“Rus NATO”sunda erməni problemi

Rusiya ilə onun KTMT hərbi blokundakı müttəfiqləri-Qazaxıstan və Ermənistan arasında münaqişəli vəziyyət artır. Belə ki, Moskva Ermənistan ərazisində ABŞ-ın bioloji laboratoriyasının fəaliyyət göstərməsindən və Qazaxıstanın ABŞ Müdafiə Nazirliyinə hərbi yükləri Xəzər limanlarından daşımaq üçün infrastruktur yaratmağa icazə verməsindən bərk narazıdır. Qeyd edək ki, Moskva üçün həssas məsələ Amerika hərbi yüklərinin Xəzərdəki Kurık və Aktau limanlarından istifadə olunmaqla Qazaxıstan üzərindən Əfqanıstana daşınmasına dair bu yaxınlarda təsdiqlənmiş sazişdir. Oradan isə Özbəkistan üzərindən Əfqanıstana daşınması nəzərdə tutulub. Artıq bu barədə Özbəkistan prezidenti Şövkət Mirziyoyevin may ayında Ağ Evə səfəri zamanı razılıq əldə edilib. 

ABŞ-ın hərbi yüklərinin Qazaxıstana Bakı-Tiflis Qars dəmiryolu xətti ilə Gürcüstandan Azərbaycana, sonra isə Bakıdakı Ələt limanından bərələrlə Aktau və Kunık limanlarına daşınması gözlənilir. Rusiya kəşfiyyatının yaydığı məlumata görə isə ABŞ-ın Qazaxıstan limanlarında hərbi baza yaratmaq niyyətində olduğu xəbər verilirdi. 

Ümumiyyətlə, son vaxtlar Ermənistanın açıq şəkildə Qərbyönlü siyasət yürütməsi Rusiyanı ciddi narahat edir. Kreml Paşinyan hökumətinin ABŞ və Avropa Birliyi ilə əlaqələrinin genişlənməsini Rusiyanın cənubi Qafqazdakı geosiyasi maraqları üçün təhlükə hesab edir. Paşinyan hökumətinin mayın 8-də təqdim etdiyi fəaliyyət proqramında Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunub saxlanılacağı qeyd edilsə də, eyni zamanda ABŞ və Avropa Birliyi ilə tərəfdaşlıq əlaqələrinin öz əksini tapması rəsmi İrəvanı faktiki olaraq balanslaşdırılmış xarici siyasət kursuna keçdiyini göstərir. ABŞ dövlət katibinin köməkçisinin müavini Bric Brinkin İrəvana səfərinin ardınca bu ölkənin BMT-dəki sabiq səfiri Saman Tapauer Avrora mükafatının təqdimatı mərasimində iştirak etmək adı ilə Ermənistana müəmmalı səfər edib. Xarici işlər nazir Zöhrab Mnasakanyanla ikitərəfli əlaqələrin inkişafını müzakirə edən Saman Tapauerin bu səfəri görünür, Moskvada narahatlıqla qarşılanıb. 

Qərbi-Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu yaxınlarda KMTK hərbi blokuna daxil olan ölkələrinin iclası keçirildi və bir çox məsələlər arasında Rusiya üçün vacib olanı müttəfiq dövlətlərdə ABŞ-in yaratdığı bioloji laboratoriyaların fəaliyyəti idi:

“Yəni, bu dövlətlərin Rusiyadan icazə almadan ABŞ-la razılaşaraq yeni texnologiyalar əsasında qurulan epidemiya və başqa epidemioloji xəstəliklərin araşdırılması və qabaqcadan qarşısı alınaraq mübarizə aparılması üçün olan bioloji laboratoriyadır.

