MEK-də ümummilli lider Heydər Əliyevlə bağlı tədbir keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK), YAP Yasamal rayon təşkilatının, “Yeni Azərbaycan” qəzetinin təşkilatçılığıyla ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş anım tədbiri keçirilib.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova ümummilli lider Heydər Əliyevin zəngin həyat yolunun, ictimai-siyasi fəaliyyətinin, dövlət quruculuğu sahəsindəki xidmətlərinin əbədiləşdirilməsi məqsədi ilə kitabxanada icra edilmiş işlər barədə danışıb. “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” çərçivəsində ümummilli liderlə bağlı  yaddaşı əks etdirən və kitabxana fondlarında mühafizə edilən bütün sənədlərin elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini söyləyən L.İmanova diqqəti Heydər Əliyevin kitabxana quruculuğu sahəsindəki xidmətlərinə cəlb edib. MEK direktoru “Heydər Əliyev – 95” mövzusunda təşkil edilən sərgini, MEK-in sosial şəbəkələrdə və  www.mek.az saytında verilən silsilə materialları, MEK Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Vikipediyada yaradılmış məqalələri nəzərə çatdırıb.

MEK əməkdaşları – Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova və İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədovanın təqdimatında ümummilli lider Heydər Əliyevə həsr olunmuş video təqdimat olub.Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Azərbaycanın qurucusu adlandırdığı Heydər Əliyevin tariximizdəki əvəzolunmaz yerindən, dövlət və siyasət adamı kimi dünya səviyyəsində qəbul edilmiş nüfuzunun çoxçalarlı cizgilərindən danışıb. Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini bütün mərhələləri ilə təhlil edən T.Əhmədov ümummilli liderin həm I, həm də II hakimiyyət dönəmində dövlət adamı kimi xalqı və vətəni uğrunda atdığı fədakar addımlardan bəhs edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, professor Hikmət Babaoğlu ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə ədədi bir abidə ucaltdığını, dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq xalqının idealına çevrildiyini qeyd edib. Heydər Əliyevin yalnız dövlət başçısı, siyasi xadim deyil, həm də böyük ideoloq olduğunu vurğulayan H.Babaoğlu cəmiyyət həyatının bütün sahələrində onun fikirlərinin, səsləndirdiyi ideyaların həmişə təkanverici olmasını qeyd edib. H.Babaoğlu bildirib ki, məhz onun irəli sürdüyü “Azərbaycançılıq” ideologiyası sayəsində Azərbaycanda müstəqillik anlayışı hər bir fərdin sahibləndiyi vazkeçilməz dəyərə çevrilib.
Sonda tədbir iştirakçılarına ümummilli liderə həsr olunmuş kitablar hədiyyə edilib.