Hacıyevin etirazına Zaxarovanın əxlaqına uyğun CAVABI

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin Rusiya nümayəndələrinin Suxumidə keçirilən və “beynəlxalq tədbir” adı verdikləri separatçı liderlərlə görüşündə Bako Saakyanın iştirakına reaksiyası Rusiya XİN-in aqressiv cavabı ilə qarşılanıb.

Turkustan.info xəbər verir ki, Lavrovun yenidən rəhbərlik etdiyi və ermənipərəst mövqeyi davam etdirən Rusiya XİN-in Zaxarovanın simasında Azərbaycana növbəti aqressiyası reaksiyalar doğurub.

Politoloq Şahin Cəfərli bildirib ki, Rusiya XİN-in departament rəhbərinin “Abxaziya diplomatiyasının 25 illiyi” münasibətilə Suxumidə keçirilən tədbirdə Bako Saakyanla görüşməsinə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev 2 gün əvvəl diplomatik tərzdə etiraz bildirdi:

“Dünən isə Rusiya XİN Mariya Zaxarova tərəfindən qələmə alındığı açıq hiss olunan bəyanatında H.Hacıyevə sərt və acıqlı cavab verdi. Bəyanatda Dağlıq Qarabağ “Abxaziyanın xarici siyasət tərəfdaşı” kimi təqdim olunur. Açıqlamada “Dağlıq Qarabağ nümayəndələri ilə üz-üzə gələ bilərik deyə beynəlxalq tədbirlərə qatılmamalıyıq ki?” şəklində Hikmət bəyə ünvanlanmış çəmkirmə də yer alıb. Bundan əlavə, 2 həftə əvvəl Rusiya XİN-də keçirilən brifinqdə M.Zaxarova “Azərbaycan və Dağlıq Qarabağ arasındakı təmas xətti” ifadəsini işlədib”.

Politoloq Paşinyanın gəlişi ilə Rusiyanın Ermənistan siyasətini dəyişəcəyi barədə yaranan təəssüratın yanlış olduğuna da diqqət çəkib:

“Rusiya yaxın vaxtlarda Ermənistana “Tor” zenit-raket kompleksi göndərəcək”.

Qeyd edək ki, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya prezidenti kimi özünü təqdim edən Raul Xacimbanın Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim, Dnestryanı və Cənubi Osetiya rejimlərinin nümayəndələri ilə görüşünü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib.  /Axar.az/