Nikol Sərkisyanla ittifaq qurdu – İrəvan hərb yolunu seçir

Ermənistan hərbi ssenariyə hazırlaşır və buna əsas imkan kimi baxır. Yəni danışıqlar prosesi Ermənistan üçün ikinci plandadır.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu, Paşinyanın Dağlıq Qarabağa artıq ikinci səfəridir:

“Paşinyan bu səfəri ilə yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Paşinyanın bu addımları açıq-aşkar təxribatdır. Danışıqlar prosesinin indi növbəti mərhələsi hazırlanır. Paşinyanın bu hərəkətləri buna böyük əngəllər yaradır. Bundan əvvəl Ermənistan Prezidenti Armen Sərkisyan da bölgəyə səfər etmişdi. Paşinyan və Sərkisyanın bölgəyə bir-birinin ardınca səfər etməsi onların birgə işləməyə başladığını göstərir”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ qondarma rejimi əvvəllər Qarabağ klanı tərəfindən idarə olunurdu: “Bu klan həm Ermənistanda, həm də qondarma rejimdə təmsil olunurdu. İndi vəziyyət tam fərqlidir. Hazırda Dağlıq Qarabağ erməniləri ilə Ermənistandakı mövcud hakimiyyət arasında müəyyən ziddiyyətlər var. Bu ziddiyyətlər getdikcə artır. Səfərlərin bu cür ardıcıllığı göstərir ki, separatçı hakimiyyət Ermənistan rəhbərliyindən narazıdır. Onları razı salmaq, İrəvandakı hakimiyyət və qondarma rejimlə ermənilər arasında mümkün münaqişənin qarşısını almaq üçün bu bölgəyə səfərlərin sayı durmadan artır”.

Politoloq Paşinyan və Sərkisyan arasında yaranmağa başlayan işbirliyinə də münasibət bildirib:

“Armen Sərkisyan prezident seçiləndə demək olar ki, bütün siyasi qrupların rəğbətini qazanmışdı. Çünki o, daxili siyasi işlərə çox qatılmayan siyasətçi idi. Eyni zamanda Armen Sərkisyanın Qərblə də münasibətləri çox yaxşı idi. Fəal olaraq, Qərblə Ermənistan arasında münasibətlərin qurulmasında iştirak edirdi. Sərkisyan, şərti olaraq, Qərbdə yaşayan ermənilərin təmsilçisi funksiyasını da yerinə yetirir. Biz bilirik ki, Paşinyan qərbyönümlü siyasətçidir. Sərkisyanın da Qərbdə yaxşı dayaqları var. Ona görə də Armen Sərkisyanın prezident olması Paşinyana əl verir ki, öz siyasətini həyata keçirsin”.

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.   (axar)