ADAU-da Ümummilli lider Heydər Əliyev müasir-müstəqil Azərbaycanın banisidir adlı tədbir keçirilib

Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetin İctimai elmlər və multikuturalizm kafedrasının əməkdaşları Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə fakültələrində “Ümummilli lider Heydər Əliyev müasir-müstəqil  Azərbaycanın banisidir” adlı tədbir keçirib.

ADAU-nun mətbuat xidmətindən Turkustan.info-ya verilən xəbərə görə tədbirdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib və Azərbaycan xalqının son əsrdə dünyaya bəxş etdiyi böyük vətəndaş, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı, müdrik siyasi xadim kimi tarix səhifələrində silinməz iz qoyan Heydər Əliyevin milli dövlətçiliyimizin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz fəaliyyəti haqqında danışıb, dahi şəxsiyyətin irsinin hələ bundan sonra da uzun illər öyrəniləcəyini, nəsillər üçün örnək olaraq qalacağını bildirib.

 İctimai elmlər və multikuturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışında xüsusi vurğulayıb ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol ulu öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayıb. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu.

  Çıxış edən tələbələrdən Samirə Quluyeva, Səkinə Əliyeva, Orxan Muradzadə, Nərminə Hüseynova və başqaları  deyib ki, Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını möhkəmləndirməyə çalışıb. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyi, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı.

 Tədbirdə həmçini bildirilib ki, XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Heydər Əliyev bu vəzifəni 1993-cü ildən etibarən uğurla yerinə yetirməyə başladı. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəlkeyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş müharibəsindən, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu.

 Tədbirin sonunda Şuşanını işğalından da danışılıb. Azərbaycanın mədəniyyət beşiyi, muğam mərkəzi Şuşa döyüşlərində şəhid olanların ruhu hörmətlə yad edilib. Bildirilib ki, aprel döyüşləri Azərbaycanın güclü ordusu olduğunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və çevik siyasəti işğal altında olan torpaqlarımıza qayıtmağa böyük ümid, inam yaradır. yaradır.