANMASININ 100 İLLİYİNƏ.

ƏZİZ CANLARINI, QANLARINI, YORULMAZ MÜBARİZƏLƏRİNİ ÜÇRƏNGLİ İSTİQLALİYYƏT BAYRAĞIMIZA ÇEVİRƏN CÜMHURİYYƏTÇİ NƏSLİN İŞIQLI XATİRƏLƏRİNƏ…

Azərbaycanda qiyam baş verir, bu qiyamın başında ya Vartazar durmuş, ya Əliheydər.[1] Bunun adı qiyamdır…”[2]

Mən hər ildə bir mayısa

Lap çox ümidlər bağlaram.

Hər gələcək mayıs üçün

Nisan ağlar, mən ağlaram.

Əhməd Cavad

Tarixi uzaqgörənlik, milli istiqlal məfkurəsi və ona sədaqət idealları aşılamaq baxımından M. Ə. Rəsulzadənin tariximizdəki rolu misilsizdir. Amma nə zaman M. Ə. Rəsulzadə və 28 may mövzu bəhsi olursu, o zaman qabağımıza Nərimanov və 28 aprel işğalını “istiqlal” pərdəsinə bürüyüb “çiçəklənən Azərbaycan” nəqaratı qulaqlarımızın zəhləsini tökməyə başlayır. Oysa 28 may və M. Ə. Rəsulzadə gözəl bir doğuluş olduğu halda, 28 aprel və Nərimanov isə millətimizin nəfəsini kəsən, sancılarla dolu qaranlıq bir gələcəkdən başqa bir şey deyildir.

Tarix, içində bulunan Zamana tabedir və çox zaman tarixə də, millətin taleyini işıqlığa çıxaran, qaranlıqlara gömən şəxsiyyətlərə də həmmüasirlərinin gözüylə baxmaqda fayda var. Ən azından həqiqəti gün işığına çıxarmaq adına bundan gözəl çıxış yolu yoxdur. Tariximizi əsarətdən qurtarıb demokratik Cümhuriyyət yaradan M. Ə. Rəsulzadə və onun məfkurə arkadaşlarının bu konuda fikir və təsbitləri hər zaman göz önündə tutulmalı, çünki mücadiləsini verib yoxdan bir Bayraq, ideal rəmzi yaradan ONLARdır.

Amma yazıqlar olsun ki, Azərbaycan İstiqlalını qan gölündə boğan bolşevik-kommunist təfəkkürü bu gün də nərimanovları “diriltməklə” Milli İstiqlal məfkurəmizə savaşı sürdürür. Üçrəngli istiqlal bayrağımızı bir qırmızı bez parçasına satanların nəvə-nəticələri babalarının yolunu gedir – həm də idbarcasına, çox da uzaq olmayan yaxın tariximizə çamur ataraq. Başlarının üzərində Üçrəngli Bayraq, daxildəysə Şimal “ayı”sına min bir rəğbətlə  “bəlkə də qaytardılar” bayatısı dillərində, “beşinci kolon” missiyası üçün dəridən qabıqdan çıxan bir şövqi ehtiras daha nələr, nələr…

Qəribə pardoksal, gülməli durumla üz-üzəyik tarixşünaslıq, tarixə obyektiv baxış və müqayisələr adına. Bir tərəfdən Konstitusiyayla təsbit olunan “Müstəqilliyin bərpası haqqında Akt”, digər tərəfdə bu müstəqilliyə balta çalan Nərimanovun Bakının ən gözəl yerlərinin birindən ucalan heykəli. Hələ mən Azərbaycana istiqlaliyət dadızdırmış M. Ə. Rəsulzadə və arkadaşlarının omayan xatirə lövhələrini, ev muzeylərini, əsasını qoyduğu BDU-nun həyətində on illərdir Məmməd Əmin Bəyə gələcək zaman formasında hələ də qoyulacaq daş lövhəciyi demirəm.

Nə isə, əslində bu yazımda Nərimanovdan düzəldilən “böyük siyasətçi”, “işıqlı maarifpərvər”, “ölkəsi üçün yorulmadan külüng çalan” obrazı, gülünc yalan və hekayələrə qarşı M. Ə. Rəsulzadənin müdhiş və mükəmməl təsbitlərinə dayanaraq Nərimanov mifinin əsil mahiyyətini ortaya qoymağa çalışmışam.

