Gəncə “ASAN xidmət”in əməkdaşları ADAU-nun tələbələri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 nömrəli Tələbə evinin akt zalında Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları ilə universitetin tələbələrinin görüşü olub.

Turkustan.info bildirir ki, tədbirdə iştirak edən təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əvvəlcə Şuşanın işğalının 26-cı ildönümünündən danışıb və deyib ki,  1992-ci il mayın 8-də erməni silahlı dəstələri Şuşaya hücum edib, şəhər kütləvi şəkildə artilleriya atəşinə tutulub.. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərib. 10 saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 azərbaycanlı yaralanıb, 20 min nəfərdən çox adam öz yurdundan didərgin düşüb. Əsir götürülən 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şəhərin işğalı zamanı Azərbaycan xalqının mədəni və tarixi abidələri, dahi Üzeyir Hacıbəyovun, Natəvanın və Xan Şuşinskinin heykəlləri dağıdılıb, beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi erməni qəsbkarları tərəfindən məhv edilib. 

Sonra rektor bu günkü görüşün mahiyyətindən danışıb və qeyd edib ki, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin

edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılması və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət”in təcrübəsindən  beynəlxalq səviyyədə istifadə edilməsi, BMT-nin Dövlət Xidmətləri üzrə Forumu tərəfindən qurumun mükafatlandırılması və bu modelin müxtəlif ölkələrdə təşviq edilməsi əldə olunan ən mühüm uğurlardandır.

 ADAU ilə Gəncə “ASAN xidmət” mərkəzi arasında əməkaşlığın mövcud vəziyyətindən, tələbələrin mərkəzdə uğurla təcrübə keçməsindən, könüllülük fəaliyyətində bəhs edən rektor mövcud əlaqələrin genişləndirilməsinin, yeni layihələrə start verilməsinin, bütövlükdə “ASAN xidmət”in təcrübəsinin universitetdə tədris, elmi-tədqiqat, informasiya texnologiyaları və könüllülük fəaliyyətinə inteqrasiya edilməsinin zəruriliyini vurğulayıb.

Gəncə “ASAN xidmət” mərkəzinin direktoru Namiq Cəfərov çıxış edərək   ADAU ilə əməkdaşlıq əlaqələrinin inkişafından, aqrar sahə ilə bağlı ortaq layihələrin həyata keçirilməsinin vacibliyindən  və bu istiqamətdə həyata keçirilməli olan tədbirlərin prioritet istiqamətlərindən danışıb.

Sonra Gəncə “ASAN xidmət” mərkəzinin könüllülər üzrə məsul şəxsləri Ayşən Süleymanzadə, Vaqif Əjdərli və digər əməkdaşları  könüllülük fəaliyyəti, onun prinsipləri, potensial imkanlar barədə təqdimatlar edib, tələbələrin suallarını cavablandırıblar.

    Tədbirin sonunda Gəncə “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyətini uğurla başa vuran bir qrup tələbəyə sertifikatlar təqdim edilib.