ADAU-da “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin Hökümətinin üç ay fəaliyyət göstərdiyi, indiki Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) yerləşdiyi binada “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir”  mövzusunda elmi konfransı öz işinə başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan iki günlük konfransda  Cümhuriyyətin, xüsusilə onun Gəncə dövrünün tədqiqi ilə məşğul olan tarixçi alimlər iştirak ediblər. 

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda respublika konfransının məhz ADAU-da keçirilməsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olması ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında» Azərbaycan Respublikası Prezidentinin16 may 2017-ci il tarixli Sərəncamı olub. Sərəncamdan irəli gələn vəzifələrin və Cümhuriyyətin Gəncə dövründə  sosial, iqtisadi, mədəni, siyasi və hərbi sahələrdə verilən qəraraların müstəqil demokratik dövlət quruculuğunda  rolunu nəzərə alaraq, universitetdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövlətidir” mövzusunda elmi konfrasın keçirilməsi qərara alınıb.

Konfransın açılışında AMEA-nın Z.Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, proessor Solmaz Tohidi Azərbaycan Xalq Cümhuriyyəti və onun Gəncə dövründə qəbul edilən mühüm qərarlar, həyata keçirilən tədbirlər barədə çıxış edib.

ADAU-nun ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə milli-dövlət quruculuğu”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Bağır Babayev “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan demokratik fikrində azadlıq, millətin və vətənin taleyi ideyaları”,   Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov “15 sentyabr 1918-ci il Bakının azad edilməsi prosesi: ermənilərin soyqırım mifləri və reallıqlar” mövzularında məruzələr ediblər.

Konfransda Fətəli Xan Xoyski nəslinin nümayəndəsi Azad Xan Xoyski xatirələrini danışıb və Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq bir sıra tarixi məqamlara aydınlıq gətirib.

Sonra konfrans öz işini bölmələrdə davam etdirib.