Narkomanlığa və narkotik maddələrə qarşı mübarizənin liberallaşdırılması – narkomaniyanın yayılmasının qarşısını almaqda effektiv vasitədir

Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi narkomanlığa və narkotik maddələrə qarşı mübarizə hər bir Azərbaycan vətəndaşının vəzifəsidir. Bu bəlanın həllinə yönəlmiş ardıcıl və məqsədyönlü dövlət siyasətinə baxmayaraq, ölkəmizdə bu problem hələ də aktual xarakter daşıyır və təəssüflər olsun ki, son illər ərzində narkotiklərdən istifadəyə meyllilik artmağa davam edir və bu özünü gənclər və yeniyetmələr arasında daha qabarıq göstərir. Bu hal narkomaniyaya qarşı mübarizədə yeni, daha düzgün və hərtərəfli siyasətin tətbiq edilməsinə labüdlük yaradır. Narkotiklərlə bağlı həyata keçirilən siyasətin liberallaşdırılması və narkotik vasitələrdən istifadənin dekriminallaşdırılması müasir tələblərə cavab verən effektiv mübarizə yollarından biridir. Dünya ölkələri arasında narkomanlığa və narkotik maddələrə qarşı mübarizə iki əsas siyasətlə həyata keçirilir: konservativ və liberal. Konservativ siyasət daha çox cəzalandırıcı yanaşmanı ehtiva edərək, narkotik maddə istifadəçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini və cəza üsulları ilə narkomaniyanın qarşısını almağı nəzərdə tutur. Liberal siyasət isə ilk olaraq narkoistifadəçilərin xəstə kimi qəbul olunmasını, sosial məsuliyyət vasitələri ilə inzibati cəza növlərini və dekriminallaşdırılmasını nəzərdə tutur. Hal-hazırda müasir dünyamızın bir çox inkişaf etmiş ölkələri habelə beynəlxalq təşkilatlar tərəfindən, liberal siyasətin tətbiq olunması dəstəklənir və narkotizmlə mübarizədə effektiv vasitələrdən biri kimi təşviq olunur. Cari ilin iyul ayında elan olunmuş, birgə bəyanatda da, BMT və Ümumdünya Səhiyyə Təşkilatı üzv dövlətləri narkotiklərdən istifadəni dekriminallaşdırmağa və bu mübarizədə liberal siyasət yolunu seçməyə çağırdı. Eyni zamanda, BMT-nin Baş Katibi Antonio Quterreş 26 İyun Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar çıxışında, üzv ölkələri narkotik istifadəçilərinin cəza yerinə reabilitasiya olunmaları üçün şərait yaratmağa çağıraraq, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunması yolunda “Heç bir kəsi arxada buraxma” devizinə riayət etməyə çağırıb. Yuxarda qeyd edildiyi kimi, müasir Azərbaycanda narkomanlığa və narkotik maddələrə qarşı mübarizə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli siyasətə arxalanır. Azərbaycan Respublikasının ərazisində narkomaniyaya qarşı mübarizə başlıca olaraq konservativ siyasət yolu ilə həyata keçirilir və “Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi Haqqında” Azərbaycan Respublikasının Qanunun bazasında tənzimlənir. 28 iyun 2005-ci ildə qəbul edilmiş bu Qanun, 8 iyun 1999-cu ildə qəbul edilmiş “Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Qanunsuz Dövriyyəsi ilə Mübarizə Haqqında” Qanunun təkmilləşdirilmiş, insan hüquq və azadlıqları nəzərə tutan bir sıra maddələrlə dəyişdirilmiş, dövlətin tətbiq etdiyi siyasətin əsas Qanun sənədidir. 6 fəsil, 33 maddədən ibarət “Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Dövriyyəsi Haqqında” Azərbaycan Respublikasının Qanunu narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yalnız qeyri-qanuni dövriyyəsi ilə bağlı məsələləri yox, ümumilikdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı yaranan bütün ictimai münasibətləri tənzimləyir, həmçinin fiziki, hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı habelə 2013-cü il 24 iyun tarixli 2966 Sərəncam ilə təsdiq edilmiş “Narkotik Vasitələrin, Psixotrop Maddələrin və Onların Prekursorlarının Qanunsuz Dövriyyəsinə və Narkomanlığa Qarşı Mübarizəyə Dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” hal-hazırda bu mübarizədə milli siyasəti uyğunlaşdıran əsas sənəddir. Narkomaniyanın yayılmasına qarşı mübarizədə Azərbaycan Respublikasının höküməti tərəfindən yürüdülən davamlı siyasət nəticəsində əldə olunmuş ciddi nəticələrə baxmayaraq, ölkəmizdə narkotik vasitələrdən istifadəyə meylliliyin artımı müşahidə olunur. 