“Piter dəftəri və ya müharibə qadınları”

Sankt-Peterburq sakini Anna Vasiliyevna Kostina mühasirədə qalan Leninqradın dəhşət dolu günlərini yazıçı-jurnalist Firuzə Əsədullayevaya danışıb.

Sankt-Peterburqdayam… (Leninqrad) Otaqda oturub fikirləşirəm. Qarşımda bir sənəd var. Bu sənəd 25 avqust 1943-ci ildə imzalanıb –  möhürlənərək 23 yaşlı gənc bir qıza – Anna Vasiliyevna Kostinaya  təqdim olunub. Sənəddə belə yazılıb:  Leninqradın qəhrəmancasına  müdafiəsində  iştirakına görə Anna Vasılyevna Kostina “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunur.

SSR Ali Sovetinin Prezidiumu.

22 dekabr 1942-ci il.

 

Birdən təqvimə baxıb heyrətə gəlirəm.  Bu gün də avqust ayının 25-dir (2010-cu il). Bu bir təsadüfdürmü, zərurətdirmi aydınlaşdıra bilmirəm. Axı bu hadisələrin üstündən düz 69 il keçir…

92 yaşlı Anna Vasiliyevnanın  sağ-salamat olduğunu eşidərək cox sevindim və məni onunla görüşdürmələrini xahiş etdim. Sağ olsunlar ki, xahişimi yerinə yetirib məni onun yaşadığı evə apardılar. Onunla görüşə bildim. Qarını gördükdə bir az heyrətləndim, bir az da kədərləndim. Heyrətləndim ona görə ki, 92 yaşlı qarının üzü çox nurlu idi, yaşına nisbətən cavan görünürdü. Yəqin ki, bu onun qəlbinin saflığından, təmizliyindən irəli gəlirdi.

Amma onun xəstə, övladsız olduğuna çox kədərləndim. Üstəlik düz 8 ildir ki, bu qadın dünya işığına həsrət qalıb.

Anna Vasiliyevna dəhşətli mühasirə illərini bir daha yaddaşının süzgəcindən keçirmək, həyatında baş verən hadisələrin cüzi bir hissəsini olsa da yadına salmaq ictəyirmiş kimi  dərin fikrə getdi. Sonra isə onun üçün danışmaq bir az çətin olduğuna baxmayaraq suallarıma cavab verməyə, ahəstəcə öz həyat hekayəsini danışmağa başladı.

– Müharibənin başlanması xəbərini 22 iyul 1941-ci ildə səhərə yaxın – 4 radələrində radio vasitəsilə eşitdik. Radio aparıcısı Levitanın  gur səsini dinlədikcə damarlarımızdakı qan da donurdu…

Qohumlarım, yaxınlarım alman faşistlərinin Leninqrada da girəcəklərini bildirdilər. Onların vaxt var ikən şəhərdən çıxmaq təkliflərinə cavab olaraq Vətənimi dar ayaqda atıb heç yerə  getməyəcəyimi, son damla qanıma qədər onu qoruyacağımı   bildirdim. Nə isə…

Şəhərin mihasirəsinə qədər Hərbi Hospitalda işlədim. Hospitala gətirilən yaralıların sayı-hesabı yox idi. Gərgin iş rejimində calışırdıq. Boş vaxtımızda isə ağrılarını bir anlıq da olsa unutdurmaq istəyi ilə yaralıları əyləndirir, onlara mahnılar oxuyurduq.  

Haşiyə: Deyilənə görə Anna Vasiliyevnanın cox məlahətli, gözəl səsi olub, hətta yaralılar da ondan mahnı oxumasını xahiş ediblər. Elə bil ki, bu gözəl səs yaralarına məlhəm olurmuş…

Qarı yenə də bir az susdu. Sonra isə – eh qızım, o zamandan bəri çox yellər əsib üstəlik yaş da öz işini görüb, artıq o vaxtlar baş verən  hadisələrin bəzilərini unutmuşam – deyərək dərindən bir ah çəkdi və sözünə davam etdi:

Qoprxduğumuz hadisə baş verdi. Bir gün gördük ki, şəhər hər bir tərəfdən mühasirəyə alınıb.  Artıq şəhərin  bütün giriş və çıxış yolları üzümüzə bağlanmışdı.

37-ci briqadada işə düzəldim. Bu briqada uzunboğaz rezin çəkmələr istehsal edən “Qırmızı Üçbucaq”  (Krasnıy Triuqolnik) zavodunun giriş qapılarını qoruyurdu. Zavodun 5 giriş qapısı vardı. Bu girişlıərdə növbə ilə keşik çəkirdik.  Növbədən qayıtdıqdan sonra yorğun, ac halda, otaq çox soyuq olduğundan elə paltarla yerimizə uzanırdıq. Çox vaxt gözümüzə yuxu belə getmədən həyəcan siqnalı verilirdi və biz bircə dəqiqənin içində   yerimizdən  durur, yoxlama qərargahına yığışırdıq. Tüfənglərimizi götürür, döyüşə hazır vəziyyətdə iş başına qaçırdıq. Hətta işə gedərkən də bombalar başımızın üzərində uçuşur, günahsız insanlar qırılırdılar.

