Azərbaycanda heç nə yeməyən İNANILMAZ İCMA: Hamilə olanda da təkcə hava ilə qidalandım – FOTOLAR

Gündəlik əhvalımızın kökündə duran səbəblərdən biri də qida rasionumuzdur. Hətta belə bir deyim var ki, ən səmimi eşq yemək sevgisidir. Yəni bu eşq bizi nə qədər məmnun etsə, bir o qədər də ətrafımızdakılara pozitiv enerji ötürərik. Ən vacib sual da burada üzə çıxır. Həqiqətənmi düzgün qidalanırıq? Hansı qida növlərinə üstünlük verməliyik ki, həm sağlam olaq, həm də artıq çəkiyə görə əziyyət çəkməyək? Çağdaş dünya insanı geni dəyişdirilmiş qidalar və artıq çəki təhlükəsi ilə üz-üzə dayanıb. Digər yandan da ağ ölüm hesab olunan şəkərdən bol istifadə orqanizmi məhvə aparan bir sıra xəstəliklərə yol açır.

Картинки по запросу vegetarians

Bu gün planetimizdə 7 milyarddan çox insan yaşayır ki, onların 1 milyardı öz sağlamlıqlarını qorumaq və digər canlılara zərər verməmək məqsədilə ət yeməkdən imtina ediblər. Onlar təbiəti qorumaq məqsədilə heyvan mənşəli qidalara “yox” deyirlər.

Vegetarianlıq min illər öncə Hindistanda yaranıb. Onun davamçıları iudistlər, caynistlər və buddistlər olub. Məhz bu inanca xidmət edən insanlar digər canlılar üzərində zorakılığı rədd edirdilər.

Bu gün Hindistanın 40 faizədək əhalisi heyvani zülal qəbul etmir. Hətta bir sıra şəhərlərdə yemək üçün heyvanları öldürmək qəti qadağan edilib.

Bu tərz yemək modeli qədim Yunanıstanda da mövcud olub, və “Pifaqor pəhrizi” adlandırılıb. Adından da göründüyü kimi bu pəhrizin yaradıcısı Pifaqor sayılır.

Pifaqorun ruhun köçürülməsilə bağlı traktatında heyvan ətinin qəbulu ən azı qeyri-etik sayılır. Bura həmçinin lobya da aid edilir. Lakin lobyanın qəbuluna niyə qadağa qoyulması hələ də alimləri düşündürür. Bir qrup mütəxəssislər hesab edirlər ki, buna səbəb lobyanın insan dölünün başlanğıc formasına bənzəməyidir. Lakin Avropaya ətdən imtina etikası 19 əsrin sonları gəlib.

1847-ci ildə İngiltərədə ilk vegetarian cəmiyyəti yaradılır. Cəmiyyətin üzvləri arasında Corc Bernard Şou, Mahatma Qandi və digərləri olub.

Rusiyada isə vegetarianlığın atası Lev Tolstoy sayılır. 50 yaşdan sonra Tolstoy heyvani mənşəli qidalardan tam imtina edir. Tolstoy deyirdi ki, ölü heyvanların əti ilə qidalanan insan heç vaxt daxilən təmiz və yaradıcı ola bilməz. Hətta “İlk pillə” adlı essedə yazırdı:” On ildir ki, səni və uşaqlarını inək yedirdir, qoyun öz yunu ilə isidir. Onlara minnətdarlığın başlarını kəsib yeməkdirmi?”

Sovet İttifaqının yaranması vegetarianlıqla mübarizəni də gücləndirdi. Hətta ətdən imtina edib, bu hərəkatı yayanlar sürgünə göndərilirdilər.

21 əsrin əvvəllərindən başlayaraq vegetarianlıq sağlam həyat tərzi sürmək istəyənlərin əsas seçiminə çevrildi. Bu yolu tutanlar iddia edirlər ki, əcdadlarımızın əsas qida rasionunu meyvə və tərəvəzlər təşkil edib. Ona görə də daha uzunömürlü olublar.

Vegetarianlığın daha bir qolu veqanlıqlıqdır.

Bəs veqanlıq nə vaxt yaranıb?

Veqan pəhrizinin vegetarianlığa nisbətən daha sərt qaydaları var. Veqanlıqda nəinki ətdən, süd məhsullarından, baldan, yumurtadan imtina, həmçinin şəkər, dəri geyimlər, sirk və zooparklara getmək də qadağan olunur. Belə desək, heyvanların təhlükə və zorakılığa məruz qaldığı bütün fəaliyyətlərlə mübarizə aparılır.

“Veqan” termininin yaradıcısı bu fəsləfənin atası sayılan Donald Uotsondur. “Veqan” kəlməsi “vegetarian” sözünün ilk və son hecalarından ibarətdir.