Azərbaycanda Sovet hökuməti qurulanda Nərimanov öz sevincini aşağıdakı sözlərlə ifadə etmişdi: “Azərbaycanın əbədi[3] səadəti Sovet Rusiyasına bağlıdır.

Tarix 1922 ci il. SSRİ qurulurkən M. Ə. Rəsulzadənin bu doğuluşa münasibətini ifadə edən tarixi uzaqgörənliklə dediyi fikir: “Üsyan və qanla sərkara gələn qüvvət üsyan və qanla da gedəcəkdir. Bu gün həmin üsyanı yapacaq qüvvət yoxdursa da yarın o qüvvət kommunizmin kəndi təşkilat (öz) hüceyrəsindən olsa belə çıxacaqdır.’’

– Kommunizmi kim dağıtdı?

– Qorbaçov, Yeltsin.

– Onlar kim idi?

– Kommunist partiyasının yetişdirdiyi islahatçılar.

– Harada həmin Sovet Rusiyası?

-Tarixin zibilliyində.

Şair Əli Kərimin təbirincə: “Daha heç nə demirəm. Nöqtə, nöqtə və nöqtə

M. Ə. Rəsulzadənin Nərimanov haqqında daha maraqlı bir təsbiti: “Nerimanovun tercüme-i halını yazan bir müellif ‘Rus kültürü ve Rus müharrirlerinin taht-ı tesirinde kalan Neriman’ın Rus çarizmi ile mücadele ettiği halde, daima Rus harsı ile fikir cereyanlarına sadik kalarak siyasi sahada dahi daima Rusyaya müteveccih olduğunu “lisan-ı takdirle” yad eder.” (Yeni Kafkasya Yazıları, 1923-1927).

Zatən bu fikirlərin dışında bir Nərimanovu nə tarixdə, nə də arxivlərdə bulmaq əsla mümkün deyildir. Təbii ki bəzi əsası olmayan mifik dərəcədə təhrif olunmuş, anekdot kimi uydurulmuş sayıqlamalar, yalanlar xaric. Amma tarix “cidanı çuvalda gizlətmək olmaz” məsələni çox zaman fazlasıyla isbat etmişdir. Nərimanovdan müstəqillik uğrunda çarpışan fədai düzəldənlərə yenə M. Ə. Rəsulzadə diliylə cavab verək: “Kafkasya mükeddaratını Rusluk camiası haricinde tasavvur edemeyen Neriman kadar Türkiyenin Kafkasyadakı nüfuzuna karşı açık vaziyyet almış ikinci bir Azerbaycanlı yoktur.” M. Ə. Rəsulzadə. “Yeni Kafkasya yazıları.” (1923-1927).

Və Nərimanovun milli müstəqillik düşüncə sistemimizə tamamilə yabançı olan, onu “yoğuran” xəmirin mayasının çürüklüyünün Rəsulzadə tərəfindən ən dürüst təsbiti: “Komunist olub da amele (fəhlə-M.İ)qayesini taşımak kabahat değildir. Bu bir fikirdir. Fikre ihtiram ederiz; fakat ale’l-ıtlak (necə olursa olsun-M.İ.) ameleye değil, Rus amelesine tapanlar bizce muhterem olamazlar. Rus amelesini idealize eden kızıl bir Türk kommunisti ile Rus Çarını idealize eden ‘ak padişahçı’ bir Türk beyi arasında, bizce bir fark yoktur. Mütehasım (bir-birinə düşmən olan –M.İ.)iki cephede durmalarına rağmen, bunların yapısı aynı hamurdan yoğrulmuşdur. İkisi de Rusçudur. İkisinin de felsefesi esaret felsefesidir. İkisi de kuldur! Beyaz kul ile kırmızı kul!

Və Nərimanov tariximizin qırmızı quludur.

Rəsulzadə görün nə qədər obyektiv birisi olub ki, Nərimanova münasibətdə ona şəxsi qərəz, kin güdməyib. Rəsulzadə hər şeyi unutmağa çalışaraq Nərimanov haqqında “digərlərindən daha vicdanlı” deyirdi. Olduqca ibrətamizdir, deyilmi?!

