Bilik Fondunun təcrübəçiləri Prezident seçkisi ilə bağlı mühazirə dinləyiblər

Aprelin 17-də Bilik Fondunda toplantı keçirilib. Fondda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İncəsənət Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan və Bakı Slavyan Universitetində “Yunanşünaslıq” ixtisasına yiyələnən tələbələr C.Musaoğlunun “Azərbaycandakı prezident seçkiləri: nəticələr və perspektivlər” mövzusunda mühazirəsini dinləyiblər.

Prezident seçkilərində namizədlərə və seçicilərə yaradılmış demokratik şəraitdən bəhs edən natiq bildirib ki, hər bir seçici özünün iradəsini sərbəst ifadə edərək, növbəti 7 illik dövr üçün Azərbaycan prezidentini seçiblər.
C.Musaoğlu Prezident İlham Əliyevin seçkidən sonrakı çıxışında səsləndirdiyi “gələcək gənclərindir” fikrindən çıxış edərək, dinləyiciləri xüsusən də gələcəyin diplomatları olacaq tələbələri dövlətə qarşı yönələn təhdidlərin qarşısında sipər olmağa çağırıb.
Bilik Fondunun mətbuat katibi Azərbaycana qarşı məkirli niyyətdə olan qüvvələrin varlığına işarə edərək, gənclərin hadisələrə açıq düşüncə ilə reaksiya verməsinin, qərəzli münasibətin şaxələnməsinə qarşı çıxmalarının onların vətəndaşlıq mövqeləri ilə əsaslandırıb.
Sonda iştirakçıların sualları ətraflı cavablandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti