İlham Əliyev Konstitusiyaya və Qurana and içdi

11 aprel tarixli prezident seçkilərinin qalibi İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Turkustan.info-nun məlumatına  görə, tədbir Milli Məclisdə təşkil olunub. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Mərasimdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib. 

Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət olunub.

Prezident İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içib: 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.

İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.  /Modern.az/