MÜHÜM QEYD. Azərbaycan ictimai fikir tarixinin incisi, bəzəyi M. Ə. Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsəridir, tərəddütsüz. Amma çox zaman Nərimanovun oğlu Nəcəfə getdiyi yolun mənasızlığından duyduğu peşmançılığı ifadə edən məktubu topluma bəzi tarixçilər tərəfindən az qala “İstiqlal bəyannaməsi” kimi təqdim olunur. Əslində “məna” etibarıyla hələ də bitməyən bu məktub “Əsrimizin Səyavuşu” əsərində M. Ə. Rəsulzadənin gəncliyə müraciətinin tarixi-tərbiyəvi əhəmiyyətlilik baxımından bir nöqtəsi, vergülü belə ola bilməz. Tarixin yaddaşında qalanlar tarixdə yazılanlardan daha səmimidir. Bu baxımdan M. Ə. Rəsulzadə cümhuriyyət, hüriyyət, istiqlal ideallarına bağlı Azərbaycan Vətənsevərliyinin süsü, bəzəyi, əti, qanı, yaddaşı, hər şeyidir.M. Ə. Rəsulzadənin tarixi-sosioloji təsbitləri demək olar ki, qüsursuzdur hətta bu günlə müqayisə edərkən belə heyranedicidir. Onun “Əsrimizin Siyavuşu” əsərində: “Azərbaycanlılar Mehdi  zühuruna inanırlar. Azərbaycan Mehdisi xalqın istiqlalından, idealından doğacaqdır” fikri bu gün “armud biş, ağzıma düş”, yalnız sosial şəbəkələrdə “vətəndaş-patriot olmaq” kimi söz yarışına ən böyük ironiyadır. Yəni Əmin Bəyin qeyd etdiyi Mehdi kütlələrin heç bir mübarizə vermədən, yorğanı başına çəkib xorul-xorul yatan “bizlərə” ağ atın üzərində qurşağına polad üzlü qılncla zühur edəcək Sahibi əz-zaman anlayışını tamamilə darmadağın edərək kollegial düşüncə tərziylə hürriyyət, cümhuriyyət ideyalarına sahib çıxmağımızın savaşını verin deyir. Rəsulzadənin vurğuladığı Mehdi, bizim bildiyimiz Mehdi deyil əsla! Qısacası ətalətdən deyil, ədalətdən, ölənədək hürr bir məmləkətdə var olmağın düsturunu verir bu böyük fikir Adamı.Və bu düstur əsla əzbər üçün deyil əksinə məsələnin çoxkombinasiyalı həlli üsullarını çozüb gözəl nəticəyə varmağın intellektual, siyasi, mədəni mübarizəsidir, tər tökməsidir yorulmadan hamımız adına.

Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hüriyyətə dayanan istiqlalçılığındır. İnsanlara hürriyyət, millətlərə istiqlal!”. M. Ə. Rəsulzadə, 1923 cü il.

P. S.Kaş ki 28 aprel baş verməyəydi… Cümhuriyyəti quran Böyük Kişilərin, Babaların izindən bu günlərə gələrdik – işıqlı, aydın Yollarla.

28 aprel – Günəşimizin önünü tutan qara buluddur, çox çəkdik bu qara buluddan, uzun illər tarlalarımıza qan yağdı, öz qanımızla yağdırdılar bunu.

TANRI bir daha millətimizə belə bir müsibət yaşatmasın!

Azərbaycan istiqlalı uğrunda al qanlarına boyanmış şəhid övladların ruhu şad, məkanları cənnət olsun! Amin!

 

Qeydlər:

[1]M. Ə. Rəsulzadə Azərbaycan istiqlaliyyətinin ən quduz düşməni Əliheydər Qarayevi nəzərdə tutur. M. İ.

[2]M. Ə. Rəsulzadənin 1920-ci il 27 aprel Azərbaycan Cümhuriyyəti Parlamentində son çıxışından.

[3] əbəd: qiyamətdən sonra ALLAHın insanlara vəd etdiyi sonsuz xoşbəxtlik məkanı-M.İ.