Paşinyanın vədləri: Hədəfə hansı pullarla çatacaq? – Ekspert

Formalaşma prosesi ərzində Paşinyanın dövlət qurması xeyli vaxt alacaq. Buna da erməni əhalisinin dözümünün olub-olmayacağını söyləmək çətindir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli son günlər Ermənistanda aksiyaların kəsilmədiyi və hətta Ermənistanın yeni Baş naziri Nikol Paşinyana qarşı da yönəldiyini şərh edərkən deyib. O bildirib ki, Paşinyan demokratik hərəkat dalğasında hakimiyyətə gəldi:

“Onun ətrafına yığdığı adamlara verdiyi vədlərin əsasını demokratik hakimiyyətin qurulması və avtoritar rejimin bütövlükdə dəyişdirilərək, demokratik rejimə çevrilməsi təşkil edir. Onun əsas verdiyi vədlərdən biri rüşvət və korrupsiya nəticəsində oğurlanmış pulların ölkə xəzinəsinə qaytarılması və ölkədə tam ədalətli və sosial mahiyyətli bir dövlət aparatının qurulmasıdır. Paşinyan obraz kimi də Qərb dövlətlərinin siyasi sistemini və siyasi dövlət quruluşunu əsas götürürdü”.

Politoloqun sözlərinə görə, Paşinyan hökumət və korrupsiyaya qarşı mübarizə vədində bəlkə də müəyyən uğurlar qazana bilər:

“Yəni özü rüşvətə meyillənməyəcəksə və ətrafını seçərkən dürüst adamları seçib yerləşdirə biləcəksə, korrupsiyanın kökünü müəyyən qədər kəsə bilər. Amma ölkədə demokratizmin bərqərar edilməsi istiqamətində işlər aparılması o qədər də asan deyil. Əvvəla, cəmiyyətin intllektual, siyasi və ictimai şüur səviyyəsi buna imkan vermir. Cəmiyyətə tətbiq edilən demokratik təsisatlar və qurumların əhali tərəfindən qəbul edilməsi və qavranılması üçün ictimai siyasi şüur həmin qurumların işləməsinə şərait yaratmalıdır. Bir növ əhalinin demokratik səviyyəsi yüksəlməlidir ki, ölkədə demokratik cəmiyyəti qurmaq mümkün olsun. Bu asan baş verən proses deyil. Bunun üçün ölkədə təhsilin, mədəniyyətin və digər təsisatların sürətli inkişafı tələb olunur”.

Politoloq vurğulayıb ki, Paşinyanın dediklərinə əməl edə blməsi üçün cəmiyyətin maddi rifah halının yüksəldilməsi əsas vəzifələrdən biridir:

“Yəni Paşinyan işsizlərə iş, işləyənlərə isə yüksək maaş vəd edib. Bunun üçün o, vəsaiti haradan tapacaq, iş yerlərini necə yaradacaq, bilinmir. Onun yeganə ümid yeri xaricdəki diaspordur. Diasporun büdcənin, hərbi xərclərin ehtiyaclarını ödəmək imkanında olması ilə bağlı suala birmənalı cavab vermək mümkün deyil. Çünki diaspordan həm insanların, həm ordunun, həm də yeni iş yerlərinin açılması üçün lazım olan pulun gəlməsi inandırıcı görünmür. Burada Paşinyan ciddi problemlərlə üzləşə bilər. Əvvəla Rusiya hər zaman dövlət xətti ilə Azərbaycana qarşı Ermənistanda yaradılan cəbbəxanaya lazım olan silah-sursatı pulsuz göndərirdi. Bundan sonra bu olmayacaq. Üstəlik diaspor da pulu cəmiyyətdə bir dəyişiklik görməmiş havaya səpməyəcək”.

Politoloq qeyd edib ki, əsas pul qaynağı Rusiya olduğundan, Rusiyanın dotasiyalarının kəsilməsi ilə Ermənistanda maddi rifah halı sürətlə aşağı düşəcək:

“Yeni iş yerlərinin açılması üçün də investisiyalar lazımdır. Bu investisiyaları ya erməni lobbisi göndərməlidir, ya da ölkədə elə cəlbedici mühit qurulmalıdır ki, buraya xarici investorlar yatırım etsin. Bunun da imkanı yoxdur. Çünki ölkə nə dənizə yaxındır, nə də ölkədən dəmiryolları keçir. Ölkə blokada şəraitində olduğundan xarici investisiyanın ölkəyə cəlb edilməsi çox çətindir. Yəni problemlər kifayət qədər çoxdur. Paşinyan və onun komandasının bu işləri qaydaya salması isə sual altındadır. Digər tərəfdən, hələ Paşinyanın öz komandası yoxdur, hələ formalaşır”.