Ana və dayə arasında qalan uşaqlar: Onları 125 manatlıq təhsilə etibar edirik

Bu gün Azərbaycan ailələrində dayəlik institutu formalaşmayıb.

Bunun isə əsas səbəblərindən biri hüquqi öhdəliklərin olmamasıdır. Dayəyə ehtiyacı olan ailələr bunu daha çox tanışlar vasitəsi ilə yoluna qoyurlar. Tərəflərin bir-birləri ilə razılaşmaları da şifahi şəkildə həll olunur. Halbuki dayə və ailə arasında işçi, işəgötürən münasibəti qurulmalı, aralarında müqavilə bağlanmalıdır.  Bu isə gələcəkdə yarana biləcək hər hansı problemdən sığortalanmaq və tərəflərin daşıdığı məsuliyyət baxımından vacibdir.  Məhz bu nüanslara görə bu gün dayəlik Azərbaycanda əsas problemlərdən biri olaraq qalır. 

Bir çox hallarda valideynlərin  də dayəlik haqda məlumatsız olması onların övladlarının uğursuz sabahına yol açır. Valideyn dayənin əsas mahiyyətinin fərqinə varmır, işinin nədən ibarət olmasını anlamır  və onunla xadimə kimi davranır. Bu isə qarşılıqlı münasibətdə ciddi yanlışlıqlara yol açır. Qeyd olunan problemləri aradan qaldırmaq, eləcə də ölkədə dayəlik institutunun formalaşdırılmasına bilavasitə yardımçı olmaq məqsədilə psixoloqlar tərəfindən “Analar və dayələr” layihəsinə start verilib. 

Layihənin aparıcı şəxslərindən biri olan müsahibimiz psixoloq Aytən Ələkbərovadır. O, layihənin əsas məqsədindən və qeyd olunan məsələdəki problemlərdən söz açıb:

Valideyn üçün dayə xadimədirmi?

“Layihəmizin əsas məqsədi valideynləri təlimatlandırmaqdır. Bu gün dayə tapmaq əsas problemlərdən biridir. Hər evdar qadın asanlıqla dayə ola bilməz. Namizədin psixi və psixoloji durumu, onların xarakterinin bu körpələrlə necə münasibət qurması diqqətə alınmalıdır. Lakin təəssüflər olsun ki, heç vaxt valideynlər bu haqda düşünmür, fikirləşirlər ki, mən bu qədər verirəm, vəssalam, hər şey yaxşı olacaq. Dayənin uşaqla necə davrandığına nəzər yetirilməlidir. İyunun 1-dən etibarən  yeni layihə çərçivəsində akademik dərslərimizə start vermişik. Burada yerli və xarici təlimçilər tədrislə məşğuldur. Bundan əlavə olaraq 6 treninq də təşkil olunacaq. 

Dayələrimizə ingilis dilini öyrədəcəyik. Gənc ailələrimiz var ki, övladlarını milli ruhda böyütmək istəyirlər. Bunun üçün də dayələrə üz tuturlar. Bəzən xaricdə iş tapan valideynlərimiz, analarımız da karyeralarını qurub inkişaf etdirmək üçün bu cür milli ruhlu dayələrə ehtiyac duyurlar. Məqsədimiz bu cür dayələr yetişdirməkdir”.

Psixoloq qeyd edib ki, dayəlik kursunu bitirənlərə 3 beynəlxalq sertifikat veriləcək: “Kursu uğurla bitirənlər diplomla təltif olunacaq. Burada həmçinin dil kursları da təşkil olunacaq. Gərginliyi aradan qaldırmaq üçün isə daha çox müraciət edilən sənətlərdən biri olan Ebru sənəti tədris olunacaq.

Ebru sənəti ilə məşğul olarkən insan özünü sehrbaz zənn edir və beyni, ruhu dincəlir. Uşaqlarla işləyərək motivasiya, özlərinə inamın formalaşması, psixologiyaya giriş, elm haqda məlumat, ruh yüksəkliyi, liderlik, şəxsiyyətin formalaşması, tibbi biliklər, ilkin tibbi yardım kimi məsələlər əsas şərtlərdir ki, bu haqda da məlumatlar verilir. Bu kurslara yalnız dayə olmaq istəyənlər deyil, valideynlər və uşaqlar da qatıla bilər. 3 yaşında ilk, 6-7 yaşında isə uşağın ikinci dəfə şəxsiyyətinin formalaşma dövrü hesab edilir. Burada biz dayələrin vəzfəsinin yalnız yemək bişirib, ev yığışdırmaqdan ibarət olmadığını bir daha bəyan edəcəyik. Dayələrin əsas vəzifəsi bizim övladımızla məşğul olmaqdır. Dayəni xadiməçi ilə səhv salmaq düzgün deyil.

