Aztəminatlı ailələrdən olan yeniyetmələr üçün hazırlıq kursları təşkil olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Aztəminatlı ailələrdən olan yeniyetmələrin ali təhsil müəssisələrinə qəbul olunmasına dəstək məqsədi ilə kursların təşkili” adlı layihənin icrası davam edir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrindən olan və xüsusi biliyi ilə fərqlənən 20 nəfər şagirdin ali və orta ixtisas məktəblərinə hazırlanması məqsədilə hazırlıq kurslarının təşkili və bu müddət ərzində onlara psixoloji yardımın göstərilməsindən ibarətdir.

4 ay ərzində icrası nəzərdə tutulan layihə çərçivəsində şagirdlər Binəqədi rayon Gənclər Evində hazırlıq kursları keçəcəklər. Sonda kursu bitirən şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbul nəticələri qiymətləndirilərək sertifikatlarla təltif ediləcəklər.

Bununla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elnur Məmmədov və rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova Binəqədi rayon Gənclər Evinə səfər edərək layihənin icrasını monitorinq etdilər və şagirdlərlə görüşərək, onlara dərslərində uğurlar arzuladılar.

 

52 Baxılıb