Rektor İbrahim Cəfərovun Tələbə evində növbəti görüşü olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun Tələbə evlərində gənclərlə görüşü ənənəyə çevrilib.

Bu görüşlərin məqsədi Tələbə evlərində yaradılan şəraitdən, o cümlədən kitabxana fondundan, idman zallarından səmərəli istifadə, burada yaşayan tələbələrin asudə vaxtının daha yüksək səviyyədə təşkili, habelə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, ümumiyyətlə, tələbə həyatı ilə bağlı bütün məsələlər üzrə müzakirələrin aparılması, verilən təkliflərin dinlənilməsidir.

Növbəti görüş fakültə dekanlarının, kafedra və şöbə müdirlərinin, tələbə təşkilatlarının iştirakı ilə təşkil olunub. Səmimi şəraitdə keçən görüşdə rektor İbrahim Cəfərov dövlətin aqrar təhsilə dəstəyinin müasir səviyyəsində təhsil, asudə vaxtın səmərəli təşkili, tələbələrin yaradıcılıq potensialının inkişaf etdirilməsi yaradılan şəraitlərdən səmərəli istifadənin vacibliyindən danışıb.

Qeyd olunub ki, aqrar sahədə əmək bazarında rəqabətin gücləndiyi indiki dövrdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək üçün universitetdə hər cür şərait yaradılıb. Sonra tələbələr suallarını və təkliflərini rektora ünvanlayıblar.

Verilən təkliflərin həyata keçirilməsi üçün rektor dekanlara, kafedra və şöbə müdirlərinə tapşırıqlarını verib. Sual və təkliflər əsasən dərslərin praktik yönümlülüyünün artırılması, könüllülük fəaliyyətinin gücləndirilməsi, beynəlxalq mübadilə proqramlarında iştirak, imtahanların qəbul edilməsi formaları, akademik borcların ləğvi kimi məsələləri əhatə edib.

Qeyd olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verən rektor bu kimi görüşlərin daha intensiv xarakter alacağını və hər bir tələbəni istənilən məsələ ilə bağlı hər zaman dinləməyə hazır olduğunu bildirib.

Tələbələr daim onların problemlərini, təkliflərini birbaşa dinlədiyinə və həmişə onların yanında olduğuna görə rektora minnətdarlıqlarını bildirib.