“Bu silahları almayın, əks halda…!” – ABŞ-dan Ankaraya TƏHDİD

ABŞ Türkiyəyə Rusiyadan almağı planlaşdırdığı “S-400” zenit-raket komplekslərinin alternativlərini təklif edir.

Turkustan.info “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatda keçirilən dinləmələrdə bildirib.

“Türkiyə bu istiqamətdə yanlışa yol verir. Türkiyənin “S-400” zenit-raket komplekslərinə malik olması bizim aramızda, həmçinin Türkiyə və NATO arasında bir çox problem yaradır.

“Biz onlara diplomatik təzyiqi göstəririk, həmçinin onlara alternativlər təklif edirik. Ümid edirəm ki, onların hərəkətləri NATO-nun hədəflərinə daha uyğun olacaq”, – dövlət katibi əlavə edib.

Qeyd edək ki, Ankarada ötən ilin dekabrında Rusiya və Türkiyə arasında “S-400”lərin çatdırılması üzrə kredit razılaşması imzalanıb. Türkiyənin Müdafiə Sənayesi Müşavirliyinin bəyanatına əsasən, Ankara bu kompleksin iki batareyasını alacaq. Tərəflər Türkiyədə müdafiə sənayesinin inkişafı üçün texnologiya əməkdaşlığı haqqında razılaşıblar.

Mayın əvvəlində Müdafiə Sənayesi Müşavirliyinin başçısı İsmayıl Dəmirəl bildirib ki, ABŞ-ın mümkün sanksiyaları komplekslərin Türkiyəyə çatdırılmasına təsir göstərməyəcək.

Öz növbəsində, ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, “S-400” komplekslərinin Türkiyəyə çatdırılması “F-35” qırıcılarının Türkiyəyə satışına təsir göstərə bilər. Buna cavab olaraq Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu qeyd edib ki, qırıcıların Türkiyəyə çatdırılması bloklanarsa, Ankara Vaşinqtona qarşı cavab addımları atacaq.   /Publika.az/