“ADAU” komandası “Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nın final mərhələsində bölgə universitetləri arasında 1-ci yerə çıxıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May-Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan 12-ci “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitunda keçirilib.

 Açılış mərasimində AMEA-nın İnformasiya Texnologiyaları İnstitunun direktoru, AMEA-nın akademiki Rasim Əliquliyev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, “Elm, ali və orta ixtisas təhsili” şöbəsinin müdiri Yaqub Piriyev, Heydər Əliyev Fondunun nümayəndəsi Zafiq Xəlilov və Olimpiadanın Münsiflər Heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə çıxış edib, Azərbaycanda İKT tətbiqi sahəsində görülən və planlaşdırılan işlər haqqında məlumat veriblər,  iştirakçılara uğurlar arzulayıblar.  Sonra olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin əməkdaşları Etibar Seyidzadə və Rauf Süleymanov texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. Paytaxt və regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən 14 komandası olimpiadanın ikinci (final) mərhələsində iştirak hüququ əldə edib. Qeyd edək ki, şəffaflığın təmin olunması üçün müsabiqənin gedişinə AMEA-nın İnformasiya Texnologiyaları İnstitununda quraşdırılan video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilirdi.

Olimpiadada inamla irəliləyən “ADAU” komandası bu tərkibdə-rəhbər İnformasiya texnologiyaları kafedrasının assistenti Etibar Verdiyev, komandanın kapitanı informasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Sahib İbrahimov, komandanın üzvləri informasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Rəşad Kazımov və menecment ixtisasının 3-cü kurs tələbəsi Tural Məmmədli ilə mübarizəni davam etdirib. Qeyd edək ki, komandanın hazırlanmasında İnformasiya texnologiyaları kafedrasının müəllimləri, xüsusi ilə dosent Məhsəti Orucova və dosent əvəzi Mahil Məmmədov çox əmək sərf edib.  

Final mərhələsinin nəticələrinə əsasən Bakı Mühəndislik Universitetinin komandası 1-ci, ADA Universitetinin komandası 2-ci, Bakı Dövlət Universitetinin komandası 3-cü və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının komandası 4-cü yeri tutub. “ADAU” komandası isə Olimpiadanın nəticələrinə görə ümumi reytinqdə 7-ci və bölgə universitetləri üzrə isə 1-ci yerə sahib olub.