Nazir deputatı işdən çıxarıb? – “Oqtay Şirəliyev tərəfindən…” (Açıqlama)

Milli Məclisin deputatı, tanınmış ürək cərrahı Rəşad Mahmudov barəsində sosial mediada və bəzi saytlarda yayılan xəbərlərə münasibət bildirib.

Onun açıqlamasını təqdim edirik:

“Bakı Ürək Mərkəzinə Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunmuşam və buradakı fəaliyyətimlə bağlı 1 illik əmək müqaviləsi bağlanmışdı.

Müqaviləyə görə əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi regionun qabaqcıl müalicə müəssisələrindən biri olmuşdur. Artıq müqavilənin müddəti başa çatmışdı. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmadı.

Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azad etmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.

Qeyd edək ki, yerli mediada və sosial şəbəkələrdə Rəşad Mahmudovun səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən çıxarıldığı barədə xəbərlər yayılmışdı.   (modern.az)