2016-cı ildə qeyri-qanuni dövriyyədən 2 ton 150 kq narkotik vasitə çıxardılaraq məhv edilib (2012-2015-ci illər ərzində hər il üzrə bu göstəricinin ortalaması təxminən 1 ton 250 kq ətrafında olub). Ölkədə narkoistifadəçilərinin ümümi sayı 2016-cı ildə 29.448 nəfər təşkil edirdi ki bununda 2.142 nəfəri məhz 2016-cı ildə qeydiyyata alınmışlardır. Bundan ziyadə, 2016-cı ildə 3.411 cinayət faktı qeydiyyata alınmışdır ki, bu da 2015-ci illə müqayisədə 224 fakt çoxdur. Şəxsi istifadə və saxlanma ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmuş insanlarında statistik göstəricilərində artım müşahidə olunmuşdur (narkotik maddələrin istifadəsi və saxlanılması ilə bağlı 2016-cı ildə 200-ə yaxın cinayət aktı keçən illə müqayisədə artıq olmuşdur). Yaş qrupu üzrə 15-17 yaş arasında olan şəxslərin sayı keçən illə nisbətdə 17 faiz artmışdır. Vəziyyətin belə olması Azərbaycanda narkomaniyaya qarşı mübarizədə konservativ siyasətin liberal siyasət ilə əvəz edilməsini aktual edir. Narkotiklərlə mübarizə siyasətinin liberallaşdırılması və narkotiklərlə istifadənin dekriminallaşdırılması dövlətimiz və cəmiyyətimiz üçün bir çox faydalı nəticələrə gətirə bilər. Bu faydalar arasında cinayət məsulliyyətinə cəlb olunaraq həbsə düşmüş insanların sayının azalmasını, maddi resursların cinayət-ədalət sistemindən səhiyyə sisteminə yönəldilməsini, insanları, məhkumluq həyatının ağır nəticələrindən qorunmasını, narkotik istifadəçilərinin cəmiyyətdən təcrid olunmasının minimuma endirilməsini və onların QİÇS kimi xəstəliklərdən sağalmaq üçün müalicə almaqlarına daha az qorxduqları bir mühitin yaradılmasını, dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsini sadalamaq olar. Narkomaniyaya qarşı mübarizədə konservativ siyasəti liberal siyasət ilə əvəz edən ən uğurlu ölkələrdən biri isə Portuqaliyadır. 2001-ci ildə narkotiklərdən istifadəni dekriminallaşdıran Portuqaliya höküməti, narkotik vasitələrdən istifadə edən insanların cəzalarını islah-əmək müəssələrinin əvəzinə, reabilitasiya mərkəzlərində həyata keçirməyə başladı. Bu liberal siyasətin tətbiqindən keçən 16 illik müddət ərzində, Portuqaliyada narkotik maddələrin istifadəsində böyük artım müşahidə olunmayıb. Eyni zamanda, ölkədə gənclər və yeniyetmələr arasında narkotikdən istifadə hallarının, narkotik maddə saxlamaq ucbatından həbs olunan insanların sayının, QİÇS xəstəliyinə düçar olmuş insanların sayının azalması və müalicə görən insanların sayında əhəmiyyətli bir artımın olması müşahidə olunur. Son illər ərzində, əsasən də 2017-ci ildə Azərbaycan Respublikasında Prezident İlham Əliyevin bilavasitə diqqəti nəticəsində məhkəmə-hüquq sisteminin müasirləşləşdirilməsi üzrə müntəzəm tədbirlər görülür. Xüsusən də, Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə yönələn digər bir mühüm addım isə Prezident İlham Əliyev 7 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanununun tətbiqi barədə Fərmanı qeyd etmək olar. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun dediyi kimi aparılan islahatların əsas məqsədləri ölkədə cinayət-hüquq siyasətinin liberallaşdırılmasını, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlətə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasını, cinayətlərin dekriminallaşdırılmasını, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasını və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin etməkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yeni qurumu olan Probasiya xidməti yaradılması habelə elektron qolbaqlar və digər müasir texnoloji vasitələrdən ibarət olan monitorinq sisteminin tətbiqi narkomaniyaya qarşı mübarizədədə liberal yanaşmanın tərkib hissələrindəndir.

Məzahir Əfəndiyev.

Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri