Əmir Teymurun heyran qaldığı azərbaycanlı kim idi?

Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ölümündən sonra onun yerinə oğlu Şeyx Sədrəddin Musa keçdi. Onun vəfatından sonra isə mürşidlik vəzifəsini Xoca Əli üzərinə götürdü.

Turkustan.info Kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi Namiq Musalının, müəllifi naməlum qalan “Tarix-i Aləmarayi Şah İsmayıl” əsəri əsasında yazdığı “Şah İsmayılın hakimiyyəti” kitabında bəhs olunub. O, kitabında bütün dövrlərin ən qüdrətli hökmdarlarından olan Əmir Teymurun Səfəvilər sülaləsinin nümayəndəsi Xoca Əliyə olan hörməti və onların görüşü ilə bağlı bəzi faktları açıqlayıb:

“Sultan Xoca Əli elə bir səviyyəyə çatmışdı ki, dindarlıqda və dürüstlükdə, riyazi və ilahi elmləri bilməkdə dünyanın ən qabaqcıl adamı olmuşdu. Onun zamanında çoxlu müridlər yetişmişdi. Adamlar ondan neçə-neçə möcüzələr və kamilliklər müşahidə etmişdilər və onun sadiq müridlərinə çevrilmişdilər.

Xoca Əlinin Əmir Teymurla yaxşı münasibəti olub və onlar üç dəfə (Ceyhun çayı kənarında, Dizfulda və Ərdəbildə) görüşüblər. Onun zamanında təriqətin şöhrəti o qədər artmışdı ki, ariflərə və şeyxlərə ehtiramı ilə seçilən Əmir Teymur “Rum qeysəri” üzərindəki qələbədən (1402-ci ildə Əmir Teymurla Osmanlı sultanı İldırım Bəyazid arasında baş vermiş Ankara vuruşması nəzərdə tutulur – N.M.) sonra Anadoludan qayıdarkən Ərdəbildə Xoca Əli ilə görüşüb, burada “Həzrət Şeyx Səfi övladına və onun astanasına vəqf olaraq” torpaqlar bağışlayıb. Onun fərmanına əsasən, Ərdəbildəki Səfəviyyə xanəgahı müqəddəs yer elan edilmişdi.

Teymur həmçinin şeyxin xahişi ilə Anadoludan gətirdiyi minlərlə əsiri azad etmişdi. Azadlığa çıxanların hamısı Şeyx Səfi ocağının müridlərinə çevrildi, bir qismi Sultan Xoca Əlinin xidmətində qaldı, qalanları isə öz vətənlərinə getdilər”.

Xoca Əlinin kəramətləri və söhbətləri Əmir Teymurda dərin iz buraxmışdı. Öz mürşidliyi dövründə (1392-1429) təriqəti xeyli gücləndirən Xoca Əli ömrünün sonlarında oğlu ilə birlikdə həcc ziyarətinə gedib, geri qayıdarkən Qüdsdə vəfat edib və orada dəfn olunub.