Nikolun Qarabağ siyasəti iflas oldu: Bakı cavab gözləyir

Paşinyanın ziddiyyətli Qarabağ siyasəti iflasa uğradı.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin 6 iyunda Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin iqamətgahında keçirilən iftar mərasimindəki nitqini şərh edən fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

“Azərbaycan Ermənistanda baş verən son proseslər zamanı normal və dürüst qonşuluq siyasətini davam etdirdi. Bu fonda prezidentin Ermənistana son mesajını həmin prosesin nəticəsi kimi qiymətləndirmək olar. Çünki Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana inqilabi yolla rəhbər gələn Nikol Paşinyan Dağlıq Qarabağla bağlı ziddiyyətli bəyanatlar verib. Aydın məsələdir ki, işğalçı Dağlıq Qarabağı danışıqlarda bir tərəf kimi qəbul etdirməklə özünü Ermənistanın problemlərindən təcrid etmək və daxildə yararsız siyasətin məsuliyyətini boynundan atmaq istəyir. Paşinyanın ziddiyyətli Qarabağ siyasəti həm də Ermənistanı hansısa şəkildə yaranmış böhranlı vəziyyətdən çıxarmağa yönəlib. Lakin onun bu təşəbbüsü Rusiya tərəfindən də qəbul edilmədi və nəticədə Paşinyanın Qarabağ siyasəti başlamamış iflasa uğradı”, – politoloq bildirib.

Politoloq Azərbaycan prezidentinin işğalçıya ünvanlandığı mesajın mahiyyətinə də işıq salıb:

“Azərbaycan açıq şəkildə bəyan edir ki, real danışıqlara hazırdır və Qafqazda ümumi sülhə nail olmaq istəyir. Bu, çox vaxtında göndərilmiş bir mesajdır və əsas hədəf Paşinyandır. Hər halda Azərbaycan topu erməni tərəfinə atdı, indi İrəvanın qərarından, ümumilikdə Qafqazda və Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən çox şey asılı olacaq. Bir sözlə, Azərbaycan Ermənistanın reaksiyasını gözləyir və cavab addımlarını da buna görə atacaq”.

Qeyd edək ki, Prezident sözügedən çıxışında Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına ümid etdiyini deyib:

“Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Biz bunu istəyir, münaqişənin həllini tələb edirik. Buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapacaq”.