“Qəzaların baş verməməsi üçün son üç ildə ciddi tədbirlər görülür…”

Son zamanlar hava şəraitinin kəskin dəyişməsi nəticəsində elektrik enerjisinin istehlakçılara fasiləsiz verilməsində problemlər yaranır. Son iki gündə Bakının bir neçə qəsəbəsində də elektrik enerjisinin verilməsində fasilələr yaranıb. “Azərişıq”sa bu cür fors-major hallara bir çox hallarda hazırlıqsız yaxalanır. 

Turkustan.info bildirir ki, Moderator.az-ın suallarını cavablandıran “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevsə nikbindir. Qurum rəsmisi bildirib ki, son üç ildə belə qəzaların baş verməməsi üçün tədbirlər görülür:
“Son zamanlar havaların küləkli keçməsi nəticəsində elə bir ciddi qəzalarımız olmayıb. Havaların dəyişməsi nəticəsində elektrik enerjisinin verilməsində problemlər yaranırdı. Amma son üç ildə görülən tədbirlər nəticəsində bunun qarşısı alınıb. Ağacdan olan dayaqlar dəmir dayaqlarla əvəzləndi, naqillər qara, yağışa davamlı kabellərlə əvəz edildi. Bunun üçün qapalı transformatorlar quraşıdırldı ki, bu da istər qış və istərsə də yay fəsli üçün elektrik enerjisinin verilməsində baş verəcək qəzalara qarşı dayanıqlıdır”.
T.Mustafayev etiraf edir ki, bəzən kiçik qəzalar baş verməsi zamanı enerjinin verilməsində qısamüddətli fasilə yarana bilər: 
“Kiçik qəzalar baş verir. Bu, təbiidir. Məsələn, elektrik naqillərinin üzərinə bəzən güclü külək əsməsi nəticəsində ağac aşır. Bu zaman operativ qrupumuz dərhal problemi aradan qaldırmaq üçün əraziyə yollanır. Tez bir zamanda çalışırıq ki, problem aradan qaldırılsın və elektrik enerjisinin verilməsi bərpa edilsin”.