Parlament jurnalistləri AXC-nin bünövrəsi qoyulan məkanları ziyarət etdilər

100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Tbilisi ilə sıx bağlıdır. Azərbaycanın müstəqilliyinin məhz bu şəhərdə elan edildiyi məlumdur. Sonradan Cümhuriyyət yaradıcılarının bir neçəsi məhz burada erməni daşnakları tərəfindən qətlə yetirildiklərindən, onların məzarları da Gürcüstan paytaxtında yerləşir. Parlament Jurnalistlər Birliyinin üzvləri AXC-nin yubileyində Tbilisiyə səfər edərək məhz bu aydınlarımızın məzarını, həm də müstəqilliyimizin elan olunduğu binanı ziyarət ediblər.

Mayın 28-də Parlament Jurnalistlər Birliyinin səkkiz üzvü Tbilisinin tarixi mərkəzində, Botanika Bağında yerləşən “müsəlman qəbristanlığı” adı ilə tanınan xiyabanı ziyarət ediblər. Burada cümhuriyyət qurucuları – AXC-nin ilk baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin ilk sədr müavini Həsən bəy Ağayev, fərqli vaxtlarda AXC-nin daxili işlər (28 may 1918-ci il –  6 oktyabr 1918-ci il), maliyyə (1918-ci il), böyük mütəfəkkirlər Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh və bəzilərinin ailə üzvləri dəfn edilib.  

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə keçirilən səfər zamanı Azərbaycanlı jurnalistləri Tbilisinin mərkəzində milli lider Heydər Əliyevin büstü yerləşən və onu adını daşıyan parkı da ziyarət ediblər. PJB üzvləri Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlərlə görüşüblər.

 Jurnalistlər Azərbaycan Gürcüstandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda iştirak ediblər. Tədbir İstiqlal bəyannaməsinin imzalandığı binada baş tutub. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov öz çıxışı zamanı qonaqlara AXC-in tarixi haqqında məlumat verib, bundan əlavə Gürcüstan-Azərbaycan əlaqələrindən danışıb. Azərbaycanlı jurnalistlər DURSUN Həsənovla görüşüblər. Görüş zamanı AXC-nin 100 illik yubileyi ilə bağlı Gürcüstanda həyata keçiriləcək layihələr haqqında məlumat verilib. Rəsmi qəbulda Gürcüstanın dövlət və hökumət başçıları, baş nazir Georgi Kvirikaşvili, bir sıra siyasi fiqurlar, həmçinin Azərbaycan Milli Məclisinin deputatları və iş adamları iştirak ediblər.

Səfər AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi hesabına icra olunan “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində AXC-nin 100 illiyinə həsr olunmuş araşdırma yazılar dərc olunacaq, 1918-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərən səfirliklər barədə tədqiqatlar hazırlanacaq və kitab şəklində nəşr olunacaq. 

85 Baxılıb