“Kürd kartı” yenidən işə salınır

Mayın 13-ündə İraqda keçirilən parlament seçkilərində gözlənilənin əksinə olaraq hazırkı baş nazir Heydər İbadi qalib gələ bilməyib. Seçkilərin nəticələrinə əsasən nüfuzlu din adamı Müqtəda Sədrin rəhbərlik etdiyi “Sairun” koalisiyası 54 mandatla 1-ci, “Həşdi Şabi”nin komandiri Hadi əl-Amirinin başçılıq etdiyi Fəth İttifaqı 47 mandatla 2-ci, hazırkı baş nazir Heydər İbadinin başçılıq etdiyi Nəsr ittifaqı isə 42 mandatla 3-cü yerə çıxıb. 4-cü yerdə olan “Qanun Dövləti” İttifaqı isə 25 mandat qazanıb.5-ci yeri isə bərzanilərin Kürdüstan Demokratik Partiyası əldə edib, 23 mandat.İraq türkmən partiyalarının birləşdiyi Kərkük Türkmən Cəbhəsi isə seçkilərdə 3 mandat qazanıb.

Ekspertlər hesab edir ki, bu nəticələrə görə İraqda İrana yaxın qüvvələr qalib gəlib.Bu isə özlüyündə bir sıra sual yaradır. İrana meyilli  qüvvələrin qələbəsi ölkədə gərginliyi artıracaqmı?

Yeni hökumətin kürdlərlə münasibəti necə olacaq?Məlumdur ki, Şimali İraq Kürd Muxtariyyəti bir müddət öncə referendum keçirərək müstəqilliyini elan etmişdi.Ancaq sonradan mərkəzi Bağdad hökumətinin dirənişi ilə Şimali İraq Kürd Muxtariyyəti referendumun nəticələrini dondurdu.Qeyd edək ki, İraqda müstəqil kürd dövlətinin yaradılması ABŞ-ın “Orta Doğu” layihəsinin tərkib hissəsidir.Görünən odur ki, bu məsələdə də ABŞ İranla üz-üzə gələcək.Digər tərəfdən, kürdlər yenidən müstəqillik sevdasına düşə bilər ki, bu da bölgənin yenidən qarışması deməkdir.

Politoloq Nəzakət Məmmədova İraqda keçirilən seçkilərin nəticələrini “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İran Yaxın Şərqdə mövqeyini saxlayır:

“200 siyasi partiyanı birləşdirən 29 seçki bloku üzrə bu nəticələrə gözlənilməz demək olmaz. Çünki həm baş nazir Heydər əl-Abadi, həm də Müqtəda əs-Sədr İraq siyasətinin patriarxları hesab oluna bilərlər.Əl-Abadi daha çox ABŞ və İngiltərəyə, Əs-Sədr isə İrana yaxın siyasətçilərdir.Lakin əl-Abadini İran da qəbul edir.Bunun əsas səbəblərindən biri onun şiə məzhəbinə mənsub olmasıdır. O, hələ ilk dəfə baş nazir olan zaman Maliki tərəfdarları buna qarşı çıxsa da, İraqın nüfuzlu şiə dini xadimi əs-Sistani əl-Abadini müdafiə etmişdi. Bununla belə, əl-Abadinin sünni və kürdlər arasında da nüfuzu var. Mayın 8-də Livanda keçirilən seçkilərdə də şiələr, yəni “Hizbullah” üstün mövqe qazandı.Bu o deməkdir ki, İran yaxın Şərqdə olan siyasi, hərbi mövqelərini qoruyub saxlaya bildi.Göründüyü kimi İraq, Livan, Yəmən və Suriyada İran öz üstünlüyünü saxlamaqdadır. Şiə hilalını parçalamaq istəyən qüvvələr hələ ki, buna nail ola bilmirlər.

Artıq Livanda və İraqdakı seçkilərdə şiə siyasətçiləri üstün mövqe qazanmış oldular.Bu da İranın nüfuzunu saxlamasına səbəb olacaqdır. Bu, İŞİD terror təşkilatının İraqda məğlub edilməsindən sonra keçirilən ilk  seçkidir. ABŞ dövlət departamentinin nümayəndəsi də seçkilərin azad, demokratik şəraitdə keçirildiyini bildirib”.

Nəzakət Məmmədova vurğulayıb ki, növbəti 4 ildə İraqda söz sahibi ABŞ, İngiltərə və İran olacaq:

“İraqdakı seçkilər həm də Kürdüstan məsələsinin arxa plana atılmasına, kürd partiyalarının mövqeyinin daha da zəifləməsinə səbəb ola bilər. Çünki parlamentdə 329 yerdən 51-nə sahib olan şiə partiyaları İraq siyasətində, Kürdüstan məsələsində öz sözlərini demək imkanları qazandı.Bununla həm də onlar qarşıdakı 4 ildə ölkənin idarə edəcək koalisiya hökumətinin formalaşmasında iştirak etmək hüququ əldə etdilər.Heydər əl-Abadi İngiltərənin Mançester Universitetində təhsil alıb, İraqda baş nazir kimi daima Britaniyanın, xüsusilə neft maraqlarını qoruyub.Seçkilərin ilkin nəticələri onu deməyə əsas verir ki, ABŞ, İngiltərə və İran öz mövqelərini İraqda qoruyub-saxladılar. Artıq İraqda mübarizə terrorçularla  hökumət arasında yox, ayrı-ayrı məzhəblər, xüsusilə, kürd, türkmən və ərəblər arasında baş verə bilər. İraqın parçalanması təhlükəsi də müəyyən qədər azalmış olur.Çünki nə əl-Abadi, nə də əs-Sədr müstəqil Kürdüstan tərəfdarı deyillər.İraq bu baxımdan daha çox böyük dövlətlərin enerji və geosiyasi maraqlarının toqquşma meydanına çevrilə bilər”.   /Cebhe.info/