Dollar bahalaşır – Dünyada nə baş verir?

ABŞ-ın İrana istiqamətli ilk sanksiya paketi 6 avqustda dövriyyəyə buraxılacaq.

Bu tarixdən sonra İran hökuməti, ABŞ dolları ala, qızıl və digər qiymətli metallarla ticarət edə bilməyəcək. Bundan əlavə, İranın alüminium, polad, kömür ticarəti ilə avtomobil sektoru üzərinə də sanksiyalar tətbiq olunacaq, İran xaricində ölkənin pul vahidi olan riyal üzərindən reallaşan əhəmiyyətli əməliyyatlara də məhdudiyyətlər qoyulacaq.

Turkustan.info bildirir ki, tədbiq olunacaq sanksiyaların iqtisadi nəticələri ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Cəfər İbrahimli bildirib ki, İran valyutasının dəyər itirmısi gözlənilən idi:

“Sanksiya tədbiq olunandan sonra neftin qiyməti bir az yüksəldi. 2-3 il əvvəl də İrana sanksiya tədbiq olunduğu zaman eyni proses yaşandı. İran OPEK-in üzvüdür. Nefti çıxarıb satır. Burada indi sadəcə məhdudiyyət məsələsi var. İranın kifayət qədər məhsullarını satmaq imkanı var. Bu prosesin neftin qiymətini ajiotaj yaradacaq şəkildə qaldıracağını düşünmürəm. Neftin qiymətinin qalxmasına səbəb dünya iqtisadiyyatının son dönəmlərdə iqtisadi böhrandan çıxmasıdır. Enerji resurslarına artan tələb neftin qiymətinin yüksəlməsinə səbəbdir. Bu, Amerika və Çində iqtisadi aktivlik azalana qədər davam edəcək. İran faktoru neftin qiymətində bir-neçə dollar yüksəldə bilər.

İran kimi ölkələrin valyutası mütəmadi olaraq dəyər itirir. Amerika dolları isə son günlər bütün valyutalar qarşısıda dəyər qazanır. Bu qərardan sonra İran valyutası daha çox dəyər itirməyə başladı. Bu da öz növbəsində normal qarşılanmalıdır. Siz, ölkə olaraq bütün dünyanı qarşınıza alırsınızsa, bu, sizin valyutaya mütləq mənfi təsir göstərəcək. Bu gözləntilər fonunda İran valyutasının dəyər itirməsi gözlənilən idi. Bunu, Rusiyaya qarşı tədbiq edilən sanksiyalarda da gördük. Rubl dəyər itirdi. Daha sonra Suriyada baş verən hadisələr fonunda Türkiyə və Suriyada da valyutalar ucuzlaşdı”.