Dayə üzərində məsuliyyət hiss etməlidir. Dayələr ən azı ilkin olaraq ibtidai sinif mərhələsinədək tədrisdən xəbərdar olmalıdır. Bu gün mən psixoloq kimi çalışıram, amma ola bilər ki, sabah çox rahatlıqla hansısa bir ailədə dayə işləyim. Uşaq dayədən nə görürsə, o cür də davranır. Mənim dayəm alman olub, o qabları yuduqdan, sildikdən sonra onların üzərinə tənzif çəkərdi. Bu vərdiş məndə də var. Onun etdiklərini mən də təkrarlayıram. Övladlarımızın sağlam ruhda böyüməsi üçün dayələrimizin işi gözəl olmalıdır. Çünki sağlam ruhlu övladımız sabahın ən gözəl və uğurlu kadrı, ailə başçısı ola bilər”.

“Hər yerindən duran dayə ola bilməz”

Psixoloqun sözlərinə görə  sözügedən layihənin reallaşdırılması üçün dövlət və özəl bağçalarda görüşlər nəzərdə tutulub: “Layihə çərçivəsində autizm mərkəzlərinə də üz tutacağıq. Məhz bu cür uşaqlar üçün bilikli dayəyə ehtiyac var. Bizə müraciət edən dayələrin ilkin olaraq psixoloji durumlarını nəzərdən keçirəcəyik. Yəni, hər yerindən duran dayə ola bilməz. Kursumuzun aylıq ödənişi  125 manat olacaq. Hər bir ana ilk olaraq özü övladının psixoloqu və müəllimi olmalıdır. Analar var ki, övladı ilə heç bir münasibət qura bilmir. Bu səbəbdən də analarımızı da “Analıq və dayəlik” məktəbinə dəvət edirik. Təşkil etdiyimiz kurslarda oyun üzərində qurulan dərslərə üstünlük veriləcək. Bu proqramla uşaq həm öyrənir, həm də əylənir, bir sözlə bezmir. Bəzən özümüz də uşaqlarımızı da ərköyünləşdiririk. Ağlayan uşağa müdaxilə etdikdə uşaq affekt vəziyyətə düşür.

Deyirlər, müəllimin uşağı sözə baxmaz, həkimin uşağı xəstə olar. Bəzən psixoloqun uşağında da müəyyən psixoloji problemlər olur. Bu kurslarla insanları pis vərdişlərdən, gərginlikdən uzaqlaşdıracağıq. Bilirsiz ki, bu gün intiharların da sayı az deyil. Ölümdən qorxan insan intihar etməz. Lakin depressiyaya düşən insan üçün intihar adi bir hadisədir. Çünki artıq insanda özünəqapanma baş verir. Dəyanət Rzayevdə də belə oldu, hər zaman intiharlardan danışan, hamını bu yoldan çəkindirən müəllimimiz özünə qapandıqdan sonra intihar etdi. Bu gün insanlar çox fərqlidir.

Varlı ilə kasıbın psixologiyası da fərqlidir. Varlının xərclədiyi 1000 manat onlar üçün heç bir mahiyyət daşımasa da, kasıb üçün bu pul heç də az mahiyyət kəsb etmir. Kasıb da o qədər pu xərcləyib nəsə almaq istəyir. Bu yolla uşaqlar oğurluq edir. Çünki gözündə nəsə azlıq edir. Varlının övladı sənə qonaq gəldikdə nə qədər yesə, heç nə demirsən. Lakin kasıb birinin uşağı qonaq olduğu yerdə bir konfet götürsə, deyəcəklər ki, görməmişdir. Bu səbəbdən kasıbın uşağı əlini uzatmır. Bu münasibətlər bərabərliyi aradan qaldırır. Bir də görürsən ki, kasıbın uşağı pillə-pillə uğurla qalxdıqda, varlının övladı narkoman olur”.

Turkustan.info