Sərkisyan birbaşa Bakının istəyini yerinə yetirir – İnanılmaz

Əslində, Ermənistanda hakimiyyətin daha gizli və hüquqdankənar ötürülməsi mexanizmi düşünüldü. İndi Azərbaycanı ən kəskin şəkildə qınamağa çalışan beynəlxalq müfəttişlərin, Avropa arealında dövlət və yaxud hökumət formalaşdırmaq istəyən məlum mərkəzlərin nədənsə Ermənistandakı parlament modelinə, həqiqətdə isə Sərkisyanın boyuna biçilən, əvvəlcə baş nazir, sonra isə dövlət başçısına çevrilməsi, 10 illik dönəm yekunlaşandan sonra isə təkrar bir ingilis kraliçası səviyyəsində prezident müəyyənləşdirib yenidən baş nazirliyə qayıtması trayektoriyasına hər hansı bir reaksiyalarının şahidi olmuruq. Yalnız departament səviyyəsində küçə və meydanlara çıxan insanların etiraz və şüarlarına müsbət yanaşma var. O biri yandan da bu məsələlərin dinc formada çözüləcəyi qeyd olunur.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, hələ də Ermənistanda hakimiyyətin bu formada zəbt edilməsinə qarşı kəskin qiymətləndirmə yoxdur:

“Məsələnin ikinci bir tərəfi ondan ibarətdir ki, xalq heç şübhəsiz Sərkisyandan narazıdır. Lakin onlar fərqindədir ki, bu siyasi mübarizə sistemi bütövlükdə dağıdılıbsa, ən müxtəlif təşkilatlar, hərəkatlar, ekspert camiələri məhv edilibsə, millətin təşkilatlanaraq ayağa durması o qədər asan deyil. O biri yandan hamı başa düşür ki, bundan ötrü Rusiya ilə savaş vermək lazım gələrdi. Nəticə Sərkisyanın hakimiyyətə gəldiyi o qanlı vuruşmalardan heç nə ilə fərqlənməyəcək. Belə olan təqdirdə millətin içərisində yalnız bir para insanlar, qüvvələr irəli çıxıb. Gördüyünüz kimi, İrəvan Maydanını müxtəlif Qərb ölkələri, qrant sektorunda qərarlaşan casus mərkəzlərinin etdiyinə dair qiymətləndirmə və təhlillər mövcuddur. Ona görə də Sərkisyan rejiminin həqiqətən ölkədaxili mübarizəni boğmaq üçün Qarabağ cəbhəsində hansısa təxribatlara getməsi fikrinin əsası var. Təbii ki, bunu genişmiqyaslı savaş səviyyəsində etmək istəmirlər. Onlar çox yaxşı anlayırlar ki, bir tərəfdən İrəvanın küçə və meydanları 90-cı illərdə Azərbaycandakı mübarizəyə bənzəyirsə və ölkəmiz prezident seçkilərini ertələməklə özünü qlobal savaşdan qoruya bilirsə, əvəzində Ermənistan Qərb və Rusiya arasında toqquşmanın məkanına dönürsə, daxildə özünü möhkəmləndirmədən gəlib səngərdə savaşa atılmaq ölümə bərabər bir qərardır. Sərkisyan yaxşı anlayır ki, o adamlar ona 90-cı illərdəki qəhrəman nəzərləri ilə baxmırlar, əksinə, ona bir düşmən münasibəti mövcuddur. Çünki onillər ərzində ümumdaxili məhsulun kəskin aşağı düşməsi, demoqrafik ölüm, miqrasiya, gənclərin perspektivlərinin dağıdılması, korrupsiyanın çiçəklənməsi və s. məhz bu adamın adı ilə bağlıdır. Belə bir şəxsin seçimlərdən qalib gəlib hökumətin rəhbərinə çevrilməsi qeyri-realdır. Bu yalnız başqa ad altında öz iqtidarını davam etdirməkdir”.

Millət vəkili hesab edir ki, Azərbaycan tərəfinin həmin məsələlərə öz ssenarisi kontekstində yanaşması xüsusilə vurğulamalıdır:

“Yəni hər hansı bir təxribatın arxasında dayanan niyyətləri təyin etmək bizə çətin deyil. Çox yaxşı fərqindəyik ki, hətta bu yerdə Azərbaycanın hansısa bir əsgər və zabitini qətlə yetirmək və bunu daxildə tərənnüm etmək, onu bir güc amili kimi tirajlamaq seçilən yollardan biri ola bilər. Ancaq qarşı tərəf fərqindədir ki, 90-cı illər Azərbaycanı çoxdan arxada qalıb. İndi müasir silahlar hər hansı bir erməni hərbi hədəfini zərbə altına qoya bilər. Ona görə də Ermənistanın cəbhədə təxribatları genişləndirməmək mövqeyi seçiləcək. Onlar daha çox istəyirlər ki, özlərinin mülki insanlarını silahlı qüvvələr vasitəsilə neytrallaşdırsınlar. Az bir müddət sonra Razdan meydanı ətrafında tankları və topları görsəniz, təəccüblənməyin. Ümumiyyətlə, düşünürəm ki, hadisələr qanlı bir yekuna doğru inkişaf etməkdədir. Onlar bilirlər ki, Ağdam, Cəbrayıl və Füzuliyə yerləşdirdikləri tanklara ehtiyacları olacaq. Bu dəfə öz xalqına qarşı. Ona görə Sərkisyan əslində bizim düşündüklərimizi öz millətinə qarşı həyata keçirir. Arzulasan, beləsini tapmaq çox çətin olar. Bunu da açıq demək lazımdır. Erməni xalqının özünəməxsus elmi, siyasi potensialı mövcuddur. Onlar müəyyən dövr ərzində akademik məkanlardan keçib gələrək bir baza toplayıblar, dinamikdirlər, ictimai aktiv mövqeləri seçə bilirlər, maliyyə dünyasında yer alırlar. Sərkisyan onların içərisində ən zəifidir ki, gəlib başa çıxıb, Qarabağ müharibəsindən sonra gedib Ermənistanda hakimiyyəti işğal edib. Bu da əslində elə həmin o müharibənin bu millət üçün acınacaqlı nəticəsidir. İki dövlət qurmaq istəyirdilər, indi erməni xalqının heç bir dövləti də yoxdur. Çünki Ermənistan faktiki olaraq vassaldır və Sərkisyanın işğalı altındadır. Ona görə də Azərbaycana qarşı təxribatları müəyyən bir səviyyədə, İrəvan administrasiyasından verilən tapşırıqlar əsasında həyata keçirəcəklər. Lakin onlar bilirlər ki, atəşi geniş miqyasda pozmaq hansı faciələrə yol aça bilər. Ona görə də Sərksiyan hələ ki, Qarabağ məsələsini daxildə mübarizə aləti kimi istismar edir. Ancaq bu Nikol Paşinyanı irəliyə atanların onun ətrafında nə qədər güclənə biləcəyindən asılı olacaq”.