Kikboksinqçilərdən Cümhuriyyətə ərməğan – Yeniyetmələr arasında birincilik keçirildi – FOTOLAR

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində (İC)Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubeli münasibəti ilə yeniyetmələr arasında kikboksinq üzrə birincilik keçirilib. Yarışda 150-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

DİN İC-nin İdmanın təşkili bölməsinin əməkdaşı, kiqboksinq üzrə Əməkdar məşqçi Hakim Hacıyevin yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər.

Əməkdar məşqçisi Hakim Hacıyevin Turkustan.info-ya verdiyi açıqlamaya görə, turnir “Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, çox yaşa, ey şanlı Azərbaycan” devizi altında baş tutub:

“Cümhuriyyətimizin yubiley bayramına həsr edilmiş açıq birincilik uğurla başa çatdı. Yarışa müxtəlif çəki dərəcələrində idmançılar qatılmışdı. Sevindirici məqamlardan biri o idi ki, budəfəki birincilikdə həm qızların sayı artmışdı, həm də idmana yeni başlayan yeniyetmələrimiz könüllü olaraq yarışa qoşulmuşdular. Yeni məşqə başlayanların, adətən yarışa çıxmasına icazə vermirik, çünki zədə ala bilərlər. Ancaq bu dəfə Cümhuriyyətimizin yubileyinə tövhə vermək istəyən yeniyetmələrimizins sayı çox oldu. Xüsusilə qeyd edim ki, 3 həftədir məşq edən Zəhra Şabili təkidlə yarışa qatıldı. Finalda rəqibinin Respublika çempionu olmasına baxmayaraq, yarışdan imtina etmədi. Və 52 kiloqram çəki dərəcəsində ikinci yeri qazandı. Bu, çox sevindirici məqamdır ki, bizim qorxmaz, cəsur qızlarımız böyüyür. Azərbaycanı, həmçinin idman arenalarında layiqincə təmsil edəcək qızlarımız yetişir”.

H.Hacıyev bu turnirin təşkil olunmasında onlara dəstək olan şəxslərə təşəkkür də edib:

“Biz var gücümüzlə istəyi, həvəsi, idmana sevgisi olan qızlarımızı hazırlaşdırmağa, kikboksinqin bütün sirlərini öyrətməyə canla-başla hazırıq. Bu işdə bizə hər cür dəstəyi göstərən, yarışların keçirilməsində dəstək olan Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dəyərli millət vəkili Adil Əliyev cənablarına, DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinovaya xüsusi təşəkkürümü bildirirəm. O dəstəkdən ilhamlanaraq bundan sonrakı fəaliyyətimizdə də Azərbaycanın adına layiq idmançılar yetişdirəcəyik. Həmçinin turnirdə iştirak edən, mükafat qazanan bütün idmançılarımızı təbrik edir, gələcək yarışlarda da uğurlar qazanmağı arzu edirəm. Müvəffəqiyyət qazana bilməyənlərə isə demək istəyirəm ki, ruhdan düşməsinlər. Daha çox məşq edib, qarşıdakı yarışlarımızda qalib olsunlar”.

Yarışın sonunda qaliblərə diplom və medallar təqdim olunub.