Qərb Rusiyadan qorxurmu? – İki rəy

Əhəd Məmmədli: “Putinin güclü lider olduğunu…”; Elşən Mustafayev: “Sanksiyalar Rusiyaya çox böyük zərbələr vurub”

Qərbin 4 ildir sanksiyalar tətbiq etdiyi Rusiyadan çəkindiyi yönündə iddialar var. Son olaraq, alman professor Manfred Hildermayer Rusiya prezidenti Vladimir Putinin növbəti 6 illik prezidentlik müddətini dəyərləndirərkən bu barədə danışıb. Alman professor Qərbin Rusiya ilə açıq qarşıdurmadan yayındığı iddiasındadır.

Əslində bu cür fikirlər tez-tez səslənir. Çünki şimal qonşumuz son 4 ildə Amerika qarşısında inanılmaz dirəniş göstərir. Hətta bəzi məqamlarda Qərbə meydan oxuyur, bir sıra ərazilərdə baş verən münaqişələrdə üstünlük belə qazanır.

Politoloq Əhəd Məmmədli də Qərbin Rusiyadan çəkindiyini düşünür: “Qərb Rusiyaya total şəkildə, məqsədyönlü hücumlar etmir. Çünki Qərb indi monolit bir güc birliyi deyil. Amerikanın maraqları ilə Avropa Birliyinin, Avropa Birliyi ilə Böyük Britaniyanın, Amerika ilə Böyük Britaniyanın maraqları toqquşur. Üstəlik, Amerikanın özündə elitalar arasında daxili qarşıdurmalar gedir, prezident, Konqresə qarşı və s. Bütün bu mənzərə də Rusiyaya sərf edir. Neftin qiymətinin qalxması Rusiya tipli neft rejimlərini yenidən gücləndirir. ABŞ hələ də Rusiyaya qarşı ən yüksək səviyyədə sanksiyalar tətbiq etməyə risk etmir. Əlavə də Putinin güclü lider olduğunu da qeyd etməliyik. Kəşfiyyatçı kimi Putin rus xalqının içini gözəl bilir və buna da uyğun fəaliyyət göstərir. Rusa tox, amma qismən balaca Rusiyadansa, ac, amma böyük imperialist Rusiya lazımdır. Putin də xalqının istədiyini məharətlə yerinə yetirir. Qərb təbii ki, Rusiyadan çəkinir. Çünki Rusiya dünyanın ikinci nüvə derjavasıdır.

Ä°lgili resim

Əmin olun ki, rusların atom bombası olmasaydı, onları da çoxdan qardaşları serblərin vəziyyətinə salardılar. Onunla razı deyiləm ki, Rusiya dağılsa, dünya və reqiona fəlakətlər gətirə bilər. SSRİ haqqında da eyni sözlər deyilirdi. SSRİ dağıldı və heç bir fəlakət olmadı. Rusiya da dağılsa heç bir fəlakət olmayacaq. Əksinə, sabitlik yaranacaq. Görünür, hələ ki bu cür sabitlik heç kəsə lazım deyil. Yuxarıda qeyd etdiyim nüanslar Qərbi Rusiya qarşısında zəif edir. Kim sizə deyir ki, Qərb Rusiyanın dağılmasını istəyir? Bəlkə Qərb Rusiyaya lazımdır? Putini Qərb, Qərb də Putini yaxşı tanıyır. Və bunlar ikisi də bir-birilərinin hara qədər gedə biləcəklərini yaxşı bilirlər. Ona görə hələlik bir-birilərinə pas ötürürlər. Arada da, Fələstin, Ukrayna kimi ölkələri bir-birilərinə qurban verirlər. Fələstin ABŞ-ın, Ukrayna isə Rusiyanın qurbanına çevrilib. Və bu cür misallar çox göstərə bilərik”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev ile ilgili görsel sonucu

