“Özümü 20 yaşındakı kimi hiss edirəm” – Elçin sükutu pozdu

Bu gün -13 may tarixi Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçin Əfəndiyevin doğum günüdür. Yazıçının 75 yaşı tamam olur.

Elçin Əfəndiyev 1943-cü ilin bu günündə Bakıda, tanınmış yazıçı İlyas Əfəndiyevin ailəsində dünyaya göz açıb.

Modern.az saytı bu yaxınlarda baş nazirin müavini postundan azad edilmiş Elçin Əfəndiyevin doğum günü təəssüratlarını öyrənib.

“75 yaş sizi qorxutmur ki, çünki bu yaş insanı üzü qocalığa tərəf aparır”sualına Elçin Əfəndiyev özünəməxsus tərzdə cavab verib.

“Özümü 20 yaşındakı kimi hiss edirəm və üzü o tərəfə getmək fikrim də yoxdur. 75 yaş məni qorxutmur. Sadəcə, bir heyrət var. 75 yaş rəqəmini görəndə daxili bir heyrət yaranır. Yəni, söhbət məndən gedir?! 75 yaş necə gəldi keçdi?! Nə zaman gəlib çatdı ki, xəbərim belə olmadı?! Bir söz deyim. 50 il bundan qabaq hansı hisslərlə yaşayırdımsa, indi də o hisslərlə yaşayıram. 30 il bundan qabaq hansı fikirlərlə həyata münasibətim vardısa, bu gün də həmin fikirdəyəm. 75 yaş məni qocalıq kompleksinə salmır. Belə bir şey yoxdur”.

Qeyd edək ki, Elçin Əfəndiyev 25 il baş nazirin müavini vəzifəsində çalışıb.

Nazirlər Kabinetinin yeni tərkibində yer almaması, gələcək fəaliyyəti bu və ya digər suallara cavab olaraq Elçin Əfəndiyevlə geniş müsahibəni tezliklə Modern.az saytında oxuya bilərsiniz.