Muğam Mərkəzində Cümhuriyyətin 100 illiyinə həsr olunan konsert keçiriləcək

21 İyun 19:00 da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü ilə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində konsert proqramı keçiriləcək. 
Tədbir Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq. 
Bu haqda Moderator.az a açıqlama verən əməkdar artist Nuriyyə Huseynova tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunduğunu bildirib: 
“Bilirsiniz ki, mən eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Hər il həmin universitetin tələbələrinin də iştirakı ilə belə layihələr təşkil edirəm. Çalışıram ki, hazırladığımız layihələr düşündürücü, fəlsəfi əhəmiyyət kəsb etsin. Layihələrimizdə Azərbaycan klassik muğamları, xalq və bəstəkar mahnılarının təbliği böyük yer tutur. Bu tədbirdə mənim iştirakımla yanaşı universitetimizin tələbələrinin də ifasında gözəl musiqilər səslənəcək. Bununla yanaşı qiraət ustası Azad Şükürovun da ifasında Cümhuriyyətə ithaf olunmuş bir çox şeirlər, qəzəllər səslənəcək”.