Kremlin ehtiyat planı İŞƏ DÜŞÜR – Ukrayna və Suriyadan sonra bura ALOVLANACAQ – VİDEO

“Rusiya Ukrayna və Suriyada münaqişələri alovlandıraraq Qərbi dünyanın yenidən nüfuz dairələrinə bölünməsi haqqında danışıqlar stoluna oturmağa məcbur edəcəyinə ümid edirdi. Bu cəhdlər müvəffəqiyyətsizliyə uğradıqdan sonra Kreml ehtiyat planını işə salmaq qərarına gəldi”.

Turkustan.info xəbər verir ki, bunu “ObozTV”-nin efirində milli təhlükəsizlik məsələləri üzrə ekspert Taras Jovtenko bildirib.

“Rusiya Ukraynada qarşısına qoyduğu siyasi və geosiyasi hədəflərə nail ola bilmədi. Moskva Ukrayna münaqişəsi çərçivəsində NATO və Avropa İttifaqında stabilliyi pozmaq, beləliklə, ABŞ-ı Rusiyanın superdövlət statusunun tanınması üzrə danışıqlara məcbur etmək istəyirdi. Ukraynada uğursuzluqdan sonra Rusiya hansısa bir alternativ tapmağa cəhd etdi və beləliklə, rusiyalılar Suriyada ortaya çıxdılar. Amma biz görürük ki, Rusiyanın Suriya macərası da bu gün uğursuzluğa düçar olur. Ukrayna və Suriya ssenarisinin uğursuzluğu halında Rusiyada ehtiyat variant var idi. Bu, Şimali Koreyadır”.

Amma, ekspertin sözlərinə görə, bu plan da aktual deyil. Onun sözlərinə görə, Rusiya buna görə də siyasi, iqtisadi və hərbi təsiri olan Avropa ölkələrindən, ilk növbədə, Balkanlardan istifadə edəcək.

Ekspertin fikrincə, Balkanlarda, ehtimal ki, etnik münaqişə yenilənəcək:

“Bu, Bosniya və Herseqovina və onun tərkibində Serb Respublikasıdır. Bu ssenarini Donbas münaqişəsinin həlli üsulu kimi Ukraynaya təklif edirdilər. Bu gün biz balkanizasiyanın nəticələrini görürük. Rusiya serb azlığın tərəfindən münaqişəyə qoşulmaq və Avropa müttəfiqlərini sıxmaq üçün bu dövlətdə təsirini istənilən vaxt istənilən səviyyədə bərpa edə bilər”.   /Publika.az/