Donald hələ 14 yaşı olanda fermada donuzların öldürüldüyünü görüb, ət yeməkdən imtina edir. Daha sonra isə südü rasionundan çıxardır.

Uotson ətrafındakı insanların yad düşüncəsindən əzab çəkirdi. Onu tək anlayan insan xanımı idi. Birgə əsasını qoyduqları veqanlar təşkilatına Donald 95 yaşınadək rəhbərlik edir. Vəfatından sonra təşkilatın fəaliyyəti də dayanır. Dünyanın ilk rəsmi veqanı Uotson düz altmış ildən çox heyvani qidalardan uzaq duraraq yer üzündə yaşayan bütün canlıların haqqını müdafiə edib.

Картинки по запросу donald uotson

Veqanlığın özü də 4 qola bölünür.

Sadə veqanlar – ət məhsulları, yumurta və süddən imtina edirlər.

Laktovegetarianlar – yalnız süd məhsulları ilə qidalanırlar.

Ovovegetarianlar – sadalananlardan yalnız yumurta yeyirlər. Çünki sənayedə yumurtadan cücə əldə etmək üçün istifadə olunmur.

Laktoovoveqanlar – yumurta və süd məhsulları yeyirlər.

Sadalanlarda ən sərti isə çiyyeyənlərdir. Onların qida rasionuna yalnız çiy yeyilə bilən məhsullar daxildir və həmin ərzaqları bişirmirlər.

Hətta bəziləri monoyeyeənlərə aid edilirlər. Monoyeyənlər yemək zamanı yalnız bir qida növündən istifadə edirlər. Özlərini səhər yeməyində armud, naharda pomidor, şamda isə alma ilə doyururlar.

Fruktorianlarsa adından göründüyü kimi yalnız meyvə yeməklə kifayətlənirlər.

Vegetarianlığın ən təhlükəli qolu isə heç bir qida qəbul etmədən yaşayanlardır. İngiıis dilindən tərcümədə nəfəs alanlar kimi anlaşılan bu cərəyanın nümayəndələri inanırlar ki, insan gün ərzindən təbiətin, günəşin enerjisindən qidalana bilər. Yəni əlavə yeməyə ehtiyac yoxdur. Bəşəriyyət lazım olan qidanı hava və günəş enerjisi ilə bizə ötürür. Bretarianlar yəni, pranoyeyənlərin yolunu tutmaq tövsiyyə edilmir. Belə ki, tarix boyu bu cərəyana qoşulanların əksəriyyəti aclıqdan üzülərək ölüb, yaxud çarəsiz xəstəliklərə tutulublar. Lakin bu qorxunc statistikaya rəğmən, breterianların sayı günbəgün artır. Bu gün əlində bretarianlıqdan bəhs edən kitabla bu qəribə cərəyanı yayan yüzlərlə insana rast gələ bilərsiniz.

Картинки по запросу camila and akahi

Bretarianlığın ən bariz nümunəsi Britaniyada yaşayan Kamila və Akahi Kastello ailəsidir. Cütlük etiraf edir ki, həftə ərzində yalnız bir neçə dilim meyvə və lap az miqdarda tərəvəz bulyonu yeyirlər. Kaliforniya və Ekvadorun sərhəddində yaşayan ailə aclığın nə olduğunu çoxdan unutduqlarını bildirirlər.

Cütlüklə çətin də olsa, əlaqə saxlayıb, bir neçə sualımı cavablandırmaqlarını rica etdim.

Kamila deyir ki, Yeməkdən imtina edəndən sonra özlərini daha gözəl hiss etməyə başlayıblar. Ərzaqlara verdikləri pulu indi səyahətlərə və digər əyləncələrə xərcləyirlər.

– Nə vaxtdan birlikdəsiniz?

– 2005-ci ildə ailə qurmuşuq. Hər ikimiz vegetarian idik. Sonra fruktorian olduq (ancaq meyvə ilə qidalanan). 2008-ci ildənsə bretarianıq. Yaxşı yadımdadır, Cənubi Amerikada idik. Doğru nəfəsalma nəzəriyyəsini təcrübədən keçirməyə qərar verdik. İlk yeddi gün ərzində havadan savayı heç nə qəbul etmədik. İkinci həftə meyvə şirəsi içməyə başladıq. Nəhayət üçüncü həftə şirəyə bir az da su qatıb içdik. Bu 21 günlük təcrübə qarşımızda yeni üfüqlər açdı. Daxilimizdəki enerjini üzə çıxardı. Anladıq ki, hava varkən ərzaqlarla qidalanmağa gərək yoxdur. Həyat yoldaşım da dediyi kimi, 2008-ci ildən bəri aclıq nədir bilmirəm. Baxmayaraq ki, ona qədər çox yeyən idim, indi hava və bəşəriyyətin enerjisi məni doyurur.

