Doktor Rəşad Mahmudov: “Barəmdə yayılan məlumatlar həqiqətdən tam uzaqdır”

Milli Məclisin deputatı, tanınmış ürək cərrahı Rəşad Mahmudov barəsində sosial mediada və bəzi saytlarda yayılan xəbərlərə münasibət bildirib.

 Turkustan.info onun Modern.az saytına açıqlamasını olduğu kimi təqdim edir:

“Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşam və buradakı fəaliyyətimlə bağlı 1 illik əmək müqaviləsi bağlanmışdı.

Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olmuşdur. Ümid  edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi regionun qabaqcıl müalicə müəssisələrindən biri olmuşdur. Artıq müqavilənin müddəti başa çatmışdır. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmamışdır.

Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır.

Bununla bağlı hər zaman dost münasibəti bəslədiyim media mənsublarından xahişim budur ki, son 3 ayda internet saytlarında yayılan, həqiqətlə heç bir əlaqəsi olmayan, uydurma və absurd məlumatlara həssas yanaşsınlar. Mən həkim, müəllim və millət vəkiliyəm. Bir insan üçün bundan şərəfli iş ola bilməz. Bu adları ləyaqətlə daşımaqdan başqa amalım və hədəfim olmamışdır, yoxdur və olmayacaq da. Tam əminliklə bildirirəm ki, hər zaman Dövlətimizin və Prezidentimizin siyasətini uca tutmaqla, xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm.  Gənc yaşlarımdan mənə göstərilən yüksək etimadı hər zaman doğrultmağı özümə borc bilmişəm. Odur ki, gənc yaşlarımda mənə göstərilən yüksək etimad nəticəsində malik olduğum bu dəyərlərə kölgə salan hər bir sözü, fikri, hərəkəti qətiyyətlə rədd edirəm.

İndi bizim üçün müqəddəs sayılan Ramazan ayıdır. Qarşıdan Ramazan bayramı gəlir. Bəribaşdan hamını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram”.