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev sanksiyaların Rusiyaya böyük zərbə vurduğunu qeyd etdi:“Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu gün üçün mümkün olan yeganə variantdır. Nəticələrin bütün tərəflər üçün ağır olacağını nəzərə alsaq, münasibətlərin qaynar fazaya keçməsində heç kim maraqlı deyil. Amma eyni zamanda Qərb maksimim dərəcədə, müharibəsiz bu qarşıdurmada qalib olmağa çalışır. Sanksiyaların Rusiyaya təsir etməməsini, yaxud az təsir etməsini deyənlər isə yanılırlar. 4 il bundan öncəki Rusiyanın iqtisadi vəziyyətini, valyuta ehtiyatlarını , ölkədə xarici sərmayənin həcmini araşdırsaq görərik ki, sanksiyalar Rusiyaya çox böyük zərbələr vurub. Belə ki, bu müddət ərzində ölkədən milyardlarla sərmayə geri çəkilib, valyuta ehtiyatları kritik həddə qədər azalıb. Hesab edirəm ki, son sanksiyalar kifayət qədər sərt idi. Təkcə son sanksiyalarda 1 günün içində 70 milyarddan artıq sərmayə ölkədən çıxıb, bir çox böyük banklar iflas həddinə çatıb, proses hələ də davam edir. Amma bunu etiraf etmək məğlubiyyəti etiraf etmə anlamına gəldiyi üçün hazırda bütün tərəflər informasiya müharibəsi aparır. Yəni Qərb sanksiyaların vurduğu ziyandan daha artığını təbliğ edirsə, Rusiya da bu sanksiyaların təsirsiz olduğu təbliğatını yayır. Sözsüz ki, soyuq müharibənin əsas qaydalarından biri də müdafiə mövqeyində olmamaq, özünü zəif göstərməməkdir. Bu xətdən çıxış edərək Rusiya mütəmadi olaraq Qərbin üstünə gedir, müxtəlif ittihamlar və təhdidlər səsləndirir. Əslində bu günə qədər olan qarşıdurmada iki tərəf var, ABŞ və Rusiya. Qərb sözü isə ümumi olaraq işlədilir və kollektiv şəkildə bir çox dövlətlərin bu istiqamətdə fəaliyyətdə olduğunu bildirir. Biz bilirik ki, bütün sanksiyalar ilk olaraq ABŞ tərəfindən tətbiq olunur, sonradan Avropa İttifaqı dövlətləri bu sanksiyalara qoşulur. Avropa ittifaqı dövlətləri də yekcins deyil. Bir sıra dövlətlər bu sanksiyalara könülsüz olaraq qoşulur və Rusiya ilə yaxşı münasibətlərin olmasında maraqlıdırlar. Onlar üçün başqa ölkələrdə demokratik vəziyyətin necə olması, Krımın anneksiyası və s. bu kimi hadisələr maraqlı deyil.

Maraqlı olan Rusiya ilə ikitərəfli biznes əlaqələri, xeyirli kontraktlar, əldə olunan gəlirlərdir. Amma onların iqtisadi vəziyyəti, Avropa İttifaqındakı gücü istədikləri kimi olmağa imkan vermir. Avropa İttifaqında əsas güc sahibi Almaniya, sonra isə Fransadır. Ona görədir ki, ABŞ rəhbərləri ittifaqda qəbul olunacaq qərarlarla bağlı bu iki dövlətin rəhbərləri ilə görüşürlər. Bu iki dövlət isə Avropa İttifaqının iqtisadi gücü olması ilə bərabər, Avropa Parlamentində əhalinin sayına görə ən çox deputatla təmsil olunurlar və Avropa Birliyi Komissarlarının təyinatında da həlledici rol oynayırlar. Eyni zamanda ittifaqın ümumi xəzinəsinə də ən çox pul ödəyirlər, digər üzvlərə borclar verirlər. Bütün bunlarla bərabər Qərb müəyyən mənada Rusiyadan çəkinir. Xüsusilə Şərqi Avropanın uzun müddət SSRİ nəzarətində olması, imkan olarsa bu nəzarəti bərpa etmək ambisiyaları Qərbi həmişə çəkindirib. Çünki qarşısındakı dünyanın ən güclü nüvə dövlətlərindən biridir. Məhz ona görədir ki, bəzi hallarda istəməsələr də, özlərinin iqtisadi maraqlarına zidd olsa da sanksiyaların tətbiqində ABŞ-a dəstək verirlər. ABŞ-ın isə Rusiyanı çoxsaylı dövlətə parçalamaq fikri yoxdur və bunun indiki dönəmdə perspektivsiz olduğunu və cəhdlər olarsa, hamı üçün ağır faciərlə nəticələnəcəyini yaxşı bilir. Hesab edirəm ki, onlar üçün ən optimal variant iqtisadi çökmələr və daxili təzyiqlər vasitəsilə Putin rejiminin dəyişdirilməsi, liberallardan ibarət bir hakimiyyətin olmasıdır”.   /Yeni Müsavat/