– İki övladınız var. Bəs hamiləlik zamanı da qidalanmamısınız?

– İlk hamiləliyim boyu bəlkə də cəmi 5 dəfə yemək yemişəm. O da hansısa məclisdə. Bilirdim ki, körpəm mənim məhəbbətimlə qidalanır. Nəticədə olduqca sağlam oğlum dünyaya gəldi. İkinci hamiləliyimdə isə az da olsa, meyvə və tərəvəz şirəsi içirdim. Bu digər hamilələrin rasionundan qat-qat azdır, amma yenə də sağlam qız dünyaya gətirdim.

– Övladlarınızı da öz inanclarınıza uyğun yetişdirirsiniz?

– Əsla! Bizim buna haqqımız yoxdur. Onlar gündəlik qida rasionunu tam qəbul edirlər. Biz həyat yoldaşımla bəşəriyyətin enerjisini ciyərlərimizə çəkərək doyuruq. Bu çox gözəldir. Nadir hallarda dostlarımızla şam edirik. Yaxud yeni meyvə görəndə onu dadırıq. Bu qədər…

Картинки по запросу deniz egece

Türkiyənin ən məşhur nevroloqu, Harvard Universitetinin məzunu Deniz Egece etiraf edir ki, dünya səyahətinə çıxdığı zaman Hindistan ərazisində bretarianlarla da ünsiyyətdə olub. Araşdırmamız əsnasında onunla da söhbətləşdik:

– Deniz bəy, necə düşünürsünüz, insan yemədən yaşaya bilərmi?

– Bilirsinizmi, bizim bədənimizə bütün siqnallar beynimizdən gedir. Hətta kökəlib, arıqlamağımız da beyinə, şüuraltına bağlı bir prosesdir. Bəli, mən həyatı boyu heç nə yeməyən insanlarla dəfələrlə ünsiyyətdə olmuşam. Təbiətin bəxş etdiyi enerji və hava ilə doyacaqlarına artıq elə inanırlar ki, heç bir elm onları bu fikirlərindən daşındıra bilməz. Bu çox ciddi mənəvi hazırlıqdır. O pilləni geridə qoyandan sonra qidasız yaşamaq mümkündür.

Bu gün vegetarianlığı seçənlər arasında dünya ulduzları, siyasətçilər də yer alır. Onlardan Bred Pittin, Riçard Girin, Mayk Taysonun, Pamella Andersonun, Bill Klintonun adını çəkə bilərik. Hətta Adolf Hitler də bu düşüncədə olub. Tarixi mənbələrə inansaq, Hitler bütün ziyafətlərdə insanları ət yeməkdən çəkindirərmiş. Uzun-uzun canlı varlıqlara qarşı törədilən bu terrorun acı nəticələrindən bəhs edərmiş.

Elchin Shirinov adlı şəxsin şəkli.

Bu gün Azərbaycanın ən məşhur vegetarianları arasında cazmen Elçin Şirinovun adını çəkmək lazımdır. Tanınmış pianoçu arıq 8 ildir ki, yoqa ilə məşğul olur. Həttta son 3 ildə yoqa təlimləri verir:

– 8 il öncə vegetarianlıqla başladım. Növbəti illərdə veqan, hətta fruktorian oldum. İndi yenidən vegetarianam. Ətin qoxusu heç vaxt xoşuma gəlməyib. Amma nə vaxtsa ürəyim istəsə mütləq yeyəcəm. Çünki yoqada məcburiyyət yoxdur. Mən bəzən gün ərzində yalnız meyvə yeyirəm, bəzən tərəvəzlə kifayətlənirəm. Belə yaşamaq daha rahatdır.

– Elçin, biz ətyeyənlərə münsibətin necədir?

– Mənim atam, anam, dostlarım, sənət yoldaşlarım hamısı ət yeyirlər. Çox normal qəbul edirəm. Sadəcə mənim seçimim vegetarianlıqdır.

– Bəs xanımın ət yeyən olsa, münasibətin necə olar?

– Bu günədək həyatımda çox qadın olub. Heç də vegetarian olmayıblar. Əsas sevgidir. Hisslər varsa, qida seçiminin önəmi yoxdur.

– Elçin, çox vaxt yoqlar deyirlər ki, yoqa yaradıcılığa sövq edir. Razısan?

– Yox, deməzdim. Yoqa mənim üçün mənəvi qidadır. Kim olduğumu mənə ən gözəl yolla sübut edən təcrübədir, amma yaradıcılıqla bir əlaqəsi yoxdur.

