İşsizlərə veriləcək pul 7 dəfə artırıldı: Almaq istəyənlər 20 dəfə azaldıldı – AZƏRBAYCANDA

Məlum olduğu kimi bu ilin yanvar ayında “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. 

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov qanundakı bir sıra məqamları tənqid edib. O, Cebhe info-ya açıqlaması zamanı bildirib ki, ötən ilə qədər işsizlər üçün müavinətin büdcəsi 5 milyon manatdan az olsa da, müvafiq şərtlərə cavab verərək işsiz statusu alan hər kəs bu pula idda edə bilirdi. 

Yeni qanuna görə isə yalnız müəssənin ləğvi və ştatların ixtisarı nəticəsində işsiz qalan şəxslər müraciət edərsə və onlara müvafiq iş təklif olunmazsa, bu zaman onlara müavinət verilə bilər: 

“Yəni müavinət alacaq şəxslərin siyahısını çox daraldıblar. Ölkədə ixtisara düşənlərin sayı barmaqla sayılacaq qədərdir. Müqavilələri başa çatıb çıxanlar, müqaviləsiz işləyənlər var və ya sadəcə deyirlər ki, ərizəni yaz, çıx, get, amma ixtisar etmirlər. İxtisara düşənlər əmək bazarını tərk edənlərin heç bir faizi deyil”. 

Yeni qanunla işsizlik hallarından sığorta fondunun yaradıldığı xatırladan hüquq müdafiəçisi  deyir ki, sığorta fondunun pulu işəgötürən və işçilərin  hesabına toplanır: 

“Ortada da yaxşı pul var – 90 milyon manat. Onun da 35 milyonu işsizlərə müavinət kimi nəzərdə tutulur. Pula yalnız  qanunda nəzərdə tutulan şəxslər idda edə biləcək. Yəni idda etmələri də hələ almaları anlamına gəlmir. Məşğulluq mərkəzi imtina üçün kifayət qədər əsaslara malikdir. Pul 7 dəfə artdı, idda etmək hüququ olanlar isə 20 dəfədən çox azaldı”.

Sahib Məmmədov hesab edir ki, əvvəllər olduğu kimi işsiz statusu alan hər bir şəxsin müavinətə iddia etmək hüququ olmalıdır:

“Konstitutsiyaya görə, işsizlərin dövlətdən müavinət almaq hüququ var. Fərqi yoxdur ki, o, nəyə görə işsizdir. Niyə məslən, işdə seksual qısnamaya məruz qalan şəxs öz arzusu ilə işdən gedəndə, əmək şərtlərinin dəyişməsi nəticəsində, attestasiyadan keçə bilməyəndə və digər səbəblərlə iş yerini itirəndə işsizliyə görə müavinət almasın?”

O, bildirir ki, bu qanun Konstitusiyanın 35 və 38-ci maddələrinə ziddir: 

“Əlbəttə bunu dəqiq Konstitutsiya Məhkəməsi deyə bilər. Amma ora kim müraciət edəcək? Konstitutsiya Məkkəməsinə iddia edəcək subyektlər bunu etməyəcək. Bu məsləyə tezliklə aydınlıq gətirəcəyik. Bəs, bu pulları Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə Nazirliyi neynəyəcək?”

Sahib Məmmədov QHT-ləri işsizlik hallarından sığorta fonduna toplanan vəsitin xərclənməsinə nəzarət etməyə dəvət edir: “Ölkə Prezidenti dəfələrlə ictimai nəzarətin güclənməsinin zəruriliyini qeyd edib”.  /Cebhe.info/