Bu laboratoriyalara ölkələrin səhiyyə və kənd təsərrüfatı nazirlikləri tərəfindən nəzarət olunur. Bu kimi laboratoriyaların və onlara qulluq edən stansiyaların 2010-cu ildən etibarən bir çox MDB dövlətlərində – Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və Azərbaycan kimi ölkələrdə yaradılması, onların saylarının 20-dən 400-ə çatdırılması nəzərdə tutulmuşdu. Rusiya XİN rəhbəri Sergey Lavrovun bu məsələni qaldıraraq birmənalı yanaşmaması əlbəttə ki başadüşülən idi. Rusiya dövlət olaraq öz ərazisinə yaxın sərhədlərdə ABŞ-ın bu laboratoriyalardan başqa məqsədlər üçün istifadə edə biləcəyi əndişəsi daşıyır.

Rusiya dəfələrlə sözügedən laboratoriyaların açılaraq təftiş olunmasını tələb etsə də, hələlik bir nəticə ala bilməyib. Təbii ki,  KMTK hərbi blokuna daxil olan ölkələrin, xüsusilə, Ermənistan və Qazaxıstanın bu cür münasibəti Rusiya ilə aralarında olan münasibətin gərginləşməsinə səbəb ola bilər. Lavrov bu görüşdə Moskva üçün həssas məsələləri yenidən gündəmə gətirib. Bunlardan biri də Amerika hərbi yüklərinin Xəzərdəki Kurık və Aktau limanlarından istifadə olunmaqla Qazaxıstan üzərindən Əfqanıstana daşınmasına dair bu yaxınlarda təsdiqlənmiş sazişdir. Qeyd edim ki, saziş cari ilin yanvarında prezident Nursultan Nazarbayevin Vaşinqtona səfəri zamanı imzalanıb. Saziş Moskva üçün gözənilməz oldu. Rusiya tərəfi bu məsələni Xəzər limanlarından istifadə etməklə Əfqanıstana yüklərin daşınmasının iqtisadi və logistika baxımından sərfəli olmadığını, amerikalıların bu bəhanə ilə Xəzərdə öz infrastrukturlarını qurmaq niyyətində olduqlarını bildirdilər. 

Bundan sonrakı mərhələdə Rusiya öz nüfuzundan istifadə edərək Ermənistan və Qazaxıstana təzyiqləri artıracaq. Bu dövlətlərə izah etməyə çalışacaq ki, ABŞ sözügedən laboratoriyalar vasitəsilə bu ölkələrdə xoşagəlməz fəsadlar törətmək üçün istifadə edə bilər. Hazırda, Rusiyanın Ermənistana qarşı şübhə ilə yanaşmasında da bu amilin böyük rolu var”. 

Politoloq hesab edir ki, Rusiyanın Ermənistana təsir imkanları çoxdur. Ona görə də İrəvan Moskvanın hədəsindən sonra Amerikanın laboratoriyalarını yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq: “Eyni zamanda, Rusiya oradakı Ermənistanın ən böyük maliyyə dəstəkçisidir. Maliyyə sahəsində də öz təzyiqlərini artıra bilər. Həmçinin, Ermənistan ərazisindəki rus hərbi kontingenti orada olduğu müddətdə bu ölkənin suverenliyindən bəhs etmək gülünc məsələdir. Yəni, rus ordusu Ermənistana yönəlmiş cəllad qılıncı kimidir. Yeri və zamanı gəldikdə rus tərəfi bu qılıncı sallaya bilər. 

Əlbəttə, cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət daşıyan regiondur. Şimal ilə cənubun, şərq ilə qərbin kəsişdiyi nöqtədir – desək, yanılmarıq. Rusiya Ermənistanı asanlıqla əldən çıxarmaq niyyətində deyil. Ona görə də Paşinyanın Rusiyaya qarşı sərbəst “manevr” etmək şansının olduğunu düşünmək çətindir. Gözlənilən odur ki, Paşinyan dövründəki Rusiya-Ermənistan münasibətləri əvvəlki dövrdəki kimi “güllük-gülüstanlıq” olmayacaq.

Ermənistandan fərqli olaraq Qazaxıstan Rusiyadan asılı deyil. Tam əksinə, Astana son aylar ABŞ-la əməkdaşlığı genişləndirib. Astana Kremlin təzyiqləri qarşısında Amerikanın laboratoriyalarından imtina etməz”.     /Cebhe.info/