Növbəti həmsöhbətim Bakının ən məşhur yoqa təlimçilərindən olan Alla Matorinadır:

– 10 ildir ətdən imtina etmişəm. Hələ ondan öncə də ət yeməməyə qərar vermişdim. Özü də sırf etik qaydalara görə…Yəni yer üzündəki canlılara zərər verməmək üçün. Çünki yoqanın ilk qanunu odur ki, heç bir canlıya acı vermə, onu incitmə. Lakin insan özünə də əziyyət verib, heç nəyə məcbur etməməlidir. Ətdən imtinaya belə öz razılığınla gəlməlisən.

– Bəs sizdə necə baş verdi bu dönüş?

– Ət bişirirdim. Müxtəlif souslarla, sarımsaqla dadlı marinad hazırlamışdım. Bu qarışımı ətin üzərinə əlavə edib, bişməyə qoydum. O qədər gözəl ətir gəlirdi ki, ətin elə sobada dadına baxmaq istədim. Bir parça kəsib, ağzıma qoydum. Çeynədim, amma uda bilmədim. O vaxtdan ağzıma ət dəyməyib.

– Bu 10 il ərzində olubmu ki, hansısa kafenin önündən keçəndə çox ləziz ət xörəyinin ətrini duyub, yemək istəmisiniz?

– Əvvəllər bəzi ət yeməklərinin qoxusunu hiss edib, yemək istəyirdim. Hətta deyirdim ki, burnum hələ ki, cahillik bölgəsindədir, çünki hələ də ətə maraq göstərir (gülürük). Hətta bir dəfə vegetarian kafedə dostlarımızla nahar edirdik. Ət əvəzləyicisi gətirdilər süfrəyə. Dadına baxdım, amma çox peşman oldum. Bu öncə ürəkdən, sonra isə beyindən və etikadan asılı ola bir seçimdir.

– Dəniz məhsullarına olan meyliniz necə itdi?

– Etiraf edirəm, ilk vaxtlar dəniz məhsullarının əskikliyini yaşadım. Amma sonra anladım ki, bu qidalar cəsəddir.

– Yəni düşünürsünüz ki, ət yeyən insanların soyuducusu qəbristanlıqdır…

– Bilirsiniz, uzun müddət yoqa ilə məşğul olandan sonra anlayırsan ki, nəinki ruhun, hətta orqanizmin dəyişib, daha həssas olub. Vegetarian yeməyi yeyəndə belə, keyfiyyətsiz qidanı ayırd edirsən.

– Bəs ailənizin digər üzvləri ət yeyirlər?

– Bəli, həyat yoldaşım ətyeyəndir. Onun xörəklərini mən hazırlayıram, çünki bunu edəcək başqa heç kim yoxdur. Öncə özüm üçün bişirirəm, sonra yeməyə ət əlavə edib, yoldaşıma hazırlayıram. Amma son vaxtlar deyir ki, o da mənim kimi vegetarian olacaq yaxında. Çünki ət yeməyəndə daha gümrah olur.

– Veqan olmağı düşünmürsünüz hələ?

– Bilirsiniz, mən hər şeydə fanatiklikdən qaçan insanam. Onlar çox vaxt özləri becərir, hazırlayır, yeyir. Mənimsə buna zamanım yoxdur. Olsa belə bu vaxtımı mənəvi aydınlamağıma həsr edərəm. Lakin yenə də deyirəm, bu mənim nəzər nöqtəmdir.

– Alla, bir sıra yoqlar ət yeyirlər. Buna münasibətiniz necədir?

– Bu dərəcəyə çatmaq vaxt tələb edir. Çoxu zaman məhdudiyyətindən seçim etmək səlahiyyətinə malik olmur. Mən də yeni-yeni yoqaya gələndə ət yeyirdim.

– Biz ətyeyənlərə tövsiyəniz nədir?

– İlk növbədə məsləhət görərdim ki, konservlərdən, kolbasa və sosisdən imtina edin. Çünki tərkibində kimyəvi maddələr çoxdur. İkinci növbədə qırmızı ətdən uzaqlaşın. Amma bunu zorla etməyin, ona görə də yoqa ilə maraqlanın. Sonra getdikcə özünüz orqanizminiz üçün ən faydalı olanı seçəcəksiniz.

Bəzən insanlar erkən yaşdan ətdən imtina edirlər. Bizim ölkəmizdə bu yaşda uşaqların üzərində valideynin təsiri güclü olur. Amma Lüksemburqlu Betti 12 yaşında vegetarian olmağa qərar verəndə valideynləri onun seçimini anlayışla qarşılayıblar.

