Ağ xalatın işığında

Həyatın hər ağrı-acısını görsəm də, xəstəxanalar həyatına yaxından bələd olsam da, bu günlərdə özüm ilk dəfəydi ki, xəstəxanaya düşürdüm.

  Xırda bir cərrahi əməliyyatla bağlı xəstəxanaya daxil oldum. Əslində isə, narkozla edilən əməliyyatı xırda da hesab etmək düzgün olmazdı. Sanki buraya illərdən bəri tanıdığım doğma bir kollektivə, çöhrələrindən nur yağan insanlara qonaq gəlmişdim. Sən demiyəsən bu monolit tibbi personal bir Ağ xalatın işığına toplanıblarmış.

  Söhbət görkəmli Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Qaraciyər, Öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahlığı şöbəsinin müdiri, millətimizin dəyərli övladı, xəmiri təpədən-dırnağa türkçülüklə yoğrulmuş, Vətən həsrətli, Kəlbəcər nisgilli, eyni zamanda, söz sərrafı, professor Zərraf Təhməz oğlu Şirinovdan gedir. Kökdən, soyaddan gələn şirinlik sanki onun çöhrəsinə həkk olunmuşdu.

  Əvvəldən bir eloğlu kimi bir-birimizi tanısaq da, bu dəfəki atüstü söhbətimizdə onun nə qədər zəngin bir insan, talantlı cərrah və ən vacibi də söz sərrafı olduğunun fərqinə vardım. Xəstəliyimlə bağlı demək olar ki, heç söhbət etmədik, söhbətimiz yalnız Vətəndə Vətənsiz yaşamaq ağrı-acılarımız, nisgillərimiz üzərində quruldu. Bir-birimizə qələm məhsullarımızı da hədiyyə etdik.

  Cərrahi əməliyyata gəldikdə isə, bundan demək olar ki, əsla xəbərim olmadı. Beləki, əməliyyat masasında olarkən, gənc həkim Nüsrət Yusifli, Kəmalə xanım Namazova, Bikə xanım, Fatma xanım öz dadlı-duzlu söhbətləri ilə vaxtı əritdilər.

  Cərrahiyyə otağından çıxandan sonra düşündüm ki, yəqin məni reanimasiya şöbəsinə yerləşdirəcəklər və bir neçə gün də palatada müalicə olunacam. Odur ki, soruşdum, doktor, mən burada nə qədər qalacam?  – Dedi əzizim, sən düşünən babalar çoxdan ölüb, hazırda bu tip xəstələri uzaq başı bir sutka saxlayırıq. Bu gün günün sonunda olmasa da, sabah saat 10-da səni evinizə yollayacam, yəni bir sutkadan sonra.

  Halbuki sovetlər dönəmində belə xəstələr 5-7 gün klinikada saxlanılardı. Deməli, tibb elmi xeyli inkişaf edib.

  – Nə deyirəm, doktor Şirinov, əllərinizə sağlıq, təşəkkür edirəm. Eyni zamanda, rəhbərlik etdiyiniz şöbənin tibbi personalına, o cümlədən, Yusif həkimə, tibb bacısı Nurəngiz xanım Atakişiyevaya, Xədicə Hacıyevaya, baş tibb bacısı Leyla xanıma və digər işçilər Zöhrə xanıma, Səidə xanıma, Rəfiqə xanıma minnətdarlığımı bildirirəm.

  Və özünüzü sevdiyim kimi, yaradıcılığınızı da sevdim, doktor:

              Mən sizdə doğuldum, siz can verdiniz,

              Siz duyğu verdiniz, İlham verdiniz.

              Haqq, ədalət, təmiz vicdan verdiniz,

              Sizdən ayrı Zərraf-ağlayan dağlar.

deyən cərrah-şairi Tanrımız sərsəri röyalarımızın yol yoldaşına  çevrilmiş Dağlarımıza qovuşdursun.

Allahverdi Dərd