Sərkisyan hakimiyyətə, Qarabağ ABŞ-ın gündəliyinə qayıdır?

Ermənistanda küçə etirazları nəticəsində baş nazir dəyişikliyi baş versə də, hələlik bunu tam hakimiyyət dəyişikliyi adlandırmaq mümkün deyil. O səbəbə ki, parlamentli idarəçilik sisteminə keçmiş işğalçı ölkənin qanunverici orqanında – parlamentdə çoxluq hələ də devrilən baş nazir Serj Sərksiyanın Respublika Partiyasına məxsusdur. Ayrı sözlə, Ermənistanda inqilabın qələbəsi “maddiləşməmiş” qalır. 

Bu vəziyyəti yalnız erkən parlament seçkiləri dəyişə bilər. Lakin ona qədər yeni baş nazir Nikol Paşinyan seçki məcəlləsinə dəyişikliklər eləmək istəyir ki, bu da yenə də parlament çoxluğun izni ilə mümkündür. Necə deyərlər, dairə qapanır. 

Əgər seçkilərə kimi, üstəlik, Paşinyan bəzi səhvlərə yol versə, – bu isə tamamilə mümkündür, çünki o, xalqa reallaşması çərin olan xeyli vəd verib, – o zaman onun baş nazirliyi gerçəkdən də uzun sürməyəcək və marığa yatan “Qarabağ klanı”nın revanşı qaçılmaz olacaq. Hətta “Qarabağ klanı” bu arada Kremlin də narazı olduğu qərbpərəst N.Paşinyanın cəbhədə 2016-cı ilin aprel sindromuna bənzər lokal uğursuzluq yaşamasında maraqlı ola bilər.

***** 
“Ermənistanın sabiq baş naziri Serj Sərksiyan bundan sonra da Respublika Partiyasının lideri kimi qalacaq. Partiya rəhbərinin əvəzlənməsi məsələsi hazırda gündəmdə deyil”. Musavat.com-un məlumatlına görə, bunu parlamentin sədri, hakim partiyanın üzvü Ara Babloyan yerli mediaya deyib. Babloyan partiyanın Paşinyanla seçki reformaları ilə bağlı danışıqlara hazır olduğunu da söyləyib.

Похожее изображение

Hərçənd, Sərkisyanın hələ də partiya sədrliyində qalmasının özü Paşinyana aydın bir siqnaldır ki, o siyasi məğlubiyyətlə barışmayıb və parlament çoxluğunun timsalında hətta hakimiyyətdədir və Paşinyanı qarabaqara izləməklə onun büdrəməsini gözləyir.

Məhz bu reallığı əsas götürən bir sıra analitiklər hesab edirlər ki, Respublika Partiyası məhz parlamentdə çoxluqda olmasından istifadə edərək seçki məcəlləsinə dəyişikləkəri mümkünsüz edə, yaxud özü üçün daha əlverişli zamana kimi uzada bilər.

Картинки по запросу ermənistan Respublika Partiyası

“Özünü formal şəkildə müxalifət elan edən Respublika Partiyası başqa Serj Sərksiyan olmaqla parlamentdə yerlərin çoxunu əlində saxlayır və indiki baş nazir Nikol Paşinyanın dövründə də böyük siyasi güc olaraq qalır”. Musavat.com xəbər verir ki, bu sözləri “Vestnik Kavkaza” nəşrinə İrəvanın sabiq meri Vaaqn Xaçatryan deyib. 

Onun sözlərinə görə, bu üzdən istənilən yeni qanunverici aktı o öz səsləri ilə əngəlləyə bilər: “Odur ki, parlamentdə hər şey bu partiya qarşısında Serj Sərksiyanın hansı vəzifəni qoymasından asılı olacaq. Hələlik ona çalışacaqlar ki, Paşinyanın komandası daima onlarla razılığa gəlsin və istənilən məsələdə güzəştə getsin. Bununla da öz önəmlərini qabartmağa çalışacaqlar. Hərgah, xalq Paşinyanı dəstəkləyir, formal çoxluq yenə respublikaçılara məxsusdur”.

Картинки по запросу Vaaqn Xaçatryan

Keçmiş mer daha sonra deyib: “Respublika Partiyası Seçki Məcəlləsinə dəyişikliklərə mane olmayacağını bəyan edib. Amma mən buna inanmıram. Hamı başa düşür ki, seçki islahatlarından sonra respublikaçıların yeni seçkilərdə səs almaq şansları yoxdur. Ona görə də onlar islahatlara maksimum müqavimət göstərəcək, təkliflərin qəbul olunmasını uzatmağa çalışacaqlar. Sərkisyan da partiyada qalıb ki, partiya dağılmasın. Yəni birləşdirici rol oynayır. Onlar heç olmasa, bir neçə ay gözləməklə ümid edirlər ki, indiki hökumət çox duruş gətirməyəcək və xalq yenidən onlara yaxşı münasibət bəsləyəcək”.

Vaxtilə Paşinyanın təmsil olunduğu “Erməni Milli Konqresi” partiyasının sədr müavini Aram Manukyan öz növbəsində hesab edir ki, S.Sərksiyanın RP-nin başında durması formal qərardır və heç nəyə təsir eləmir: “RP-in parlamentdə yalnız zahiri şəkildə çoxluqdadır. Reallıqda isə o, parçalanmış kimidir. Bu partiyanın başında Sərkisyan olsa da, olmasa da, növbəti parlament seçkilərində yeni nəsil siyasətçilər qalib gələcək”.