– İndi 24 yaşındayam, 12 ildir ki, vegetarianam. Öncə bacım ətdən imtina etdi. Sonra növbə mənə gəldi. Öncə bir az çətinliyim oldu. Sonra alışdım.

– Bəs valideynləriniz?

– Onlar ət yeyirlər, amma hər gün yox.

– Betti, ət əvəzləyici inqilabına necə yanaşırsınız?

– Bu ət yeməkdən ötrü darıxan vegetarianlar üçün əla seçim ola bilər. Amma mənim ürəyimdən keçmir onu dadmaq.

– Bəs daha çox hansı ərzaqlara üstünlük verirsiniz?

– Soya burgeri, mərci xörəkləri, özü də hamısını zeytun yağında hazırlayıram. Artıq ətin qoxusu gələndə özümü yaxşı hiss etmirəm. Ətin tərkibində hormonlar və zərərli maddələr çoxdur. Vegetarianlıq bizi fast-fud qidalardan da qoruyur. Yediklərimizi hiss edirik. Bədənimizlə harmoniyada oluruq.

– Vegetarianlara verdiyim ənənəvi sual – veqan olmağa qərar verməmisiniz hələ?

– Mən şirniyyat, şokolad, bal sevən insanam. Ona görə düşünürəm ki, hələ tezdir. Veqan olmağa tam hazır deyiləm.

Beti hələ bu addımı atmağa hazır olmasa da, Dubayda yaşayan fransız Kloe David artıq veqandır.

– Kloe, mən ətsiz çox rahat yaşayaram, amma düşünürəm ki, şirniyyatsız çox çətin olar.

– Mən veqanlığı seçməzdən öncə də şəkəri sevmirdim. Ona görə tam imtina etmək çətin olmadı. Şəkər heyvani kömürlə ağardılır, bal hasil etmək üçün arılar alışdıqları həyatdan məhrum olunurlar. Bu isə yolverilməzdir. Əslində bizim tutduğumuz yol dünyanı daha gözəl, daha qüsursuz etmək üçün atılan bir addımdır. Təsəvvür edin ki, bir həşəratın ölümünə razı olmayan insan cəmiyyətə nə ziyan vura bilər?

– Çox vaxt insanlar düşünür ki, veqan və vegetarianlar ətraflarına təsir etməyə çalışırlar. Onları da öz sıralarına çəkmək istəyirlər.

– Deməzdim. Mən bu yolu ilk növbədə özüm üçün seçmişəm. Ətrafımdakıların seçiminə təsir etmək kimi fikrim yoxdur. Sadəcə insanlar bilməlidir ki, ətdən imtina edərək digər canlılara ən təbii haqlarını – yaşamaq hüquqlarını bəxş edirlər.

Elə bilirsiniz ölkəmizdə veqan yoxdur? Tanış olun, bu gözəl xanım uzun müddətdir ki, veqanlığı seçib. Nərgiz iddia edir ki, ətin tərkibində olan zülalları digər qidalarda da tapa bilərik.

– Ümumiyyətlə, azərbaycanlılar ətə meyilli olurlar. Düşünürlər ki, ətsiz yaşamaq mümkün deyil. Lakin əslində biz elə vegetarian doğuluruq. Çünki ilkin dövrdə ana südü, sonra isə meyvə-tərəvəzlərlə qidalanırıq. Bizim vəhşi heyvanlar kimi iti dişlərimiz yoxdur. Ona görə meyvə-tərəvəzlər yeməliyik. Sadəcə cəmiyyət, alışığımız qayda-qanunlar, adətlər, tibb bizi ət yeməyə sövq edib. Ona görə düşünürük ki, bəlkə səhv edirik?.. Uşaqlıqdan insanlar ət yeməyi sevmirlər. Yəqin görmüsünüz ki, balacaları buna məcbur edirlər. Təsəvvür edin ki, əti çiy halda qarşınıza qoyurlar ki, ye… Təbii ki, yeməyəcəksiniz. Onu bişirməmiş, qızartmamış yemək mümkün də deyil.

– Neçə ildir ət və digər heyvani məhsullardan imtina etmisiniz?