Faşistlər zavodu partlatmaq istəyirdilər  və ona görə də  bütün girişlərinin harada yerləşdiyini çox gözəl bilirdilər. Bəzən elə olurdu ki, bombardman saatlarla davam edirdi, amma yağış kimi yağan sursatların yarıdan çoxu partlamırdı. Biz   mövqeyimizi  bombardman bitdikdən sonra da tərk etmirdik.  Atılan sursatların partlayacağından qorxsaq belə zərərsizləşdiricilərin gəlməsini gözləyir, bütün sursatlar zərərsizləşdirildikdən sonra geri dönürdük…

Amma bir dəfə direktorun 2-ci girişdə yerləşən otağına düşən sursatın partlaması nəticəsində o az qala ayaqlarını itirəcəkdi.

Çox ağır həyat tərzi keçirirdik. Bəzən bizə verilən 250 qram qara çörəyi və şorbanı (əgər buna şorba demək olardısa. Noxudu suda qaynadırdılar) yeməyə belə macal tapmırdıq.

Bir dəfə isə…

Həyatımda ən dəhşətli bir hadisə baş verdi. Bir gün növbədən sonra rəfiqəmlə birlikdə yeməkxanaya gəldik. Acından taqətimiz yox idi. Çantamı kətilin üzərinə qoyaraq yemək paylayan qadına yaxınlaşdım. Geri dönüb talonumu götürmək və nahar almaq istəyirdim ki, birdən yerimdəcə dondum. Çantam yerində yox idi. Oğurlamnışdı… İçində də bütün sənədlərim, pasportum və çörək talonum var idi…

Həyatımın ən ağır və dəhşətli günləri başladı. Ayın əvvəli idi. Ancaq ayın axırında talon ala bilərdim. Pulum da yox. Maaşı bizə Moskvadan göndərirdilər. leninqrad isə mühasirədə idi. Hamı aclıq çəkirdi. Odur ki heç kimdən kömək istəmədim. Günlərlə ac qalırdım, hətta yeriməyə taqətim belə qalmamışdı. Amma yenə də iradəmi toplayıb işə gedirdim. Onu da deyim ki, mühasirə müddətində cəmi 3-cə gün işdən qalmışam. Bu da xəstəliklə bağlı idi və həkimdən xəstəlik kağızım var idi.

… Ayın axırına az qalmışdı… Artıq yemək belə istəmirdim. Bir qadın mənə çayla qəndin dörddə bir hissəsini verdi, bir az da çörək qırıntısı. Güclə yedim. Artıq mədəm işləmirdi.

Rəfiqələrimdən biri halımın pis olduğunu görərək dözmədi. Mənə yaxınlaşıb öz yeməyindən təklif etdi. Razılaşmadım. Çox təkiddən sonra 2-3 qaşıq şorba içdim. Rəfiqəm hər gün yeməyindın mənə bir az verirdi. Bəlkə də elə buna görə də bu günə kimi yaşayıram. Sonralar öyrəndim ki, yoldaşlarım mənim acından ölə biləcəyimi düşünüblər.

Qarının üzü kədərli bir hal aldı. Bəlkə də xəyalı artıq o ağrılı acılı illərə uçmuşdu.

Bir azdan qarı elə bil canlandı : – Ay qızım, daha danışa bilmirəm, çox yoruldum. Mühasirə bitənə qədər bax beləcə yaşadıq. Mühasirə birdikdən sonra isə bizim nə hala düşdüyümüzü, sevincdən nə oyunlar çıxardığımızı isə özünüz təsəvvür edin…”

Sonra bir də bunu əlavə etdi qarı: – “ Bir gecəyə çox təəccüb edirəm. Müharibə dövründə elə bir ağrı-acının içində  adamlar bir- birilə çox mehriban dolanırdılar. Bir-birinin halına yanırdılar, qeydinə qalırdılar. Amma, bu qədər bolluğun içində, gözəl günlərdə yaşayan insanlar bu gün bir-birinə elə bil ki, qənim kəsiliblər. Görəsən niyə !?.”

Qarının bu sözündən sonra dərin düşüncəyə daldım. Gəlin hamımız bu barədə bir daha düşünək. Məncə düşünməyə dəyər. Hələ də gec deyil !

Böyük Vətən Müharibəsi adlandırdığımız qanlı savaşdan ötən bu müddət ərzində Anna Vasilyevna Kostina ümidlə yaşayıb. Onun min bir əzaba qatlaşdığını eşitdikcə dözümlü olmağa, mübarizə aparmağa dəyməzmi?

Qarabağa doğru !..