Похожее изображение

*****

“Gözlənilmədən baş nazir olan Paşinyan parlamentdə Sərkisyanın partiyasının deputatlarının, yəni Qarabağ klanının səsinə möhtacdır”.

Bu sözləri isə beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib (Axar.az). Onun qənaətincə, Paşinyanın hakimiyyəti çox kövrəkdir: “Səs çoxluğu ilə parlamentdə təmsil olunan RP istədiyi vaxt Paşinyanın qərarlarına səs verməyə bilər.

Картинки по запросу Elşən Mustafayev

Bütün bunları bildiyindən, o, hazırda problemlə bağlı populist bəyanatlar verir, Qarabağa səfər edir, separatçı rejimin rəhbərləri ilə görüşlərdə aqressiv mövqe ortaya qoyur və s. Əgər Ermənistanda yeni parlament seçkiləri keçirilərsə və oradakı qüvvələr nisbəti indikindən fərqli olarsa, o zaman siyasətin dəyişib-dəyişməyəcəyi ilə bağlı daha rahat fikir bildirmək olar. Ancaq o zaman da Ermənistan hakimiyyətinin Qarabağ maraqlarından geri çəkiləcəyinə ümid edilməməlidir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, məcbur olmayana qədər heç kim güzəştə getmək, geri çəkilməklə bağlı düşünməyəcək”.

Politoloq bu xüsusda ehtimal edir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problem ilə bağlı Ermənistan tərəfindən aparılan siyasətdə indiyə qədər olduğundan fərqli mövqe gözlənilmir: “Bu konflikt bizim üçün necə həssasdırsa, Ermənistanda da bir o qədər həssasdır. Zaman-zaman Ermənistanda müəyyən qrupların, əsgər analarının problemlə bağlı etirazlar bildirdiyini görmüşük. 

Amma onların bir hissəsi bu müharibənin Ermənistan üçün ziyanlı, perpektivsiz olduğunu bildirirsə, digər hissəsi də işğalın hüquqi cəhətdən sona çatdırılmamasına, Qarabağa müstəqillik alınmamasına görə narazılığını bildirir. Odur ki, Paşinyan ən azı, Sərkisyanın siyasətini davam etdirəcək. Ola bilsin ki, fərqli taktika və üsullar seçilsin, amma problemə yanaşmada bir yenilik hələ ki, olmayacaq”.

Ekspert məsələnin həlli ilə bağlı indiyədək ABŞ-ın, Avropa Birliyinin çoxsaylı çağırışlar eləməsinə də toxunub. “Mən bunları növbətçi bəyanatlar kimi dəyərləndirirəm. Tək Türkiyə bu məsələ ilə bağlı indiyədək əlindən gələn hər şeyi edib. Amma görünür ki, bu da yetərli deyil. Çünki ortada problemin müəllifi olan Rusiya var. Ermənistanın bu məsələdə geri çəkilməsi ya Rusiyanın təkidli tələbi ilə, ya da əlini onun üzərindən götürməsi ilə baş verə bilər. Bunun üzərində işləməklə problemin sülh yolu ilə həllinə nail olmaq olar. Eyni zamanda, məsələnin hərb yolu ilə həlli mövcuddur ki, bu da bizim üçün həmişə gündəmdə olmalıdır. Ərazisi işğala məruz qalan ölkə kimi bu yoldan istifadə etmək hüququmuz həmişə var”, – deyə o əlavə edib.

*****

“ABŞ Qarabağ konfliktinin sülh yolu ilə həlli yollarının axtarışına bağlı qalır”. Bu sözlər isə ABŞ Dövlət katibi Mayk Pompeonun Azərbaycan Xalq Cümhuriyyətinin yaranışının 100 illiyi bağlı yaydığı bəyanatında yer alıb.

Картинки по запросу ABŞ Dövlət katibi Mayk Pompeo

“1991-ci ildə müstəqilliyinin bərpasından sonra Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşa çevrildi. Biz səbrsizliklə bizim çoxillik əməkdaşlığımızın davamını və təhlükəsizlik, energetika, demokratik idarəetmə sahəsində birgə fəaliyyətimizin dərinləşməsini gözləyirik. Biz həmçinin Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinin axtarılmasına bağlı qalır və tərəfləri tez bir zamanda intensiv danışıqları yeniləməyə çağırırıq”, – deyə sənəddə bildirilir.

Xatırladaq ki, Pompeodan az öncə prezident Donald Tramp azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qarşıdakı ayların Dağlıq Qarabağ məsələsi üçün yeni imkanlar açacağını bildirmişdi. 

Bütün bunlar o deməkdirmi ki, Qarabağ məsələsi ABŞ-ın gündəminə gəlir? Belədirsə, Ağ Ev Rusiya amilinin Qarabağ məsələsində, bütövlükdə regionda rolunu necə ciddiyə almaq niyyətindədir? Nəhayət, Tramp sələfi Barak Obamadan fərqli olaraq, bundan ötrü Azərbaycan və Ermənistan rəhbərlərini Vaşinqtona dəvət eləməyi planlaşdırırmı?    /Musavat.com/

67 Baxılıb