Xalq Cümhuriyyətinin 100 illiyi Astanada qeyd olunacaq – Beynəlxalq Türk Akademiyasından QƏRAR

Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən ənənəvi təşkil olunan III “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunacaq.
Turkustan.info xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülən “Gələcəyə doğru: Mənəvi yenilənmə” proqramı və Astananın paytaxt elan olunmasının 20 illiyinə ithaf edilən Forumun açılış mərasimində Qazaxıstan Respublikasının Dövlət katibi Gülşara Abdıkalıkova, BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı Elm Fondu (ECOSF) Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) və Türkdilli Dövlətlərin Parlament Assambleyası (TürkPA) kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətliləri iştirak edəcək. Bununla yanaşı, Foruma diplomatlar, dövlət və ictimai xadimlər, nüfuzlu araşdırma mərkəzlərinin rəhbərləri, aparıcı elm xadimləri və tədqiqatçılar qatılacaq.
Beynəlxalq Forumda Almaniya, Azərbaycan, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və digər ölkələrdən təxminən 250 alim, tədqiqatçı və mütəxəssis, 6 fərqli paneldə aktual mövzularda məruzələr edib və fikir mübadiləsi aparacaqlar.
III Beynəlxalq Humanitar Forumun “Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri” adlı paneli bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr ediləcək. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı rol barədə müzakirələr aparacaqlar.
Forumda Astananın Qazaxıstanın paytaxtı elan olunmasının 20-ci ildönümünə həsr olunmuş “Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti”; Türk dünyasının böyük şəxsiyyətləri Mağjan Jumabayevin 125, və Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə “Türk ədəbi əlaqələri: Ənənə və müasirlik”; büyük türkoloq V.Radlovun vəfatının 100, tanınmış elm xadimi V.Tomsenin Türk yazısını oxumasının 125 illiyinə həsr olunmuş “Türkologiyanın yeni imkanları” və “Böyük Çölün mənəvi oyanışı”, “İnteqrasiyanın emi aspektləri: istiqamətləri və gələcəyi”, habelə, “Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri” adlı altı paneldə Türk dünyasında elmin inkişafı, Avrasiya bölgəsində elmi inteqrasiya, şəhər mədəniyyəti, tükologiya, türk ədəbiyyatında ənənə və müasirlik, türk dövlətçilik ənənəsinin xüsusiyyətləri kimi məsələlər gündəmdə olacaq.
Həmçinin, Forum çərçivəsində TWESCO tərəfindən son illər nəşr olunan kitabların sərgisi təşkil ediləcək.
Beynəlxalq Türk Akademiyası cari ilin aprel ayında UNESCO-nun Parisdəki mənzil-qərargahında təşkil etdiyi beynəlxalq forum çərçivəsində də AXC-nin 100 illiyinə ayrıca panel həsr etmiş və forum iştirakçıları Cümhuriyyətin qurucularından olan Ə.Topçubaşovun məzarını ziyarət etmişdilər.