– 10 ildir. Bilirsiniz, yediklərimiz orqanizmimizə birbaşa təsir edir. Mən ətdən imtina edəndən sonra gördüm ki, emosionallığım da normaya düşür. Artıq bir işim alınmayanda sakit qarşılamağa başladım. Bir dəfə alınmadı, növbəti dəfə alınacaq deyirdim. Çünki əti kəsəndə onun tərkibində qan qalır və o da insanlara, xüsusən də kişilərə müvəqqəti cəsarət, temperament verir. Bu qəhvə içməyə bənzəyir. Bir müddət gümrahlıq verir, amma tezliklə o hiss itir. Ətdən imtina edəndən sonra daha xoşbəxt oldum, mənfi emosiyalarım məni tərk etdi. Artıq çəkilərim getdi, dərim, saçım, dırnaqlarım daha parlaq oldu. Bu mənə çox maraqlı gəldi, araşdırmalarıma davam etdim. Bəlli oldu ki, insan yüngül qidalar yeyəndə bədən onları həzm etmək üçün daha az enerji sərf edir və özünə daha çox gücü qalır. Bizim orqanlarımızın temperaturu ilıqdır. Ağır qida yeyəndə bütün istisini onu həzm etməyə işlədir və soyuyur. Tədricən isinməyi üçün zaman tələb olunur. Artıq daha tez oyanıram, enerjim bütün günümə kifayət edir. Hətta qəbul etdiyim qidanın keyfiyyətini əhvalımdan hiss edirəm. Bitkilərin, tərəvəzlərin hamısı günəş enerjisi ilə qidalanır. Biz onları yeyəndə həmin enerji bizə keçir. Fikir verin, yayda çox yemək istəmirik, çünki günəş bizi qidalandırır. Yedklərimiz də bizə belə müsbət təsir etməlidir.

– Nərgiz, bildiyimə görə, bretarianlığı da sınaqdan keçirmisiniz?

– Bəli, düz iki ay bretarianlığı seçdim, amma dostlarımın təkidi ilə yenidən veqanlığa geri döndüm.

– Ət yeyənlərə nə məsləhət görək?

– Əvvələr atam seçimimlə razılaşmırdı, amma indi tərəvəz salatları hazırlayır özünə. Niyə 60 yaşımızı gözləyək? Gəlin, indidən orqanizmimizin qeydinə qalaq. İnsan bu dünyaya tək gəlir, tək də gedir. Bizi özümüz qədər heç kim düşünə bilməz.

Maraqlıdır, vegetarianlığın, veqanlığın həqiqətənmi orqanizmimizə yalnız faydası var. Tibb nə fikirdədir? Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Mübariz Əliyev deyir ki, ət məhsulları insan rasionunun ayrılmaz parçası olmalıdır, amma…

– İnsan digər canlılardan fərqli olaraq, tam şüurlu varlıqdır. Heyvanlarda isə şüurun elementləri var. İnsan həm bitki, həm də heyvani mənşəli qidalara möhtacdır. Təbiətən nə qədər gəncdirsə, mütləq heyvani qidalar qəbul etməlidir. Yaşlaşdıqca rasionunda bitki mənşəli qidaları artırmalıdır. Uşaqlıqdan vegetarian olmaq kökündən yanlış addımdır. Uşaqlara bitki mənşəlidən çox, heyvani qidalar lazımdır. Uşaq kərə yağı, ət və süd məhsulları ilə böyüməlidir. Böyüdükcə isə həzm sistemindəki şirələrin tərkibi, fermentlər dəyişdikcə 50-50-yə nisbətində olmalıdır. Lakin yaş artıqca insan vegetarianlığa meyl etməlidir. Bu təbiətin qanunudur, insan anatomiyasının əsas tələbatıdır. Uşağın rasionuna heyvani mənşəli qidalar daxil etməsəniz, aqressiv olacaq, əzələ sistemi zəifləyəcək, qan azlığından əziyyət çəkəcək. Hətta intihara meyilli böyüyəcək. Qırmızı ət yeməyən uşaqlarda fol turşusunun azlığından dəmir çatışmalığı yaranacaq. İnsan orqanizmi dəmiri qırmızı ətdən çəkir. Dəmir almanın tərbində də var. Amma bir adama 100 kilo alma yedirdin, hemoqlabini artmayacaq. Çünki insan orqanizmi almadan dəmiri çəkə bilmir. Amma 100 qr mal əti yesə, hemoqlabin də stabilləşər. Mən sizinlə fakt bölüşürəm, vegetarianların hamısında qan azlığı var. Mən vegetarianlığın əksinə getmirəm, amma elmi yanaşma var. Heyvani mənşəli qidalar insani emosiyaları yaxşılaşdırır. Ət yeməyənlərsə daha aqressiv və sərt xarakterli olur.

– Doktor, onlar da ət yeyənlər haqda eyni şeyləri düşünür.

