Yeni baş nazir kim olacaq? – Akif Əli

Xəbər verildiyi kimi, aprelin 21-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Gündəlikdəki məsələ rəsmən elan olunmasa da, şənbə günü baş tutacaq iclasda yeni baş nazirin təsdiqlənməsi məsələsinin müzakirəyə çıxarılacağı xəbəri yayılıb.

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin aprelin 18-də and içərək səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar Nazirlər Kabineti istefaya gedib. Bundan sonra ölkə başçısının imzaladığı sərəncamla səlahiyyətlərin müvəqqəti icrası Nazirlər Kabinetinə həvalə edilib. Sabahkı iclasda yeni baş nazirin namizədliyinin müzakirəyə çıxarılacağı, yoxsa keçmiş baş nazir Artur Rasi-zadənin yenidən öz postuna təsdiqlənəcəyi barədə fərqli fikirlər var.

Səlahiyyətlərini müvəqqəti icra edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Müsavat.com-un suallarını cavablandırıb:

– Akif müəllim, günün ən aktual məsələsi barədə nə deyə bilərsiniz, yeni baş nazir kim olacaq?

– Bu, istisnasız olaraq cənab prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də məndə bu barədə informasiya yoxdur.

– Hazırda siz səlahiyyətləri icra edirsiniz, eləmi?

-Bəli. Cənab prezidentin sərəncamı ilə hökumət yeni tərkib təsdiq olunana qədər öz səlahiyyətlərinin icrasını davam etdirir.

– Bəs, bu gün Artur müəllim özü işdədirmi?

-Bəli, işdədir. Səhər tezdən, həmişəki kimi, iş başındadır.

– Şənbə günü parlamentin iclasının çağırılması xəbərindən sonra kimlərsə düşünə bilər ki, görəsən, Artur müəllimə nə olub ki, operativ şəkildə iclas çağırılır və baş nazirin məsələsi müzakirəyə çıxarılır?

– Yox, Artur müəllim dediyim kimi, səhərdən işdədir. Hələ mən deyə bilmərəm iclas nə ilə bağlıdır.

– Bəs, siz şəxsən Artur müəllimlə nə vaxt görüşmüsünüz?

– Səhər görüşmüşəm.

– Sabah parlamentin iclasının keçiriləcəyindən xəbərdar idimi?

-Onu bilmirəm.

– Yeni baş nazir kimi hazırkı müavinlər Yaqub Eyyubov və Əli Əhmədovun adları çəkilir. Bu barədə nə deyə bilərsiniz?

– Bütün bunlar gümanlar ola bilər. Yəni bunu heç kim proqnozlaşdıra bilməz. Çünki bu səlahiyyət yalnız və yalnız cənab prezidentə aiddir. Prezidentin qərarı olmayana qədər bütün danışılan söhbətlər yalnız gümandır. Bir daha deyirəm, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir.

– Akif müəllim, məntiqlə parlamentin iclasının çağırılması barədə məlumat aldıqdan sonra siz bu haqda Baş nazirə məruzə etməli, yaxud ondan müvafiq tapşırıqlar almalı idiniz, elə deyilmi?

– (gülür) Məndən söz almaq istəyirsən? Biz bilmirik axı, sabah hansı məsələ müzakirə olunacaq…

– Niyə bilmirik ki? Yeni baş nazirin namizədliyi məsələsi…

– Yəni bu, rəsmən elan olunub, yoxsa sadəcə mətbuatdan oxuyursunuz?

– Milli Məclisdən təsdiqləyiblər. Üstəlik, telefon əlaqəsi saxladığımız deputatlar da təsdiqləyir.

– Lap yaxşı. Onda söhbətimizi iclasdan sonra davam etdirək.

– Bəs, Artur müəllim özü necə, yeni baş nazir olmağa özünü hazırlıqlı bilirmi, yoxsa getmək istəyir?

-Mən Artur müəllimin əvəzinə necə cavab verə bilərəm? (gülür)   /axar.az/