Erməni inqilabının kölgədəki “xaç atası”: Paşinyanın mənəvi lideri hakimiyyətə qayıdır

Ermənistanın paytaxtında keçirilən mitinqlərdə prezident Armen Sarkisyanın istefası tələb edilib.

Etirazçılar ikinci turda da Nikol Paşinyan baş nazir seçilməzsə, prezident Armen Sarkisyanın istefa verməli olduğunu deyiblər.

Yeni prezidentin istefasının niyə tələb edilməsinin səbəbləri açıqlanmır. Paşinyan tərəfdarları axşam saatlarında “Armen, rədd ol!”, “Sən də bizdən deyilsən” kimi şüarlar səsləndirib.

Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində baş nazir postu üçün ikinci səsvermə keçiriləcək. Yeni qanunvericiliyə görə, deputatlar bu dəfə də hökumət başçısını seçə bilməsələr, o zaman parlament buraxılacaq.

Armen Sarksiyanın istefası məsələsi Ermənistanda keçirilən etiraz aksiyalarının əsas prioriteti olmasa da “məxməri inqilab”ın prezidentdən yan keçməyəcəyinə dair proqnozlar bir müddətdir səslənir. Bir sıra siyasi ekspertlər hesab edir ki, inqilabi proses yalnız Serj Sarkisyanın başçılıq etdiyi hökumətin istefaya getməsi ilə yekunlaşmayacaq. Bu proses son mərhələdə prezident Armen Sarkisyanın da hakimiyyətdən getməsinə səbəb olacaq.

Bu baxımdan, mitinqlərdə prezidentin istefasının tələb edilməsi səbəbsiz deyil. Mayın 1-də Nikol Paşinyanın baş nazir seçilməməsindən sonra etiraz dalğasının daha da böyüməsi və hakimiyyət strukturlarının ölkəyə nəzarəti itirməsi prezidentin də devrilməsiinə gətirib çıxara bilərdi. Lakin sonradan hakim Respublika Partiyasının mayın 8-də keçiriləcək baş nazir seçkilərinin ikinci mərhələsində müxalifət liderinə səs verməyə razılaşması etiraz aksiyalarınıın səngiməsinə kömək etdi.

Lakin hakim partiyanın güzəştə getməsi prezidentə qarşı təhlükənin aradan qalxmasından xəbər vermir. Nikol Paşinyanın baş nazir seçilməsi və növbədənkənar seçki yolu ilə yeni parlamentin formalaşması prezident Armen Sarkisyan üçün daha ciddi siyasi risklər yarada bilər. Çünki yeni parlament seçkilərində Respublika Partiyasının qalib gəlmək şanslarının olmadığı bəri başdan məlumdur. Hətta Serj Sarkisyanın sədrlik etdiyi partiyanın parlament seçkilərinə qədər mövcudluğunu qoruyub saxlaya biləcəyi sual altındadır.

Yəni Armen Sarkisyanın əsas dəstəkçisi olan Ermənistan Respublika Partiyası artıq hökuməti və parlamenti tərk etmək üzrədir. Baş vermiş hakimiyyət dəyişikliyinin prezidentin siyasi dayaqlarını xeyli zəiflədəcəyi şübhə doğurmur. Armen Sarkisyan Ermənistanın daxili ictimai rəyində daha çox oliqarx və biznesmen kimi tanınır. Hazırkı dövlət başçısı erməni siyasi dairələrində güclü mövqeyi olmayan bir şəxs sayılır.

Ciddi siyasi imicə malik olmayan Armen Sarkisyana məhdud səlahiyyətli bir vəzifənin həvalə olunması onun Ermənistan cəmiyyətində nüfuzuna kölgə salan əlavə amilə çevrildi. O, 2018-ci il martın 2-də keçirilmiş prezident seçkilərindən sonra xalq arasında daha şox Serj Sarkisyana yaxınlığı ilə seçilən və ya eks-prezident tərəfindən təyin olunmuş səlahiyyətsiz fiqur kimi tanınıb. Bu baxımdan, Serj Sarkisyanın və onun başçılıq etdiyi hökumətin “məxməri inqilab” nəticəsində devrilməsi həm də hazırkı prezidentin əleyhinə işləyən faktora çevrilib. O, hakim düşərgədə fəaliyyətini davam etdirsə də Serj Sarkisyanın kadrı sayılır. Qeyd edilən səbəbdən, Armen Sarkisyanın istefası ilə bağlı tələblərin yaxın perspektivdə arta biləcəyini, yəni inqilabın N.Paşinyanın baş nazir seçilməsi ilə yekunlaşmayacağını da söyləmək olar. 

