ADAU-da intellektual yarışda qalib komandalar mükafatlandırılıb

Xəbər verildiyi kimi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə təhsil müəssisəsinin  İqtisadiyyat fakültəsində tələbələr arasında intellektual yarış keçirilib. Gərgin  mübarizə şəraitində keçən yarışda universitetin bütün fakültələrindən 80 nəfər tələbə iştirak edib.
İştirakçılar 30 sualı düzgün cavablandırmaq uğrunda mübarizəyə qoşulublar.
Final mərhələsində ən çox düzgün cavab verərək, I yerə Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin “Veterinar” komandası, II yerə Aqrotexnologiya fakültəsinin “Dragons” komandası, III yerə isə iki komanda, Mühəndislik fakültəsinin “Medusa” və Aqrobiznes və İdarəetmə fakültəsinin “Mega Brain” komandası layiq görülüb.

Qalib gələn komandaların üzvlərini universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova təbrik edib, fəxri fərmanla mükafatlandırıb. Mükafatlandırma zamanı A. Qasımova deyib ki, bu cür yarışlarda məqsəd gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlıları üzə çıxarıb onların daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.