“Polonez” İrəvanı Belarusdan incik saldı: XİN ölkənin gücsüzlüyünü etiraf etdi

Belarusun Azərbaycana “Polonez” raketi satmasına Ermənistandan reaksiya gəlib.

Turkustan.info xəbər verir ki, Ermənistanın Belarusa etirazını bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan çatdırıb. Nazir müavini Belarusa xitabən “O, Ermənistanla müqavilələr bağlayır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür,  bu isə Minskin üzərinə özünü müttəfiq kimi aparmaq öhdəliyi qoyur. İndiki durumda isə Belarusun addımı onun öhdəliklərinə uyğun gəlmir”,- deyə bildirib.  

Erməni mətbuatının yazdığına görə, nazir müavini bu sözləri Belarusun timsalında digər KTMT üzvlərinə də ünvanlayıb. Qeyd edib ki, bunlar təkcə Belarusa yox, digər üzvlərə də aiddir.
 
Ermənistan XİN təmsilçisi vurğulayıb ki, müqavilədə KTMT-yə üzv olmayan ölkələrə silah satışını qadağan edən xüsusi bənd nəzərdə tutulmayıb: “Amma təşkilat tərəfdaşlarının maraqlarına zərər vura biləcək bu cür addımları qadağan edən amillər var”.   
 
Bununla belə, Şavarş Koçaryanın Ermənistanın digər dövlətlərə yox, ancaq özünə güvənə biləcəyini deyib: “Dövlətlər ilk növbədə öz maraqlarını təmin edir. Bir ölkənin digərinin maraqlarını pozmaması üçün sonuncunun daha nüfuzlu olması lazımdır.

Ermənistan nə qədər nüfuzlu, dünya üçün anlaşılan və qəbul edilən olarsa, digər ölkələrdən İrəvanın maraqlarına riayət etməsini də daha çox tələb edə bilər”.

Xatırladaq ki, “Polonez” raketlərinin Azərbaycana gətirilməsi barədə məlumat Müdafiə Nazirliyindən verilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edən Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş texnikası parkında hərbi texnikaya baxış keçirib.

“Polonez”in maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “Polonez” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “Polonez”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.  /Cebhe.info/