– Xeyr, xeyr. Onlar barışığa gəlmək istəmirlər. Kompramisə getmirlər. Hətta vegetarian olduqları üçün əziyyət çəkirlər. Amma ətlə çox qidalananlardan şəkərli diabet, qəbizlik, piylənmə, qastrit ucbatından daha çox problem yaşayırlar. Bir dəfə Moskvada televiziya vasitəsilə canlı yayım etdik. Orada da bu fikirlərimi səsləndirdim. Mütəxəssislər tərəfindən də müsbət qarşılandı. Bilin ki, insan yağdan, ətdən kökəlmir. Şəkərdən, un məmulatlarından piylənir. Şəkərlə 100 ildir qidalanırıq. İnsan orqanizmi şəkərlə qidalanmaq üçün yararlı deyil. Bu sadəcə bir eyforiya, doppinqdir. Heç olmasa məhdudiyyət qoyun. Ağ undan istifadə etməyin.

Bir ingilis alimi deyib ki, ət yeyib, keyfi kök olub, infarktdan ölməyi, yoxsa vegetarian olub, özünüzü asmağı seçirsiniz? Bu həyat sizindir. Qərarı da özünüz verin. Ona görə də gəlin nə ifarktdan ölək, nə də özümüzü asaq. Qızıl ortanı tapıb, xoşbəxt yaşayaq.

Vegetarianlar iddia edir ki, ət bişsə belə tərkibində heyvanın qanı, hormonları qalır. Bu da insana yüksək aqresiyya verir. Bəs maraqlıdır, din bu haqda hansı fikirdədir?

İlahiyyat elmləri doktoru Hacı Surxaysa İslama görə bu düşüncənin tam yanlış olduğunu bildirdi.

– Bəzi tanışlarımın övladları vegetariandırlar. Bizim üçün örnək olan Həzrəti Əli buyurur ki, insan 40 gün ərzində halal ət yeməzs,ə bədəni ölər. Yəni gücdən düşər, fəallığı itər. Yaxşı, ət yemək aqresiya yaradırsa, mən də bir sual ortaya qoyuram. Niyə Allah bizə İbrahim peyğəmbərin oğlunun əvəzinə qoyun qurbanı göndərdi? Və dedi ki, bu ət şəfa mənbəyidir. Əgər heyvan şəriət qaydası ilə qibləyə uzadılıb, kəsilirsə, heç şübəsiz onda olan mənfi aura da, niyyət də qanla gedir və ət təmizlənir. Ev heyvanları da təmiz və xüsusi qida ilə düzgün qidalanmalıdırlar. Saf və təmiz olmalıdır. Allah-Təala bizə qurbanlığı veribsə, ət qidaları insan sağlamlığı baxımından zəruridir. “Yasin” surəsinin 72-ci ayəsində deyilir ki, heyvanları insanların ixtiyarına buraxdıq, və onların ətlərini müəyyən miqdarda yeməyə sizə icazə verdik.

-Amma Hacı, bütün qəssablarmı halallıq prinsipinə əməl edirlər?

– Ət kəsimində halallıq mütləq vacibdir. Hətta Peyğəmbərimiz buyurub ki, ümmətimi iki şey məhv edəcək, çox yemək və çox yatmaq. Qidanın özündə də bir şəfa var. Bir şərtlə ki, halallıqla kəsilsin. Bismillahsız kəsilən heyvanlar haramdır. Baxın, donuz, it birmənalı şəkildə haramdır. Bəzi heyvanlar iki qan qrupuna malikdir. Donuzda isə 4 qan qrupu var. Onun ətini yeyən insanda bir qeyrətsizlik yaranacaq. Onu lap üzü qibləyə, dua ilə kəsin, yenə haram olacaq. Hətta dovşan əti yemək dinimizə görə məkruhdur. Çünki dəridə ləkələr və orqanizmdə mikroblara səbəb olur. Odur ki, yediyimiz heyvanların əti də saflığı və estetikası ilə seçilməlidir. Onu halallıqla kəsməyən qəssab isə böyük günaha batır.

Vegetarianların düsturu dinə ziddir. Əgər bir insan Allahın buyurduğu qidalardan imtina edirsə, demək nankordur. Bədəninin qeydin qalmayanlar, heç şübhəsiz orqanizmini qorumadığı, nemətlərdən faydalanmadığı üçün cavab verəcəklər.

İspan qadınlarla Azərbaycan qadınlarının qəribə FƏRQİ - İspaniyalı məşhurdan MARAQLI AÇIQLAMALAR

İspaniyanın məşhur aşpazı Enrike Franko ilə də heyvani mənşəli qidalardan danışdıq:

– Enrike, son zamanlar ət yeməkdən, hətta bişirməkdən soyuyuram sanki. Hətta düşünürəm ki, vegetarian olacağıma bir neçə ay qalıb. Ətdən imtina edən insanlara münasibətiniz necədir?