Digər ehtimallara görə, prezidentin səlahiyyətlərinin alınması növbədənkənar seçkilərdən sonra da baş verə bilər. Yeni formalaşacaq parlamentdə qüvvələr nisbətinin Nikol Paşinyanın xeyrinə dəyişməsi ehtimalı yüksək olduğundan bu, prezident arzuolunmaz situsiya yaradır. Çünki Serj Sarkisyanın dövründə müxalifətdə olmuş və parlamentə düşə bilməmiş siyasi qüvvələr N.Paşinyanın baş nazir olduğu müddətdə seçkilərdə mandat qazanmaq şansı əldə edə bilər. Hətta, Ermənistan Milli Məclisində Qarabağ klanını təmsil edən, eləcə də Rusiyaya və orduya yaxınlığı ilə seçilən qüvvələrin tamamilə yeni siyasi təşkilatlarla əvəz olunması imkanı yaranacaq.

Onların sıralarında Qərbyönlü siyasi baxışlara malik gənc siyasətçilər və ermənistanlılar üstünlük təşkil edə bilər. Ermənistan ictimai-siyasi mühitində oturuşmuş partiyalardan isə daha çox eks-prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Ümummili Konqres Partiyasının qalib gələrək parlamentdə xeyli mandat qazanmaq şansı istisna olunmur. Doğrudur, rəsmi nəticələrə görə, 2017-ci ilin aprel ayında keçirilmiş parlament seçkilərində Erməni Ümummilli Konqres Partiyası Ermənistan Respublika Partiyası ilə birlikdə yaratdığı siyasi blok 1,18 faiz səs toplayıb. Lakin baş vermiş “məxməri inqilab” ölkədə siyasi situasiyanın tamamilə əks qütbə doğru dəyişdiyini göstərdi. 

Belə ki, seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi “Yelk” (Çıxış) bloku 7,74 faiz səs toplamışdısa, bu gün adıçəkilən fraksiya müxalifətin aparıcı siyasi qüvvəsinə çevrilib. Nikol Paşinyanın 2011-ci ilə qədər Levon Ter-Petrosyanın partiyadakı müşaviri olduğunu nəzərə alsaq, yeni baş nazir eks-prezidentə yaxın şəxs sayılır. Xatırladaq ki, 2008-ci ilin fevral ayında keçirilmiş prezident seçkilərində Levon Ter-Petrosyan Serj Sarkisyana qalib gəlmişdi. Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq keçirilmiş kütləvi etiraz aksiyalarının qarşısı Rusiyanın müdaxiləsi və gülləbaran nəticəsində alınmışdı.

Həmin vaxt N.Paşinyan L.Ter-Petroyanın siyasi komandasının üzvü olduğuna görə barəsində cinayət işi qaldırılmış və 3 il müddətində həbs edilmişdi. Ona görə də siyasi ekspertlər N.Paşinyanın siyasətdə “xaç atası” sayılan L. Ter-Petrosyanın hakimiyyətə qayıtması üçün geniş imkanlar açıldığını bildirir. Paşinyan-Ter-Petrosyan siyasi tandemi cavan və idarəetmədə təcrübəsiz olan inqilab liderinin hakimiyyətini daha da möhkəmləndirə bilər. Əgər yeni seçiləcək parlamentdə Ter-Petrosyan yer alarsa bu, N.Paşinyanın dəstəyi sayəsində prezident Armen Sarkisyanın impiçmentini sürətləndirən amilə çevriləcək.    /Cebhe.info/