– Belə şey etməyin (gülürük). Axı yaxşıca bişmiş şirəli steykdən, yaxud tərəvəzlərlə birgə süfrəyə gələn dadlı balıqdan gözəl nə ola bilər? Sadəcə azərbaycanlılar hər gün ət xörəyi yemək istəyirlər. Hətta düşünürlər ki, ət yeməsələr, doymayacaqlar. Axı təbiət sizə bütün tərəvəzlərin, meyvələrin ən dadlısını bəxş edib. Sizin torpağınızda yetişən göyərtilərin tayı-bərabəri yoxdur. Bizdə adətən tək cəfəri istifadə olunur. Sizdə seçim o qədər zəngindir ki, bilmirsən hansından başlayasan. Hələ alçanızdan, tərxundan danışmıram. İspaniyada yeməklərin hazırlanmasında bitki yağları, xüsusən zeytun yağından istifadə olunur. Sizdə isə bir çox xörəklər kərə yağında bişir. Bu isə artıq çəki deməkdir. Sağlam qidalanın. Bütün ərzaqlardan, ət növlərindən normanı aşmayın.

Azərbaycanda vegetarianların icması da var. Növbəti həmsöhbətim bu icmanın yaradıcısı, ölkəmizdə ilk vegetarian kafenin sahibi Ülfət Namazdır:

– İxtisasca memaram. Uzun müddət Rusiyada yaşamışam. Elə orada yaşayanda peşəmi dərindən araşdırmağa başladım və Veda elminə gəlib çıxdım. Veda elmində bütün sualların cavabı yatır. Məsələn, evi insan orqanizmi sistemində tikmək lazımdır. Mətbəx qida orqanımız olan nöqtədə, ayaq yolu isə cinsiyyət orqanının yerləşdiyi hissəyə uyğun tikilməlidir. Divarlardan çox şey asılıdır. Evinizdə aura nə qədər təmiz olur-olsun, əgər qonşunuzda mənəviyyatsız, sərxoş insan yaşayırsa, o belə ümumi əhvala təsir edəcək. Hətta çalışın mətbəxinizdə televizor qoymayın. Çünki bu otaq pak olmalıdır. Yad səslər daxil olmamaıldır. Bu elmi araşdıra-araşdıra gəlib vegetarianlığa çıxdım. Artıq 11 ildir ki, heyvani mənşəli qidalardan imtina etmişəm. Bir sıra narahatlıqlarım vardı. Vegetarianlığa gələndən sonra hamısından qurtuldum. Heyvan kəsiləndə onun canında qalan qorxu insana keçir. Ona görə ət yeyənlər bizə nisbətən çox aqressiv olurlar. Amma vegetarianlar hamısının gözündə bir xoşbəxtlik, sakitlik sezilir.

– Amma tibb mütəxəssisləri əksini deyirlər.

– İnsan təcrübə yönündən yanaşmalıdır hadisələrə. Gərək özünüz müşahidə edəsiniz.

– Yoqa ilə də məşğul olursunuz.

– Əlbəttə.

– Bəs sizin üçün nirvana anı nədir?

– Namaz…

– Maraqlıdır, adətən yoqanı seçənlər İslamdan uzaqlaşırlar.

– Söhbət yaradanla ünsiyyətdən gedirsə, hər iki üsul birbaşa əlaqədir. Tanrı birdir. İstənilən pak yolla onunla ünsiyyət qura bilərsiniz.

– Bəs veqanlara münasibətiniz necədir?

– Bilirsiniz veqanlar niyə süddən, süd məhsullarından imtina edirlər? Çünki sonunda inəyi, qoyunu öldürəcəklər. Ancaq mən sizə deyim ki, insan mənəvi mükəmməlliyə çatmaq üçün mütləq süd içməlidir. Yumurtanı isə nə vegetarianlar, nə də veqanlar yeməməlidirlər. Çünki canlı orqanizmdir.

– Ülfət bəy, bretarianlara münasibətiniz necədir?

– Şəxsən mən ayda 6 gün ac qalıram. Həmin gün ay enerjisinin yerə daha çox ötürüldüyü dövrdür. İnanılmaz rahatlıq və güc gəlir insana. Lakin hər şey şüura bağlıdır. Siz beyninizdə mənəvi təmizliyə çatmasanız, nə qədər təmiz qidalansanız da, xolesterininiz yüksək olacaq.

İnsanların şəxsi seçimləri onların həyatını həll edir. Odur ki, yaradanın bizə bəxş etdiyi ömrü istədiyimiz kimi yaşamaq hüququmuz var. Amma belə bir deyim var ki, insanlar heyvanların canına qıydıqca savaşların səsi susmayacaq. Əgər dünyanın hər yanını bürüyən qanlı müharibələr məhz bu addımla bitəcəksə, şəxsən mən elə bu andan vegetarianlığı özümə həyat tərzi edərdim.    /publika.az/